Tanınmış pianoçunun bu məsləhəti hamı üçündür 
   
   Eliso Bolkvadze. İyirmi il olar ki, bütün dünyada fortepiano musiqisini sevənlər onu yaxşı tanıyırlar. Beynəlxalq müsabiqələr laureatı, UNESCO-nun “Sülh artisti”, “Lira” Gənc İstedadlara Yardım Fondunun, Batumi Beynəlxalq Musiqi Festivalının təsisçisidir. Sənətin zirvəsində olan xanım Bolkvadze uğuruna qapanıb, istedadının bəxş etdiklərindən həzz almaqla kifayətlənmir. Gənc istedadlara kömək edir, xeyriyyə konsertləri verir, fortepiano təhsilinin yenidən qurulmasına diqqəti cəlb etməyə çalışır. 
   
   Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının proqramında onun adına rast gələndə sevinənlər az olmadı. Dünya şöhrətli pianoçunun canlı ifasını dinləmək şansı hər dəfə ələ düşən deyil. 20 ildən çoxdur ki, Fransada yaşayan Eliso Bolkvadze ölkəmizdə ilk dəfə iki il əvvəl Qəbələ festivalında çıxış edib. 
   Beynəlxalq Muğam Mərkəzindəki budəfəki konsertdən sonra pərəstişkarları ilə mehriban söhbət edən, onlardan konsert barədə təəssüratını öyrənən xanım ifaçı bizimlə də müsahibəyə həvəslə razılaşdı. 
   
   - İlk dəfə 7 yaşım olanda anamla Bakıya gəlmişəm. Şəhəri o qədər də yaxşı xatırlamasam da, onun gözəl olduğu yadımda qalmışdı. Düzdür, bu dəfə şəhəri gəzməyə hələ vaxtım olmayıb. Amma ilk təəssürat olaraq deyə bilərəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən heç də geri qalmır. Hiss olunur ki, şəhər sürətlə inkişaf edir. 
   
   - Sizinlə müsahibəyə hazırlaşanda barənizdə xeyli məlumat topladım, müxtəlif müsahibələrinizi oxudum. Az qala bütün müsahibələrinizdə deyirsiniz ki, özünüzdən narazısınız... 
   - Heç vaxt əldə etdiyimə, öyrəndiyimə qane olmuram. Həmişə narazı qalıram ki, daha da yaxşı ola bilərdi. Anlayıram ki, bu xasiyyətin həm yaxşı, həm də pis cəhətləri var. Bəzən bunun ucbatından əziyyət də çəkirəm. Amma dəxli yoxdur, çalışıram ki, sənətimdə daha da kamilləşim. Axı, musiqinin sonu yoxdur... 
   
   - Kimsə deyib ki, musiqi dibi olmayan dərin okeandır... 
   - Bəli! Hazırlaşırsan, əsəri öyrənirsən, çalırsan. Sonra da fikirləşirsən ki, bundan da yaxşı çala bilərsən, indikindən daha ilhamla çıxış edə bilərsən. Bu olmasa, inkişaf edə bilməzsən... Mən isə yenilik ardınca düşmüşdüm. 
   
   - Tapdınızmı? 
   - Tapdım. 1995-ci ildə Parisə müsabiqəyə getdim. Həmin müsabiqə həyatımı kökündən dəyişdi. Mişel Soni ilə qarşılaşdım və o mənə inanaraq birgə işləməyi təklif etdi. Çünki təkcə çalmağı deyil, musiqi və artistizm bacarıqlarımı üzə çıxaracaq hamiyə ehtiyacım var idi. 
   Məncə, Mişel Soni ilə görüş mənim üçün həyatımın ən böyük şansı idi! Gənc ikən bunu o qədər də aydın dərk etmirdim. Sadəcə, o zaman mən elə bir həddə idim ki, Gürcüstanda öyrəndiklərimi mütləq inkişaf etdirməliydim.
   
   - Siz Gürcüstandan çox çətin zamanda getdiniz... 
   - Həqiqətən də, o illər ölkədən çıxmaq çox mürəkkəb iş idi. Amma insan nəyisə ürəkdən və çox istəsə, həm də istiqaməti düzgün götürsə, mütləq istəyinə çatacaq. Fransada rus fortepiano məktəbindən aldığım biliklərə əsaslanaraq, tamam yeni metodikanı - Soni metodikasını mənimsədim. Mişel Soni pianoçunun hərtərəfli inkişafı üçün çoxsəviyyəli çalışma kompleksi qurub. Üçillik zəhmətimin sayəsində mənim ifamda «nəsə» yarandı. Həmin «nəsə» alətlə münasibətimə təsir göstərdi, başqa pianoçu kimi doğuldum. 
   
