Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə paytaxtın Nizami küçəsində yaradılan incəsənət məkanı fəaliyyətini davam etdirir. Rəssamların əl işlərinin satış-sərgisi keçirilən bu məkana həm şəhər sakinləri, həm də paytaxtın qonaqları həvəslə baş çəkirlər.

Avqust ayından başlayaraq burada həmçinin Azərbaycanın regionlarının dekorativ-tətbiqi sənətinin nümayişi, folklor kollektivlərinin çıxışları təşkil olunur. Bu tədbirlərin təşkilində məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini paytaxt sakinlərinə və qonaqlara təqdim etməkdir.
Sentyabrın 27-də incəsənət məkanında Astara, Lənkəran və Masallı rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olundu.
Musiqili-əyləncəli tədbirdə Astara rayonundan “Əvəsor”, Lənkəran rayonundan “Nənələr” və Masallı rayonundan “Halay” folklor kollektivləri və el sənətçiləri çıxış etdilər.
Qeyd edək ki, bu tədbirlərin oktyabr ayının ortalarına qədər keçirilməsi nəzərdə tutulur. Ötən müddətdə burada İsmayıllı, Qəbələ, Şamaxı, Şəki, Oğuz, Zaqatala, Balakən, Qax, Neftçala, Salyan, Abşeron, Qazax, Ağstafa, Tovuz rayonlarının folklor kollektivlərinin konsertləri və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.

Həmidə Süleymanova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı