“Bu söz orta əsrlərdə soydaşlarımızın musiqi təfəkküründə “ulu səs” anlamında meydana gəlib”

Müsahibimiz Türkiyənin Batman şəhərində yaşayan soydaşımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Seyran Qafarzadədir.

- Seyran müəllim, nə vaxtdan Türkiyədə çalışırsınız?
- Türkiyəyə 1999-cu ilin sentyabrında getmişəm. 2000-ci ildə Afyonkarahisar şəhərində yeni açılan konservatoriyadan mənə müəllimlik təklifi gəldi. 2010-cu ilədək Afyon Kocatəpə Universitetinin konservatoriyasında çalışdım. 2010-2013-cü illərdə Bakı Musiqi Akademiyasında musiqi tarixi kafedrasının baş müəllimi olmuşam. 2013-cü ilin fevralından Türkiyənin Batman şəhərində yeni açılan universitetdə müxtəlif musiqi fənlərindən dərs deyirəm.
- Bildiyimizə görə, Türkiyədə çoxlu azərbaycanlı musiqiçilər işləyirlər...
- Türkiyənin şəhərlərində musiqiçilərimiz var, lakin onların çoxu ifaçılardır. İstanbul, Ankara, İzmir, Əskişəhər, Konya, Qars şəhərlərində musiqişünas müəllim və alimlərimiz bu ölkənin tədris sisteminə öz töhfələrini verirlər.
- Araşdırmalarınızda ney alətinin Azərbaycan-türk kökənli olduğunu əsaslandırırsınız.
- “Azərbaycan Sovet Ensiklopediyası”nda ney ərəb və fars musiqi aləti kimi göstərilir. Mən isə neyin türk kökənli alət olduğunu sübut edirəm. Bunun izlərini şumerlərdə axtarıram. “Ney” sözü “nay”dan törəyib. Türk xalqlarında “nay/naay” sözü nəfəsli alətləri tanıdan bir sözdür. Məsələn: zurna/zurnay, surnay, karnay/karanay, marnay və s.
“Nay” anlayışı beynəlxalq təsnifat sistemində fleyta tipli alətlərə aid edilir. Bu tipli alətlərdə səs fit vasitəsilə yaranır. Bir çox nəfəsli alətlər var ki, onların səsləri titrəşən qamışla çıxır (zurna, qaboy).
- Tarixən dilimizə yabançı sözlər gəldiyi kimi, musiqimizə də müxtəlif alətlər gəlib. Onlardan zövqümüzü dəyişənlər də var, zövqümüzə uyğunlaşanlar da...
- Musiqi aləti əslində toplumun intonasiya səciyyəsini, düşüncəsini ifadə edən bir modeldir. Məsələn, elektron piano Qərb mədəniyyətinin, texnologiyasının ərsəyə gətirdiyi bir alətidir. Musiqişünaslıq elmində sübuta yetirilən bir fakt var: hər bir toplumun özünəməxsus tembr anlayışı mövcuddur. Məsələn, zurna çalınan zaman azərbaycanlıların qanı qaynayır. Katolik və protestant avropalı insan isə orqan musiqisindən ilahi bir zövq alır. Çində insanları ruhi hüzura sövq edən vurmalı alət tipləri sevilir.
Bəs necə oldu ki, məsələn, klarnet bizim alətimizə çevrildi? Çünki klarnetin səs tembri əslində zurna-balaban səsini təcəssüm etdirir. Yəni klarnet zurna-balabanı yamsılayır. Bu mənada qıraqdan gələn musiqi alətləri milli özünəməxsusluğa uyğunlaşdırılır.
- Çox zaman bəzi musiqi alətlərimizin adı və özü mübahisə mövzusuna çevrilir...
- Alətlərin adlanmasında iki mərhələ var: birinci mərhələdə alət çıxardığı səsə uyğun adlandırılır. Məsələn, dum+bul, düm+bələk. Bu adlarda müəyyən mənada zərbə, vuruş səsi əks olunub. Yaxud düdük, dudka, truba - burada səs uzanması var. Eləcə də tar, lira, skripka - burada isə sürtmə, titrəşmə var.
