İsgəndər Pala: “Leyli ilə Məcnun” bu gün bizi dünyada ifadə edə biləcək çox önəmli sənət əsərlərindən biridir”
   
   Türkiyənin tanınmış yazıçısı İsgəndər Pala bu günlərdə paytaxtımızın qonağı oldu. Məlumat üçün bildirək ki, yazıçı İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Elmlər doktoru, professordur. Bir çox nüfuzlu mükafatların sahibidir. Dahi Füzulinin «Leyli və Məcnun» poemasının motivləri əsasında qələmə aldığı “Babildə ölüm, İstanbulda eşq”, Osmanlı tarixinin “Lalə dövrü” hadisələrinin qələmə alındığı detektiv «Qətreyi-matəm», Şah İsmayıl və Sultan Səlim haqında “Şah və Sultan”, Yunis Əmrənin həyatı və sufi fəlsəfəsinə həsr edilən “Od” kimi bir-birindən maraqlı romanları işıq üzü görüb. Bədii əsərlərlə yanaşı, türk divan (klassik) ədəbiyyatına dair dəyərli ensiklopedik lüğətlər, müntəxəbat və antologiyalar, dərslik və dərs vəsaitlərinin müəllifidir.
   
   
   Yazıçı qəzetimizə müsahibəsində Bakıda keçirdiyi görüşlərin təəssüratını bölüşməklə yanaşı, bir neçə sualımızı da cavablandırdı.
   
   - Azərbaycanda könül dostlarımın olduğunu, burada iki əsərimin - «Şah və Sultan», «Od» romanlarımın geniş oxucu kütləsi qazandığını öyrənməkdən şad və bəxtiyaram və bu hislərlə aranızdayam. Bakı daha öncə mənim bildiyim Bakı olmaqdan çoxdan çıxmış, gülümsəyən, gözəl və həyəcanlı bir şəhər olub. İlk dəfə burada 8 il öncə olmuşam. Əvvəllər bu şəhəri nisbətən yavaş inkişaf edən görmüşdüm. Amma səkkiz ildən sonra Bakını tamamilə fərqli gördüm. Şəhərinizdə çoxlu gözəl tikililər, ürəkaçan yeniliklər var. Bunları görməkdən çox bəxtiyar oldum. Təəssüratım zəngindir. Azərbaycanın gələcəyinə ümidlərim də çox yüksəkdir.
   - Yazdığınız romanlar gerçəkliyə, həqiqi faktlara əsaslanır, yoxsa bir yazıçı fantaziyasına?
   - Mən bir roman yazarıyam. Yazdıqlarım bir millət, iki dövlət olmaq baxımından da Azərbaycan ilə Türkiyənin ortaq xüsusiyyətlərinin, incə məqamların, könül titrəyişlərinin və bir az da uzaq hafizələrimizdə unudub buraxdığımız gözəlliklərin yenidən xatırlanması anlamına gəlir. Yazdığım bütün kitablarda keçmişimizdəki gözəlliklərdən nə qədərini alıb gələcəyə yürüşümüzdə onları necə istifadə edə bilirik, bu barədə fikirlərimi qələmə alıram. Keçmişimizdəki bir sıra dəyərlərimizi bu gün mədəniyyətlər savaşının yaşandığı, mədəniyyətlərarası çatışmaların olduğu dünyada kimliyimizin rəngləri arasına necə isindirə bilirəm və onunla gənclərimiz gələcəyə gedərkən özlərinə güvənən, çiyinləri dik, başları daim öndə olaraq necə yeriyə bilirlər - bu barədə düşünürəm. Romanlarımda yaratdığım qəhrəmanlar, yaxud da hadisələr bizim millət olma bilgimiz adına, unutduğumuz, amma unutmamağımız gərəkən mövzulardır. Bu baxımdan Türkiyədəki oxucu ilə Azərbaycandakı oxucumu əsla bir-birindən ayırmıram. Çünki eyni xüsusiyyətlər, eyni ürək çarpışması ilə qəlblərimizin eyni dərəcədə hissiyyatına tərcüman olmasını istəyirəm.
