Tbilisidə rəssam soydaşımızın sərgisi keçirilib

Tbilisidəki Parlament Kitabxanasında istedadlı azərbaycanlı rəssam Rizvan İsmayılovun “Şərq müdriklərinin qonaqlığında” adlı rəsm əsərlərindən ibarət sərgi açılıb.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkil etdikləri sərginin açılışında Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin şeyxi Ramin İgidov, Türkiyənin bu ölkədəki səfiri Ləvənd Gümrükçü, AMM-in rəhbəri Fazil Həsənov, rəssam Levan Moisaşvili və başqaları çıxış edərək istedadlı fırça ustasının əsərlərində islam mədəniyyətinin saflığının, ədalətin, müasirliyin, mənəvi dəyərlərimizin, insanın daxili gözəlliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər.
Gənc rəssamın əsərlərinin saflıqdan yarandığını bildirən Levan Moisaşvili deyib: “Mən hər an ona dəstək olmağa hazıram, bununla Gürcüstan-Azərbaycan dostluğuna töhfə vermiş olaram”.
Rəssam Rizvan İsmayılov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Sərgidə rəssamın 73 əsəri nümayiş olunub.