Elə alətlər var ki, onların adlanması bəşəridir. Məsələn, “düdük” sözü bizdə “tütək”, ruslarda “dudka”, çinlilərdə “di” olaraq deyilir. “Balaban” adının meydana gəlməsi mədəniyyətlə və milli şüurumuzun inkişafı ilə bağlıdır. Balaban Azərbaycan türklərində müqəddəs bir anlam daşıyır və qədim tanrıçılıq görüşlərini əks etdirir. Əski çağlarda balaban “düdük” adlandırılıb. “Balaban” adının yaranması islamdan sonrakı hadisədir. Fikrimcə, Quzey Azərbaycanda “balaban” adı düdüyə verilmiş ikinci, müqəddəs bir addır. Türkiyənin şərqində, Gürcüstanda, İranda və Quzey Azərbaycanda eyni tipli bir alətin müxtəlif adlanma biçimləri bu fikri müəyyən mənada doğrulayır.
“Balaban” sözü səs yamsılanması deyil. Sözü yanlış olaraq “bala - kiçik səs” kimi izah edirlər. Əslində o, “böyük səs”dir. “Bala” fars dilində “böyük” deməkdir. Balaban orta əsrlərdə soydaşlarımızın musiqi təfəkküründə “ulu səs” anlamında meydana gəlib.
- Bədnam qonşularımız “düdük” sözünün və alətinin (bizim balabanın) onlara məxsus olduğunu söyləyirlər...
- “Düdük” səsin əks-sədası ilə ərsəyə gələn bir sözdür, səs yamsılanmasıdır.
Düşünürəm ki, islamiyyətin sonrakı dövrlərində türklərin düşüncəsində “düdük” sözü ikinci plana keçir. Bunun səbəbi türkdilli xalqların təfəkkür dəyişməsi və musiqi şüurunun inkişafı ilə bağlıdır. Artıq bu mərhələdə nəfəsli alətlər yox, mizrablı və kamanlı alətlər dəbə minir. Tar, türk tamburu, ud, kamança ilə məclis musiqisi inkişaf edir. Bu prosesdə bizim nəfəsli alətlərimiz qonşu xalqlar tərəfindən solo və ansambl çalğı alətləri kimi mənimsənilir.
“Düdük” sözünün yabançı nəfəsli alətlərə deyilməsini sübuta yetirən bir başqa faktı məşhur türk səyyahı Övliya Çələbi (1611-1682) “Səyahətnamə” əsərində göstərir. O, nəfəsli alətlərimizi zurna, ney, qaval, balaban, qarnay olaraq vurğulayır. Özgə alətləri isə ərəbi düdük, macar düdüyü, mız-mız düdüyü, qaba düdük kimi qeyd edir.
- Niyə yalnız Azərbaycanda dəfə qaval deyilir?
- Türkiyədə qaval/kaval nəfəsli, Azərbaycan da isə zərb alətidir. Türkiyədə neyin, daha doğrusu, düdüyün inkişaf etmiş örnəyinə həm “ney”, həm də “qaval/kaval” deyirlər. Ney ifaçısı peşəkar musiqiçiləri, qaval/kaval isə peşəkar olmayan, xalq musiqiçilərini təmsil edir. Neyin sabitləşən 6 (üst) +1 (alt) dəlik - pərdəsi var, qavalın isə dəyişən 6-8 dəliyi olur. Deyirlər ki, “qaval” sözü “qav”dan törəyib, “içi boş” anlamını bildirir. Daha inandırıcı fikir budur ki, “qaval” sözü ərəbcə “qavvaş” sözündən törəyib “istiqamət”, “yön verən” deməkdir. Bu baxımdan Türkiyədəki kaval çobanın qoyun sürüsünə yön verən kommunikativ vasitə kimi izah olunur. Azərbaycanda isə qaval xanəndənin əlində şaman izlərini daşıyan, muğam - məclis musiqisində ümumi nəbzi qoruyan, istiqamət verən zərb çalğı alətidir. Qobustanda məşhur Qavaldaş adının meydana gəlməsi də onun qədim mərasimlərdəki “yönləndirici”liyi ilə bağlıdır. “Qaval” sözünün çoxanlamlı xüsusiyyəti geniş arealda müşahidə edilir. Vaxtilə Osmanlı asılılığında olan xalqlarda qaval nəfəsli musiqi aləti mənasında işlədilir.

S.Soltanlı