Tağı Tağıyev - 100 
   
   Milli təsviri sənətimizdə portret ustası kimi tanınan görkəmli sənətkarlardan biri də Xalq rəssamı Tağı Tağıyev olub. O, əsərlərində ideya ilə rənglərin harmoniyasını ustalıqla yaradıb. Bu il mərhum fırça ustasının anadan olmasının 100 ili tamam olur.    
   Tağı Əzizağa oğlu Tağıyev 7 noyabr 1917-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan rəssamlığa maraq göstərib. İstedadının üzə çıxmasında Əzim Əzimzadə önəmli rol oynayıb. 1931-ci ildə orta təhsilini başa vurur və Bakı Rəssamlıq Texnikumuna qəbul olunur. Sonra iki il Moskva Rəssamlıq İnstitutunda təhsil alır.
   1954-cü ildə Afrika ölkələrinə səyahət edən rəssam orada yaşayan insanların qayğılarını, arzularını bədii boyalarla təsvir edib. Həmin səfərdən sonra yaratdığı “Afrikalı qız” və “Salam, yeni dünya” əsərləri bu baxımdan maraqlı nümunələrdir. Əsərlərdə əsarətə dözməyənlərin duyğuları ustalıqla əksini tapıb.
   Rəssamın “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və s. əsərləri Praqa, Pekin, Dakar və digər şəhərlərdə nümayiş olunub. Müəllifin 1968-ci ildə Bakıda ilk fərdi sərgisi təşkil edilib.
   Böyük Vətən müharibəsi (1941-1945) illərində tarixi şəxsiyyətlərin, igid döyüşçülərin portretlərini yaradan müəllif sonrakı dövrdə mədəniyyət xadimlərinin təsvirini yaratmağa üstünlük verib. O, təkcə zahiri görünüşü deyil, eyni zamanda təsvir etdiyi şəxsiyyətin mürəkkəb mənəvi aləmini də açıb göstərməyə nail olub.
   Tağı Tağıyev 1947-ci ildə “Bəhruz Kəngərlinin portreti”ni işləyir. Milli təsviri sənətdə realist dəzgah boyakarlığının ilk nümunələrindən olan əsərdə görkəmli rəssam kresloda oturmuş vəziyyətdə təsvir edilib, onun qabarıq alnı, çatılmış qaşları, diqqətli baxışları real cizgilərlə verilib. Bu əsərdə təvazökar və xeyirxah bir insan obrazı təqdim olunur. 
   Tağı Tağıyev daha sonra sənət dostlarından xalq rəssamları K.Xanlarov, S.Bəhlulzadə, eləcə də Ə.Kazımovun portretləri üzərində işləyir. Müəllif qəhrəmanlarının xarakter cizgilərinin plastik həllində və rənglərin ahəngdarlığında böyük ustalıq nümayiş etdirib. 
   “Səttar Bəhlulzadənin portreti”nin yaranması haqda danışarkən fırça ustası deyib: “Mən Səttar Bəhlulzadəni yaxşı tanıyıram. Təxminən 4 il bir emalatxanada işləmişik. 1955-ci ildə İncəsənət Muzeyində Səttar Bəhlulzadənin fərdi yaradıcılıq sərgisi hazırlanırdı. Biz də orada idik. Sərgidəki mənzərələr içində təkcə Səttarın portreti əskik idi. Ətrafdakılar təkid etdilər ki, onun portretini çəkim. Mən də razılıq verdim. Əvvəl Səttarı təbiət qoynunda çəkmək istədim. Amma nə isə bu məni təmin etmədi. Onu emalatxanada dəzgah qarşısında, yeni əsərini seyr edən zaman çəkməyi qərara aldım. Bu hal rəssamın daxili aləmini açmaq üçün gözəl imkan yaradırdı. İş əvvəldən rəvan getdi. Az vaxt içində portret hazır oldu və sərgidə asıldı”. Qeyd edək ki, bu əsər indi Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılır.
   Araşdırmalarda qeyd olunur ki, T.Tağıyevin əsərlərində interyer təsviri obrazın işini, fəaliyyətini aydınlaşdırır. O, həmkarı - görkəmli sənətkar Maral Rəhmanzadənin ayaq üstə dayanmış vəziyyətdə portretini yaradıb. Rəssam gözəl və qamətli təsvirdə qəhrəmanının əynindəki yüngül yay paltarının qatlarını, yaylığının şəffaflığını, qızılı saplarla işlənən zəngin naxışlarını və üzüyünün metal effektini real əks etdirməyə nail olub. 
   “Soltan Məhəmmədin portreti”ndə hiss edirsən ki, rəssam XVI əsr miniatür sənətinin ustadını tamaşaçıya dolğun şəkildə təqdim etmək məqsədini qarşısına qoyub. Kətan üzərində miniatür rəngkarlığına xas olan detalları, personajları əhatə edən şərait və əşyaların ən xırda elementləri incəliklə təsvir edilib. Maraqlıdır ki, əsərdə Soltan Məhəmməd miniatür məktəbinə uyğun şəkildə, çəhrayı-qızılı koloritdə işlənib. Qəhrəman mücərrəd, lakin ideal təbiət mənzərəsi fonunda təsvir olunub. Əsər nəfis koloriti və kompozisiyasına görə N.Gəncəvinin “Xəmsə”si əsasında çəkilən “Xosrov və Şirin seyr edərkən” miniatürünü xatırladır. 
   Məhsuldar bir ömür yolu keçən sənətkarın zəngin yaradıcılıq irsi qalıb. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gürcüstanın və bir çox ölkələrin muzey və qalereyalarında, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır. 
   Xalq rəssamı Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakıda vəfat edib. 
   
   Savalan Fərəcov