“Xaricdə konsertlər zamanı afişalarda məni “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edirlər. Bu mənim üçün böyük fəxrdir”

Müsahibim dünyada tanınmış gənc xanəndə, beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı Qoçaq Əsgərovdur. Xarici musiqi şirkətləri onunla müqavilələr bağlayır, konsertlərini təşkil edirlər. İndiyə kimi xarici ölkələrdə 50 konserti keçirilib, 90 min nüsxə CD albomu satılıb.

- Uğurlarınız bizi çox sevindirir. Söhbətimizə sizinlə tanışlıqdan başlamaq istərdim...
- 1978-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində doğulmuşam. Orta məktəbi 6-cı sinfə qədər kəndimizdə oxumuşam. Qarabağ müharibəsi başladı. Bir müddət təhsildən ayrı düşdüm. Kəndimizdə özünümüdafiə dəstəsi təşkil edilmişdi, əmim onun komandiri idi. Mən də könüllü dəstəyə qoşulmuşdum. Döyüşçülərə silah-sursat daşıyırdım, cəbhədə əlimdən gələn işləri görürdüm. Sonra torpağımızdan köçkün düşdük. Bakıda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən Qoçəhmədli məktəbində təhsilimi davam etdirdim.
- Bildiyimə görə, sol gözünüzü döyüşlərdə itirmisiniz...
- Döyüşlərin birində gözümə qəlpə dəydi. Məni Füzuli rayonunun Qaraxanbəyli kəndindəki hospitala yerləşdirdilər. Orada həkimlər qəlpəni gözümdən çıxardılar. Sonra Bakıda müalicə aldım. Bütün səylərə baxmayaraq, gözümün nurunu itirdim. İndi sol gözüm görmür, ona görə II qrup Qarabağ müharibəsi əliliyəm.
- Bu sarsıntılı olaydan sonra həyatınızda nələr baş verdi?
- Bakıda orta məktəbi bitirdim. 1998-ci ildə A.Zeynallı adına Musiqi Kollecinə daxil oldum, burada muğamın sirlərini Xalq artisti Zabit Nəbizadədən öyrəndim. 2002-ci ildə təhsilimi başa çatdırdım. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasına daxil oldum və oranı bakalavr pilləsi üzrə bitirdim. Müəllimim professor, Xalq artisti Arif Babayev olub.
- Deyəsən, ilk muğam müsabiqəsinə siz də qatılmışdınız...
- Bu, 2005-ci ildə olmuşdu. Həmin müsabiqə “Space” televiziyasında keçirilirdi. Orada yer tutmadım, ancaq tanınmağımda yarışmanın təsiri oldu. Müsabiqənin gedişində həyatımda dəhşətli hadisə baş verdi. Ailəliklə dəm qazından zəhərləndik, 4 yaşlı oğlumun həyatını xilas edə bilmədik. Bu da bir yandan məni sarsıtdı. Həyatım sarsıntılarla dolu olub.
- Sənət yolunuzdan danışaq. Avropaya yolunuz necə açıldı?
- 2007-ci ildə Böyük Britaniyanın BBC-3 teleradiosundan mənə dəvət gəldi. Bu dəvətə çox sevindim, ancaq imkanım yox idi. Maşınımı satıb ora getdim. Radioda yarım saat canlı yayımda çıxış etdim. Ora mən, tarzən və dəfçalan getmişdik. İngiltərədəki Sooas Universitetində də çıxış etdim, çox bəyəndilər. Konsertdən sonra BBC-nin müxbiri, xanım Lusi Duran dedi ki, biz hökmən Azərbaycana gələcəyik. Muğam onu çox heyran etmişdi. Bakıya qayıdandan sonra həmin qadın mənə yazdı ki, İngiltərədə WOMAD festivalı (Dünya Musiqi və Rəqs Festivalı - red.) keçiriləcək, istəyirsənsə səni yenə dəvət edək və festival çərçivəsində ayrıca konsertini keçirək. Əla təklif idi, amma yenə maliyyə problemi vardı. Bu işdə mənə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov dəstək oldu. Oradan qayıdandan sonra məni Avstraliya və Yeni Zelandiyaya dəvət etdilər. Artıq bu səfərin bütün xərclərini təşkilatçılar özləri çəkdilər. Ora böyük heyətlə getdim, Avstraliyanın bir neçə şəhərində konsertlərim oldu. Sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yunanıstanda WOMEX - Dünya Musiqi Sərgisində və Amerikada bir festivalda iştirak etdim.
