Aydın Talıbzadə: “Dünya teatr prosesinə qoşulmaq dünya teatr düşüncəsinə qoşulmaq deməkdir”
Son illər ölkəmizdə keçirilən beynəlxalq teatr tədbirləri sənət ocaqlarımız, incəsənət ustalarımızla yanaşı, teatrşünaslıq, bu sahədə çalışan mütəxəssislər üçün də əlamətdar hadisədir. Bu günlərdə (5-6 noyabr) gerçəkləşmiş II Bakı Beynəlxalq Teatr Konfransının nəticələri barədə teatrşünas Aydın Talıbzadə ilə söhbət etdik.
- Aydın müəllim, II Bakı Beynəlxalq Teatr Konfransı hansı hədəfləri götürmüşdü və buna nə qədər nail oldu?
- Dünya teatr şəbəkəsilə əlaqələri intensivləşdirmək, müasir teatrın problemlərini bəşəri miqyasda konkretləşdirmək, çözümünə səy göstərmək, özümüzün və onların teatr sənətinə münasibətini aydınlaşdırmaq, nələrisə anlamaq, öyrənmək, mənimsəmək, çağdaş toplumda teatrın yerini və missiyasını, onun insanlara lazımlılıq həddini müəyyənləşdirməyə çalışmaq. Amma bir konfransdan bütün bunların gerçəkləşməsini ummaq nə qədər caizdir? Biz bu konfransda yana doğru bir addım atdıq, dünya çapında özünə yer bula biləcək bir konfrans keçirmək ənənəsini təsbit etdik. Başlıca uğur bilirsiniz nədir? Bəzi çox mühüm düşüncələr, fikirlər hər halda Azərbaycan teatr məkanına yayıldı: müxtəlif natiqlərin çıxışlarında yetərincə maraqlı məqamlar vardı. Bunu görmək üçün konfransa göndərilmiş məruzələrin dərc edildiyi topluya baxmaq kifayətdir.
- Səslənən çıxışlardan, etdiyiniz söhbətlərdən hansı qənaətə gəldiniz? Dünyada teatrın prioritet məsələ və problemləri nələrdir?
- Mən anladım ki, bu dəqiqə dünyanın hər yerində teatr sənətilə bağlı problemlər yaşanır. Anladım ki, bir çox ölkələrdə teatr və tamaşaçı arasında uçurum var. Bu məsələni həll etməkdən ötrü hərə özünə görə, öz mədəniyyətinə görə, öz ölkəsinin ənənələrinə görə müəyyən eksperimentlərdə bulunur. Lakin mən anlamadım ki, müasir teatr sənəti üçün önəmli olan tendensiyalar, bədii-estetik üstünlüklər hansılardır və bunlardan konfransda söhbət açılmadı. Görünür, teatrın toplumda fiziki mövcudluğunun özü son dərəcə problemli məsələdir və hamının fikri, əsasən, məhz bu istiqamətdə işləyir, hamı maddi yardım sorağında xahişlə əllərini dövlətə sarı uzadır. Odur ki, Azərbaycan bir çoxlarına, vallah, cənnət kimi görünür.
- Bugünkü dünyada - informasiyanın insanı nevrotik zavallıya çevirdiyi bir vaxtda teatr hansı yerdədir, nə kimi yükü var?
- “Biz danışmalıyıq. Mütləq danışmalıyıq. Danışmasaq, ürəyimiz partlayar”...
- Hə, bu tamaşalardan birində səslənən fikir idi...
- Elədir. Bilirsiniz, şou-biznes kütləyə səslənir, tamaşa isə konkret insana. Teatr öz müasirinin dilində danışmalıdır, köhnə, bəlli həqiqətləri təkrarlamamalıdır, yeni olmalıdır və dünyanı öz seyrçisi üçün yenidən kəşf etməlidir. Bu kəşf yoxdursa, seyrçi darıxmaq əvəzinə şouya “uymağa” üstünlük verir.
- Beynəlxalq teatr tədbirlərində, festivallarda iştirak edirsiniz. Sizcə, Azərbaycan teatrı nə dərəcədə dünya teatr prosesinə qoşulur?
- Dünya içində olmaq, dünya ilə bir olmaq çox mühüm və vacib məqamdır. Dünya teatr prosesinə qoşulmaq dünya teatr düşüncəsinə qoşulmaq deməkdir. Hətta bizim Bakı Beynəlxalq Teatr Konfransı dünya teatrının yalnız müəyyən fraqmentlərindən yığılmış bir mozaikadır. Biz artıq dünya teatr prosesinə qatılmışıq: haradan, hansı institutdan, hansı assosiasiyadan desən, xəbərimiz var, müxtəlif ölkələrin teatrları ilə işbirliyimiz var. Ancaq bütün bunları özümsəmək üçün vaxt, həvəs, peşəkarlıq, çeviklik lazımdır.
- Teatrşünaslıq üçün konfransın əhəmiyyəti nə oldu?
- Bu konfrans Azərbaycan teatrşünaslığı üçün, ilk növbədə, özünü tanımaq imkanı idi.
- Nə yazırsınız, nə kimi yaradıcılıq planlarınız var? Sizi maraqlandıran mövzular hansılardır?
- Köşə yazıları yazıram, hələlik çox böyük ləzzətlə. Mən planlarımdan danışıb Allahı güldürmək istəmirəm. Nə olacaqsa, o da olacaq. Nə yazılırsa, onu da yazacağam. Fikirlər çoxdur: amma “fələk” deyilən bir nəsnə də böyrümüzdədir. Əvvəlcə poeziya, sonra poetika. Əvvəlcə teatr, sonra teatrşünaslıq. Bizdə indi teatrşünaslıq teatrdan öndə gedir: bax, bu barədə də düşünməyinə dəyər.
Aliyə