   - Həmin üç ildə nəyi öyrəndiniz? 
   - Azad olmağı. Siz qəlbinizin bir hissəsini çaldığınız əsərə əlavə edirsiniz, bunun üçün cəsarətli və azad ifaçı olmalısan! Bəstəkarın qoyduğu çərçivədən çıxmadan özündən də ona nəsə əlavə edərək auditoriyaya ötürürsən. Mən hər bir əsəri ifa edəndə bəstəkarın ruhunu öz çalğımla çatdırmağa çalışıram. Axı, bu əsər, tutaq ki, Bethovenin sonatası mənə qədər milyon dəfə çalınıb. Kimsə sənin çalğının taktlarını bir başqasının ifası ilə müqayisə etməyəcək. Amma sən ifaçı olaraq, öz hisslərini, ruhunu Bethovenin ruhu ilə qovuşdurub ifa edə bilirsənsə, dinləyici bunu mütləq duyacaq. Əgər bunu edə bilmirəmsə, niyə o əsəri çalmalıyam? Belədə mən özümü itirirəm. Mən bir dəfə Parisdə Alfred Brendeli (görkəmli Avstriya pianoçusu - G.M.) dinləyirdim. O, Şubertin əsərini elə mükəmməl ifa etdi ki, başımın tükləri biz-biz durdu! Bax, belə bir ifanı dinləmiş musiqisevər heç zaman bunu unutmayacaq. 
   
   - Təsis etdiyiniz Batumi Beynəlxalq Musiqi Festivalı neçə-neçə istedadlı gəncə böyük musiqi dünyasının qapılarını açır. Festivalda çıxış etmək, ustad dərsləri almaq gənclər üçün çox vacibdir. Bəs onlar üçün bu qədər səy göstərmək sizə nə verir? 
   - Belə ünsiyyətdən bəlkə də mən onlardan daha çox zövq alıram. Bilirsiniz, musiqi özbaşına mövcud ola bilməz. Onu mütləq kimin üçünsə ifa etməlisən. Mən pedaqoq deyiləm, heç bir universitetdə müəllimlik etmirəm. Bir zamanlar Mişel Soninin yaratdığı metod ilə çalışmağa başladım və bu metod mənə çox şeylər öyrətdi. Bu metod piano ifaçılığında tamam fərqli bir estetik qavrama aşılayır, aləti təkcə akademik aspektdə deyil, daha sərbəst anlamağa imkan verir. Biz XXI əsrdə yaşayırıq, hər şey inkişaf edir, piano ifaçılığı da. Bunu qəbul etmək və onunla ayaqlaşmaq lazımdır. İfaçılıqda peşəkarlıq çərçivəsində qalmaq şərtilə sərbəst ifadəyə can atmaq lazımdır. Mən istəyirəm ki, yeniyetmələrə, gənclərə bunu çatdırım. Musiqiyə öz baxışlarımı, öz ifaçılıq təcrübəmi ustad dərsləri vasitəsilə onlara ötürdükcə özüm də mənən zənginləşirəm. Sənət adamı öz biliyini, öz enerjisini mütləq başqalarına ötürməlidir. 
   
   - Bildiyim qədər, siz davamlı olaraq, çox ölkədə belə ustad dərsləri verirsiniz. Nə yaxşı ki, Azərbaycan da onların cərgəsinə düşdü. 
   - Noyabr ayında Yaponiyada məni gözləyirlər. Orada iki ustad dərsim olmalıdır. 
   
   - Siz daha çox fortepiano ilə orkestr üçün əsərləri çalmağı xoşlayırsınız, yoxsa solo proqramla çıxış etməyi? 
   - Nəyə görə soruşursunuz? 
   
   - Hər işin öhdəsindən təkbaşına, bir lider olaraq gəlmək var xarakterinizdə... 
   - Deməli, siz də hiss etmisiniz. Solo çıxış etmək mənə daha xoşdur. Mən özümü musiqi ilə ifadə etməyi sevirəm. Əslində pianino çox mürəkkəb alətdir, demək olar ki, bütün orkestrin səslərini özündə cəmləşdirir, buna görə də pianoçu təkcə ustalığını yox, həm də intellektini daim artırmalıdır. 
   
   - Sizin haqqınızda oxuyanda anladım ki, çox çevik ritmli həyat yaşayırsınız. Yəni doğrudan da, həyatınızda musiqidən önəmli və başqa heç nə yoxdur? 
   - Mənim bütün həyatım musiqinin ətrafında fırlanır. Mən hərəkətli həyatı sevirəm. Daim həm intellektual, həm mənəvi, həm də fiziki cəhətdən hərəkətdə olmalıyam. Bəli, işlərim çoxdur. Həm UNESCO xəttilə, həm digər ictimai işlər... Deməzdim ki, yorulmuram. Yoruluram, amma belə işlər üzündən yorulmaq mənə xoşdur. Başqaları üçün nəsə etmək insana qəribə güc verir. Mən Gürcüstandan çıxandan sonra görürdüm ki, vətəndaş müharibəsinin getdiyi vətənimdə nə qədər istedadlı uşaq irəli getməyə can atır, amma bunun üçün şərait yoxdur. Maestro Sonini Gürcüstana dəvət etdim. Gənc musiqiçilərə kömək etməyə, onlara Avropada təhsil verməyə başladıq. Bu işimiz Batumidə Fransa-Gürcüstan festivalına, sonra isə beynəlxalq festivala çevrildi. Çox çətin iş olsa da, bunu bacardığıma görə özümü xoşbəxt sanıram. 
   
   - Gənc musiqiçilərə, sənət həyatına ürkək addımlarla gələnlərə nə deyərdiniz? 
   - “Şansınız yoxdur” deyənləri dinləməyin! Şans həmişə var. Sadəcə, onu hiss edib ondan bəhrələnməyi bacarmaq, bu fürsəti ötürməmək lazımdır. 
   
   Gülcahan Mirməmməd