“Düşünürəm ki, Azərbaycanda dövlətin kinoya dəstəyi onu dünya səviyyəsində tanıtmağa imkan yaradacaq”
Əslən Bakıdan olan Rusiyanın tanınmış prodüseri və rejissoru Sergey Bağırov Moskva-Baku.ru saytına müsahibə verib. S.Bağırov bir müddət “Kinotavr” festivalının baş prodüseri olub, müxtəlif telekanalların kino şöbəsinə rəhbərlik edib. Bir sıra filmləri beynəlxalq festivallarda mükafatlar qazanıb. Hazırda “NTV-KİNO”-nun baş prodüseri və “Üentral Partnerşip” kinokompaniyasının prodüseridir. Müsahibəni qısa ixtisarla təqdim edirik.
- Sergey Vladimiroviç, bilirik ki, siz əslən Bakıdansınız...
- Bəli, mən Bakıda doğulub böyümüşəm. İndi uzaqda yaşasam da, məni bu şəhərlə 20-dən artıq qohum-əqrəbamın ailə şəcərəsi bağlayır. Bacılar, qardaşlar, onların qohumları və nəvələri. Özüm Bakıdan 18 yaşımda çıxmışam. Sonuncu dəfə bir il əvvəl IV Beynəlxalq Televiziya festivalı “TEFİ- Sodrujestvo”nun təqdimatında Azərbaycana getmişdim. Bilirsiniz ki, bu akademiyada Azərbaycanla əlaqəsi olan insanlar az deyil. Bu siyahıda Timur Vaytnşteyn, Yuli Qusman, İradə Zeynalova və digərlərinin adını qeyd edə bilərəm. Bu, MDB ölkələrinin televiziya filmi üzrə kino mütəxəssislərinin birliyidir.
- Elə isə kinodan danışaq. Azərbaycan kinosu haqqında hansı fikirdəsiniz?
- Etiraf edim ki, bu gün Azərbaycan kinosu haqqında müfəssəl məlumata malik, hadisələrin içində olan biri deyiləm. Düzdür, kənardan izləmək, xəbərdar olmaq öz yerində. Hazırda Azərbaycanda tanınmış rejissor Ramiz Fətəliyevlə yeni bir iş üzərində işləyirik. O mənim ekranlaşdıracağım filmin ssenarisi üzərində çalışır. Filmdə hadisələr Azərbaycanda cərəyan edir. Buna görə də filmin bir hissəsi Azərbaycanda lentə alınacaq. Onu da qeyd edim ki, çəkilişlərlə əlaqədar “Azərbaycanfilm” kinostudiyasının direktoru ilə görüşümüz oldu. Söhbət zamanı Azərbaycan kinosu haqqında təəssüratım yarandı. Direktor yeni layihələr həyata keçirmək istəyən, bu sahədə inkişafa çalışan bir insandır. İnanıram ki, kinostudiyada tezliklə irəliləyişlər, uğurların sayı çox olacaq. Bakıda həmişə professional kino xadimləri olub, indi də var və olacaq. Azərbaycanın özünəməxsus kino məktəbi formalaşıb. Prodüser kimi yanaşsaq, deyə bilərəm ki, əhali sayı az olan dövlətlərdə kinoya qoyulan maliyyəni geri almaq imkanı az olur. Buna görə də filmlərə dövlət dəstəyi lazımdır. Düşünürəm ki, Azərbaycanda dövlətin kinoya dəstəyi onu dünya səviyyəsində tanıtmağa imkan yaradacaq.
- Əgər sirr deyilsə, Ramiz Fətəliyevin ssenarisi üzrə çəkiləcək film haqqında, az da olsa, məlumat verərdiniz...
- Filmdə hadisələr ötən əsrin 50-ci illərində baş verir. Baş qəhrəman, rus müstəntiq Bakıda doğulub və azərbaycanlı bir qıza aşiq olur. Melodram elementli detektiv janrında olacaq ekran əsəri gözəl bir məhəbbət tarixçəsini özündə əks etdirəcək. Filmi Rusiyanın 1-ci kanalının sifarişi ilə çəkirik. Səkkiz seriya çəkməyi planlaşdırırıq.
- Bu gün “Qafqaz Hollivud”u yaratmaq olarmı?
- Niyə də yox. Düşünürəm ki, belə bir layihə olmalıdır. SSRİ dağılandan sonra respublikalar öz kino sənayelərini inkişaf etdirməyə can atdılar. Bəzilərində bu alındı, bəzilərində isə yox. Zəngin tarixi olan gürcü və Azərbaycan kinosu bu dönəmdə ağır günlər yaşadı. Kino “bahalı oyuncaq” kimidir. Təsəvvür edin ki, bəzən bir filmin büdcəsi təqribən üç teatrın illik büdcəsinə bərabər olur. İnanıram ki, Azərbaycanda da kinonun dirçəlişinə nail olacaqlar. “Azərbaycanfilm” kinostudiyası deyərdim ki, Qafqazda ən öndə olan studiyadır və onlar öz ənənələrini qorumağa nail olublar. Burada çəkiliş üçün hər bir şərait mövcuddur. Natural çəkiliş meydanı, potensial, bir sözlə, kinoya lazım olan hər nə varsa. Bütün bu ehtiyatlardan faydalanmamaq sadəcə günah olardı.
- Uzun illərin ayrılığından sonra doğma şəhərinizə qayıdanda hansı yeniliklər sizi daha çox təəccübləndirir?
- Dəyişilən hər nə varsa, yaxşılığa doğrudur. Möhtəşəm şəhərdir. Uşaqlığımın, xatirələrimin şəhəri. Mənim Bakım həmişə müxtəlifliyi ilə fərqlənib: yaradıcı, mədəni mühiti və çılğın gəncliyi ilə. Mən bu şəhəri elə beləcə də sevmişəm və sevəcəyəm. Hərdən şəhərimi Dubayla, İsveçrənin, Amerikanın şəhərləri ilə müqayisə edirəm. Bu gün şəhərin yeniyetmələrində təbii Qafqaz tərbiyəsinə kənar tərbiyə, Avropa mədəniyyətinin, tərbiyəsinin ab-havası əlavə olunub. Bəziləri bunu adaptasiya edə bilib, bəziləri isə öz köhnə koloritli adət-ənənələri qoruyub. Bütün bu müxtəliflik, inkişaf sadəcə insanı heyran edir.
Hazırladı: Lalə Hüseyn