Türk-İslam aləmində hələ Orta əsrlərdə ortaya çıxan vəqf quruluşları zaman-zaman təkmilləşərək günümüzə qədər gəlib çıxıb. Təməlində xeyriyyəçilik dayanan bu qurumlar Türkiyədə indi də çox sayda ictimai vəzifələri müvəffəqiyyətlə yerinə yetirməkdədirlər. Bu qurumlarla bağlı xüsusi qanun mövcuddur, Vəqflər Baş Direktorluğu fəaliyyət göstərir. Qurumun müdir müavini Rifat Türker ilə müsahibəmiz də elə vəqflərin tarixi, fəaliyyəti və xüsusilə də, mədəniyyət istiqamətində həyata keçirdikləri layihələr barədədir. 
   
   - Rifat bəy, vəqf anlayışı nəyi ehtiva edir və onun müasir Türkiyə üçün əhəmiyyəti nədir?
   - Vəqf bizim İslam inancımızdan irəli gələn bir adətdir. Anadolu Səlcuq hökmdarı Sultan Alp Arslan tərəfindən 1071-ci ildə fəth edilib. Amma bu tarixdən öncə Anadoluda qurulan vəqflərlə bağlı məlumatımız var. İlk belə bir qurum Ərzurumda 1048-ci ildə yaradılıb. Biz vəqflərin tarixini həmin ildən hesablayırıq və bunu loqomuzda da əks etdirmişik. Səlcuqlar və Osmanlı dönəmində də sultanların, şahzadələrin, xanım sultanların bir çox vəqfləri olub. O zamanlar təhsil, səhiyyə, yol xidmətləri və digər işlər məhz vəqflərin vasitəsilə həyata keçirilirmiş. Bu ənənə indi də davam edir. Vəqflər Baş Direktorluğu Səlcuq, Osmanlı, hətta bəyliklər dönəmindən bəri fəaliyyət göstərən bir qurumdur. Türkiyədə vəqflərə aid 17 min mədəniyyət abidəsi, tarixi tikili var. Bu günə qədər Türkiyə ərazisində 52 min vəqf qurulub. Bunlardan yalnız 3-4 mininin mal varlığı (məscid, mədrəsə binası və s.) var. Qalanları zaman içində itib. Vəqflərin mal varlığı hazırda bizim qurum tərəfindən idarə olunur. Vəqflərin fəaliyyəti “akar” və “hayrat” olmaqla iki hissəyə bölünür. Birinci fəaliyyətdə gəlir əldə edirsən, ikincidə isə bu gəliri xeyriyyə işlərinə xərcləyirsən. Yəni gəlir olmadan vəqf qurmaq mümkün deyil və eyni zamanda bu fəaliyyət tamamilə şəffaf olmalıdır. 
   “Maraqlı vəqflər” adlı kitabımız var. Orada yazılır ki, məsələn, avqust ayında Torosdan qar gətirib Adanada meydanda xalqa paylayan vəqf olub. Və ya quşları qorumaq üçün quş evləri tikən vəqflər qurulub. Yəni bu torpaqlar bir vəqf coğrafiyasıdır. Bundan başqa, vəqflərin qurulması tarixi ilə eyni vaxtda “sədəqə daşları” mövcud olub ki, hazırda onun bir nümunəsi də bizim qurumda muzeydə qorunur. Hər bir varlı axşam bu daşın içərisinə öz sədəqəsini qoyar, kasıb adam da ehtiyacını ödəyə biləcəyi qədər pul götürərdi ordan. Xeyriyyəçilik, xeyirxahlıq, yardım etmək çox önəmli bir xüsusiyyətdir. Biz də bu gün əldə etdiyimiz gəlirlərlə 6 min magistr təhsili alan tələbəyə, 15 min şagirdə təqaüd, 5 min ehtiyacı olan, fiziki qüsurlu vətəndaşımıza maaş veririk. 20 min ailəyə ərzaq yardımı edirik. Vəqflər sadəcə Anadolu coğrafiyası ilə məhdudlaşmır. Bolqarıstan, Yunanıstan, Kosova, Makedonioyada da vəqflər olub və biz orada da müəyyən xidmətlər göstəririk. Məsələn, Ramazan ayında Şimali Kipr, Bosniya, Kosova və Makedoniyaya ərzaq yardımı edirik. 48 xarici ölkədən gəlib Türkiyədə təhsil alan 600 imkansız tələbəyə də təqaüd veririk. Bu siyahıya təbii ki, Azərbaycan da daxildir.
   
   - Yuxarıda mədəniyyət abidələrinə toxundunuz. Sizin qurumun mədəniyyətə verdiyi əsas prioritet nədən ibarətdir?
   - Əvvəla onu deyim ki, biz tarixi qədim abidələri restavrasiya edirik. 2003-cü ildən bəri vəqflərə aid olan 17 min tarixi mirasdan 5 minini bərpa etdik. