Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY özünün ənənəvi layihələrindən birini - “Rəssamlar görüşü”nü bu il 18-ci dəfə həyata keçirib. Bu dəfə türkdilli respublika və diyarlardan fırça ustaları Türkiyənin Aksaray şəhərində bir araya gəliblər. İyulun 20-də açılışı keçirilən sənət görüşü, ənənəyə uyğun olaraq, rəssamların yaratdıqları əsərlərin sərgisi ilə başa çatıb.

Avqustun 1-də Aksaray şəhərindəki "Adese Park Site” ticarət-əyləncə mərkəzində TÜRKSOY-un 18-ci “Rəssamlar görüşü”nün iştirakçılarının sərgisi açılıb. Budəfəki layihədə Azərbaycanı rəssam Müşfiq Əliyev təmsil edib.
Açılış mərasimində iştirak edən Aksarayın bələdiyyə başçısı Haluk Şahin tədbir iştirakçılarını təbrik edib, ekspozisiya ilə tanış olub. O, tədbirin Aksarayda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, burada yaradılan əsərlər TÜRKSOY tərəfindən bir çox ölkələrdə sərgilənəcək, Aksarayın mədəni irsini və görməli yerlərini dünyada təbliğ edəcək.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qonaqpərvərliyə və mehribanlığa, plenerin təşkilində əməkdaşlığa görə Aksaray bələdiyyəsinin rəhbərliyinə təşəkkür edərək deyib: "TÜRKSOY rəssamlarının görüşləri artıq 18 ildir təşkilatın ənənəvi tədbirlər təqvimində xüsusi yer tutur. Bu görüşlərin yaradıcılıq ab-havası bədii mübadiləyə və mədəniyyətlərin zənginləşməsinə kömək edir. Birgə fəaliyyət zamanı yaranan əsərlər TÜRKSOY-un kolleksiyasını genişləndirir. Bu əsərlər dünyanın müxtəlif ölkələrində nümayiş olunur, türkdilli xalqların mədəniyyəti ilə tanış edir”.
Türkdilli ölkələrdən 21 rəssam iki həftə ərzində 100-dən çox əsər yaradıb. Sərgi şəhər sakinləri və yerli mətbuat tərəfindən böyük maraqla qarşılanıb.
Rəssamlar Aksarayın orta əsrlər tarixi abidələri - Səlcuqlar dövrünə aid Böyük məscid və minarə, Zinciriyyə mədrəsəsi, Ağzıkarahan karvansarası, habelə İhlara vadisi, Güzelyurt, Narlıgöl kimi qoruq yerləri ilə tanış olublar.
Rəssamlar yaradıcılıq görüşü ilə bağlı təəssüratlarını bölüşüblər.
Müşfiq Əliyev (Azərbaycan): “Burada özümüzü evimizdəki kimi hiss etdik. Aksarayın sakinləri bizi mehribanlıqla qarşıladı. Mən bu gözəl şəhərin tarixi yerlərindən 6 rəsm çəkdim. Mənə belə bir imkanı yaratdığına və başqa ölkələrdən olan rəssamlarla tanışlığıma görə TÜRKSOY-a minnətdaram”.
Abdulxan Tleujanov (Qazaxıstan): “Artıq 18 ildir ki, TÜRKSOY türk dünyası rəssamlarını bir araya gətirir. Bu layihə türkdilli xalqlar arasında mədəni birliyi daha da möhkəmləndirir”. Ralif Axmetşah (Başqırdıstan): “Hər bir görüş həm də böyük təcrübədir. Bu layihə 18 ölkədən rəssamları bir araya gətirdi, hər birinin də fərqli baxışları, yaradıcılığa öz yanaşmaları var idi. Ona görə də bu iki həftə mənim üçün çox faydalı keçdi”.
Xatırladaq ki, ötən il TÜRKSOY-un “Rəssamlar görüşü” Şəki şəhərində keçirilmişdi.

Mehparə