- İndiyə kimi nə qədər konsertiniz olub?
- İndiyə kimi 52 konsertim olub, onlardan ikisi Azərbaycanda, qalanları xarici ölkələrdə keçirilib. Britaniyaya 15 dəfə səfər etmişəm, Mərakeş, Almaniya, İtaliya, ABŞ, İsrail və başqa ölkələrdə konsertlərim olub. Çalışıram ki, Azərbaycan muğamını rəngarəng şəkildə təqdim edim. Odur ki, bir muğamı başdan-ayağa oxuya bilmərəm. İnsanlar yorularlar. Qabaqlar xaricə gedəndə mən də başqa xanəndələr kimi zil oxuyurdum. Amma sonra gördüm ki, xaricilər bu cür oxumağı elə də bəyənmirlər. Bizdə zildən uğurlu boğazlar vuranda oxuyana əl çalırlar. Xaricdə isə ifa zamanı onlar yalnız dinləyirlər və əl çalıb ifaçını çaşdırmaq istəmirlər. Yalnız oxumaq üçün səhnəyə gəlib tamaşaçılar qarşısında baş əyəndə məni alqışlayırlar. Bir də sonda əl çalırlar. Elə konsertlərim olub ki, yenidən oxumaq üçün israrla səhnəyə dəvət ediblər. Mən oxuyanda özümlə, duyğularımla, dünyamla bir oluram, qarşımdakıları sanki görmürəm. İfa zamanı əl çalınanda düşdüyüm sehrli aləmdən çıxıram, uzaqlaşıram.
- Xaricdə neçə albomunuz çıxıb?
- 4 albomum buraxılıb. Biri Britaniyada çıxıb, adını “Sarı gəlin” qoymuşam. Albomun üzərində ölkəmizin xəritəsi verilib. Dünyada albomlarım 90 min nüsxə satılıb. Şirkətlər mənimlə müqavilə bağlayır, nəzərdə tutulan sayda CD buraxırlar. İcazəsiz bir nüsxə belə buraxa bilməzlər. Onların üzünü çoxaltmaq da mümkün deyil. Hər birində 45 dəqiqəlik musiqi olur. Albomlarımda ölkəmiz, onun musiqisi, eləcə də mən və müşayiət edən sənətkarlar, onların ifa etdikləri alətlər haqqında geniş məlumat verilir.
- Aldığınız qonorarlardan razısınızmı?
- Mən Azərbaycanda heç yerdə işləmirəm. Qeyd etdiyim kimi, yalnız 2-ci qrup əlil kimi pensiya alıram. Xaricdə albomların satışından əldə edilən qonorarlar və konsertlərdən qazandıqlarımla dolanıram.
- Növbəti konsertiniz harada olacaq?
- Martda Rusiyada konsertim nəzərdə tutulub. Bunu bir Rusiya şirkəti təşkil edir. Xarici musiqi şirkətləri özləri maraqlanıb məni tapırlar, təkliflərini deyirlər.
- Alim Qasımovdan sonra ölkəmizi xaricdə daha çox siz təmsil edirsiniz. Onunla münasibətləriniz necədir?
- Alim Qasımov Azərbaycan musiqisində əvəzolunmaz əziyyəti olan dahi sənətkardır. Səfərlərim zamanı kimsə onun haqqında yaxşı söz deyəndə uçmağa qanadım olmur. Onun da mənə münasibəti yaxşıdır. Təkcə onu yox, Rəşid Behbudovu, Zeynəb Xanlarovanı da soruşurlar. Hər bir azərbaycanlı öz soydaşının uğuruna sevinməlidir. Mən millətimi çox sevirəm, ölkəmi dünyada təmsil etməkdən qürur duyuram.
- Telekanallarda az görünürsünüz...
- Televiziyalarda toy musiqiləri ekranı, efiri tutub. Ona görə çalışıram ki, efirdə az görünüm. Mən hansısa ifanı bir-iki ay məşq etməsəm, çıxıb oxumaram. Sənətdə əsas olan musiqiçinin istedadıdır, ifaçını məşhur salonlarda çıxışı, albomlarının satışı ilə tanıyarlar. Xaricdə konsertlər zamanı afişalarımda məni “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edirlər. Bu mənim üçün böyük fəxrdir.
- Tələbələriniz varmı?
- Yerli tələbələrim yoxdur. Bu yaxında Fransadan bir vokalçı məndən muğam dərsləri almağa gələcək. Üç ay burada qalacaq, ona sənəti öyrədəcəyəm. Qarşıda bir neçə xarici ölkədə konsertlərim olacaq, onlara ciddi hazırlaşıram.

S.Soltanlı