“Əgər yaşlı turist getdiyi yerdə məmnun qalsa, orada ömrünün sonunadək yaşaya bilər. Deməli, ömürlük bir turist qazanmış olursunuz”
Hazırda dünyada turizmin mühüm istiqamətlərindən biri də yaşlı baxımı turizmidir. Qardaş Türkiyədə də bu sahə inkişaf etdirilməkdədir. Yaxın günlərdə Ankarada Medikal Turizm Dərnəyinin təşkilatçılığı ilə dördüncüsü dəfə gerçəkləşən “Üçüncü yaş baharı” turizm konqresi də bu mövzuya həsr olunmuşdu. Dərnəyin rəhbəri Sinan İbiş ilə söhbətimizdə sözügedən turizm növünün dünya iqtisadiyyatında, turizmində yeri və əhəmiyyətinə dair məqamlara toxunduq.
- Sinan bəy, fəaliyyətinizi nəzərdən keçirəndə öyrəndik ki, artıq 6-cı ildir bu turizm sahəsi ilə məşğul olursunuz. Maraqlıdır, nə üçün yaşlı baxımını turizmə çevirdiniz?
- Türkiyənin coğrafi imkanlarını nəzərə aldıqda biz nədən dünyanın yaşlı insanlarına da xidmət etməyək, deyə düşündüm. Müasir dünyada yaşlanma çox ciddi bir problemdir. Üstəlik, yaşlıların 90 faizindən çoxunun ən azı bir sağlıq problemi var. Türkiyədə bu göstərici daha yüksəkdir. Altı il öncə Norveçdən 250 nəfər yaşlı insanı Türkiyəyə gətirdik. Bu, yaşlı turizmi baxımından bir pilot layihə idi və uğurlu da alındı. Önümüzdəki ildə yaşlı baxımı ilə əlaqədar Ankarada bir kompleksin inşasına başlayacağıq. Onun yanında da yaşlılar üçün 400 hüzur evi, “ağıllı ev”lər tikməyi planlaşdırırıq. Yaşlılara həm evdə, həm də uzaqdan (distant olaraq) nəzarət edilməsi, təhlükədən, evdə yanğın, qaz sızması və s. kimi hadisələrdən qorunmaları təmin olunacaq. Bir də onların sosiallaşmaları üçün bir texnoloji paket də hazırladıq. Yaşlılara həm uzaqdan baxım dəstəyi göstərəcəyik, həm də onların ehtiyaclarını ödəyəcəyik. Yaşlılar üçün reabilitasiya paketi də nəzərdə tutmuşuq. Bunun üçün onlara “Balçova” hotelində termal reabilitasiya imkanı təqdim edəcək paket hazırlayırıq. Eyni zamanda Antalya bölgəsində də yaşlıların termal reabilitasiyasını təqdim etmək üçün ikinci konsept hazırlayırıq. Yəni həm baxım evi, həm “ağıllı ev”lər, termal yerlərin olduğu iki turizm yeri düzənləyirik. Bunlar bizim 2017-ci ildə yaşlılara hesablanmış planlarımızdır.
- “Ağıllı evlər” deyərkən nəyi nəzərdə tutursunuz?
- Bu evlər yaşlılar üçün dizayn edilir. Bu evlərdə divarlarda tutub yerimək, hərəkət edə bilmək üçün yerlər olur. Dolablar da onların əllərinin çatmaları, rahat istifadə edə bilmələri üçün dizayn edilir. Bundan başqa, ehtiyaclarını ödəmək və təhlükədən qorunmaları üçün evlərdə texnoloji təhlükəsizlik sistemləri quraşdırılır. Bir də yaşlıların sosiallaşmaları üçün çağrı mərkəzindən oraya servis gedəcək. Bu da onların yaxınları ilə görüş, bir toplantıda iştirak, mütaliə seansı və s. üçün nəzərdə tutulur.
- Baxım evləri, yaşlı baxımı turizmini Türkiyədə qurarkən model olaraq hansı ölkənin təcrübəsindən yararlandınız?
- Dünyadakı modelləri araşdırdıq, müxtəlif ölkələrin təcrübəsinə baxdıq. Türkiyənin imkanlarını çox yaxşı bilirik və turizm təcrübəmiz də çoxdur. Elmi məlumatları və dünyadakı texnoloji bilgiləri birləşdirdiyimiz zaman bizim öz iş modelimiz ortaya çıxır. Yaşlı baxımı turizminə ən çox maraq göstərən ölkələr sırasında ilk sırada ABŞ dayanır, Avropaya gəldikdə, İspaniya, İtaliya, Yunanıstanı qeyd edə bilərik. Yaşlı turizmdə soyuq ölkələrin insanlarının isti iqlimli ölkələrə getmələri çox önəmlidir. Rahat gəliş-gediş və sağlamlıq imkanları da əsas şərtlər sırasındadır. Bu gün bizim sağlamlıq imkanlarımız çox yaxşıdır. Əgər indi Avropadan ingilis, isveçli, alman Türkiyəyə sağlamlıq turizmi üçün gəlirsə, deməli, doğrudan da bu gözəl bir nəticədir. Bundan başqa, digər ölkələrdən fərqli olaraq Türkiyədə xidmətlər də ucuzdur. Təbii ki, bütün bunlar planlamaya əsasən, paket halında həyata keçirilir. Əks halda xidmət bahalı ola bilər. Əməkdaşlığa gəlincə, texnoloji baxımdan İsveç, Almaniya, Portuqaliya ilə əməkdaşlıq edirik. Bununla bağlı dünyada hazırlanan mühazirələri araşdırırıq, Türkiyədəki elm adamları ilə əlaqə saxlayırıq. Sosial mövzularda Avropa Birliyi və Dünya Bankının layihələrini də həyata keçiririk.
- Yeri gəlmişkən, siz özünüzün də sağlamlıq turizmi sahəsində elmi araşdırmalarınız var. Kütləvi informasiya vasitələrində çıxış edirsiniz, TRT-də “Gözəl həyat” verilişinin müəllifisiniz...
- Bizim qrupumuz həm də bu sahədə araşdırma layihələr həyata keçirir. Məsələn, yaşlılıqla bağlı bir mövzunu araşdırır. Yaşlı baxımı iqtisadiyyatı necə uğurlu ola bilər və insanları məmnun etmək üçün nə etmək lazımdır. Bu araşdırmalar apardıqdan sonra hesabatlar hazırlanır. Biz də hədəf qruplara çatdırmaq üçün proqramlar hazırlayırıq. Bütün bunları isə media ilə insanlara çatdırmağa çalışırıq. Məqsədimiz insanların faydalanmasıdır. TRT-dəki proqram isə bizim qrupun sosial məqsədli layihəsidir. Beynəlxalq kanallarda proqramlarımız göstərilir. Proqramın sonunda isə Türkiyənin adət-ənənələrini əks etdirən məqamlara toxunuruq. Məsələn, götürək ebru sənətini. Bu, yaşlılar üçün də çox gözəl məşğuliyyət ola bilər. İstərdim ki, insanlar bunun tarixini də öyrənsin.
- Əgər ümumi götürsək, yaşlı baxımı turizminin dünya turizminə əsas faydası nədir?
- Turizm dedikdə ağlımıza ilk öncə, məzuniyyət, istirahət gəlir. Amma artıq dünyada turizm çoxçeşidliliyə sahibdir. Nəzərdən keçirsək, əlillər üçün turizm, yaşlı turizmi, idman turizmi və s. ön plana çıxır. Bunlar bahalı turizm növləridir ki, içərilərində ən bahalısı da yaşlı turizm hesab olunur. Çünki əgər yaşlı turist getdiyi yerdə məmnun qalsa, orada ömrünün sonunadək yaşaya bilər. Deməli, ömürlük bir turist qazanmış olursunuz. Amma digər turizm sahələrinin heç biri ömür boyu yaşayış təminatı verməz. Türkiyədə məsələn, Alanya bölgəsində almanlar, ingilislər, Bodrum bölgəsində ingilislər olmaqla bir sıra əcnəbilər yerləşiblər. Bu insanlar artıq təqaüdə çıxıblar və ömürlərinin sonunadək xoşbəxt olacaqları yerlər axtarırlar. Sonucda Türkiyədə yaşayaraq bizim insanlarımız kimi bütün xidmətlərdən faydalanır və xərcləmə iqtisadiyyatına qatılırlar. Bundan başqa, bu gün mədəniyyətlərarası və ölkələrarası həmrəylikdə yaşlı turizmi çox böyük əhəmiyyət kəsb edir. Yaşlılar bilgili insanlardır, təqaüdə çıxana qədər çalışıblar və təcrübələrini gənc nəsillərlə paylaşmaq üçün də hazırdırlar. Yəni elə bizim məqsədimiz də budur ki, gətirdiyimiz insanların təcrübələrini digər insanlara necə yaya bilərik. Demək istəyirəm ki, biz yaşlı insanları sadəcə bir qazanc kimi görmək istəmirik.
- Ötən ay Ankarada “Üçüncü yaş baharı” 4-cü turizm konqresi keçirildi. Bu tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Konqresdə sərgi, toplantı, turizm sahəsində elmi mühazirələri bir araya gətirdik. Artıq universitetlərdə təhsil proqramları başlanıb. Hüzur evlərinin xidmət keyfiyyəti artır. Bunlar bir neçə ay əvvəl yox idi. Digər tərəfdən, insanlar artıq yaşlılığı bir yatırım sahəsi kimi görürlər. Yaşlının yaşayacağı ev, geyinəcəyi ayaqqabı, corab və s. yaşlılar üçün məxsusi düşünülməlidir. Yəni bizim konqres öz təsirini göstərməyə başlayıb. Türkiyədə mətbuat da bu mövzuya böyük maraq göstərdi. Yəni məqsədimiz bu mövzuda bir qavrayış yaratmaqdır.
Onu da qeyd edim ki, bu sahəyə bizim qardaş ölkəmiz Azərbaycanda da maraq göstərilməsini arzu edirik. Türkiyədə həyata keçirdiyimiz layihələri Azərbaycanda da reallaşdırmaq istəyirik. Türkiyənin imkanları azərbaycanlılar üçün də istifadə oluna bilir. Sağlıq turizmi artıq Türkiyədə bəlli bir səviyyəyə gəlib. Düşünürəm ki, Azərbaycanda da yaşlı baxımı turizminə yatırım olmalıdır.
Mehparə Sultanova
Ankara