   - İsgəndər bəy, siz «Leyli və Məcnun» mövzusuna başqa bir fəlsəfi aspektdən yanaşmısınız. Bununla bağlı nə deyə bilərsiniz?
   - Ümumiyyətlə, klassik ədəbiyyatı öyrənmək istəsəniz, Nizami, Nəsimi, Füzuli ortaq düşüncələrimizi dinləndirən müstəsna insanlardır. Onları akademik aspektdən bir kənara qoyub, mədəni tərəfə yönəldikdə həyatlarından romanlar çıxa bilər. Onların hekayələrinin də uşaqlar tərəfindən tam bilinməsi lazımdır. Bu dahilərin sözlərinin içərisindən özümüzə dünyalar qura bilərik. Fərqli pəncərələr açaraq daha böyük bir kimliyimizi, fərqinə vara bilmədiyimiz nə qədər xəzinələrə sahib olduğumuzu anlamalı və yaşadığımız həyatı zənginləşdirərək gələcəyə doğru addım atmalıyıq. Bunların hamısını çözdükdə Nizami, Nəsimi, Füzuli yaradıcılığı meydana gəlir.
   «Leyli və Məcnun»a gəlincə, mən Füzulinin bu məşhur əsəri üzərinə bir kitab yazdım. Onu türk gənclərinə anlada bilmək istədim. Çünki bu gün «eşq» deyən zaman insanlar daha çox bu mövzuda qəzet və jurnallarda yer alan xəbərlər və ya bir futbolçu ilə müğənninin arasındakı könül ilişkisindən bəhs edirlər. Füzulinin eşqi bu qədər bəsit deyil. Bunu da gənclərin bilməsi lazım. Eşqin başlanğıcı görmə, sonucu baxmadır. İnsan öncə görür, sonra qəlb o görüşü gözlədikcə, göz baxmaq istər. Baxmaqla görmək arasında həsrət, diqqət, göz yaşı var. Eşqin «baxma»dan sonrakı dayanacağı «tapma», yəni sevənin sevilənə qul olmasıdır.
   Əgər doğrusunu bilmək istəsəniz, “Leyli ilə Məcnun” bu gün bizi dünyada ifadə edə biləcək çox önəmli sənət əsərlərindən biridir. Sadəcə Nizaminin və yaxud da Füzulinin bir əsəri olaraq deyil, opera, musiqi, yaxud səhnə sənətlərinin hər hansı bir növü ilə dünyada tanınmaq baxımından bizə fürsətlər verən bir əsərdir. “Leyli ilə Məcnun”u unudan gənclərimiz yenidən «eşq» kəlməsinin içərisini zərif bir anlam ilə doldura bilir. Yuxarıda qeyd etdiyim kimi, məsələn, bir manekenlə, fotomodellə idmançının arasında keçən macərasını eşq zənn edirlər. Amma “Leyli və Məcnun”u həqiqi mənası ilə oxusaydıq, eşqin bir həyat neməti olduğunu, həyatın hər addımında bizi müşayiət etdiyini, həyatımızı mənalandırdığını öyrənərdik.
   - Əsərləriniz arasında tarixi mövzuları əhatə edən romanlar da var. Nə üçün tarixi mövzulara daha çox müraciət edirsiniz?
   - Bizim keçmişimizdən bu günə çatdırmağımız vacib olan bir çox məqamlar var. Yəni bu gün məktəblərimizdə oxudulmayan, amma oxudulması çox lüzumlu olan mövzuları əyləncə çağında yaşayan gənclər, təəssüf ki, öyrənə bilmirlər. Oxumaq, öyrənmək çox önəmlidir. Lakin biz çox vaxt əylənməyi ön plana çıxarırıq. Tarix milli kimliyin bir parçasıdır. Tarix bu gün sadəcə Azərbaycanda və ya Türkiyədə önəmli deyil. Dünyanın hər bir ölkəsi öz tarixinə və keçmişinə dönüb baxmaqdadır. Biz öz tariximizi və keçmişimizi mütləq mənada yaxşı bilməliyik. O üzdən tarixi mövzulara daha çox müraciət edirəm. Mən yetmişdən çox kitab yazmışam və onların da iyirmiyə qədəri maarifləndirici, öyrədici kitablardır. Amma gördüm ki, inkişaf etməkdə olan ölkələrdə elm, maarif mədəni həyatdan sonra gəlir. İnsanlar birinci mədəni əlaqələrə sahib olmaq istəyirlər, sonra isə əgər ordan elmə bir qapı tapsalar, biliyə sahib olmaq istəyirlər. Xüsusilə də son illərdə insanlar daha çox əyləncəyə pul sərf edirlər. Hər hansı bilgiyə sahib olmaq üçün zaman da xərcləmək istəmirlər. Mənim isə ədəbiyyat adamı olaraq işim insanları əyləndirmək, eyni zamanda fərqində olmadan belə nələrisə öyrətməkdən ibarətdir.
   Yazdığım romanlar bir növ dərs kitabları kimidir və insanlar da istədikləri əyləncənin, həyəcanın içində yüklənməsinlər deyə, ayrı məqamları da düşünürəm. Amma mənim romanlarımı oxuyan gənclər ordan nələrisə öyrənə biləcəklərini də bilirlər. Heç olmasa, eşqin dərinliklərini. Tarixi roman yazmaq və tarixi öyrətmək isə çox asandır. Türkiyədə tarixi romanlarım üç yüz min tirajla çıxır. O kitabları oxuyan və tarixi öyrənən insanlar bunlarla yanaşı, bir macəranı da oxuyurlar.
   - Yeri gəlmişkən, sizin tarixi əsərlərinizdən biri olan «Şah və Sultan» Azərbaycanda böyük rezonans doğurdu. Çünki qardaş ölkə yazarının Azərbaycanın tarixinə qarşı bu cür münasibəti birmənalı qarşılanmadı. Əsərdə Səfəvi hökmdarı Şah İsmayılın az qala mənfi obraz kimi verilməsi nə ilə bağlı idi?
   - Mən Sultan Səlim Yavuz və Şah İsmayıl dövrünə dönüb baxdım, tarixlə üzləşdim. İkisini də anladım və anladıqdan sonra tarixin içərisində mənə görə olan gerçəkləri yazdım. Biz sadəcə söyləmələrlə bir insana sahib çıxa bilmərik və çıxmamalıyıq. Onun keçmişindən etibarən problemlərimizin başladığı düyümlərə çözüm gətirmədən tarixə baxa bilmərik. Çünki Çaldıran döyüşündə iki qardaş bir-birini vurmuşdu. O zaman siz də onu içinizdən atacaqsınız, biz də atacağıq. Siz Sultan Səlim Yavuza və biz isə Şah İsmayıla düşmən olmağı buraxacağıq.
   - Maraqlıdır, öz həyatınızdan bəhs edən əsər yazdınızmı?
   - Daha öncə mən Türkiyə ordusunda zabit kimi xidmət edirdim. O zamankı xatirələrimi yazdım. Hərbdən 1997-ci ildə ayrıldım. Və artıq on beş ildir ki, universitet müəllimiyəm. Bu baxımdan xatirələrimlə bağlı yazdığım əsər çox oxundu. Çünki çox səmimi yazmışdım. Ümumiyyətlə, mənim bütün kitablarım çox səmimidir. İçimdən keçənləri yazıram. Kitabla demək istədim ki, qarşılaşdığım hadisələr bunlardır, hər kəs bunları görməli və bilməlidir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar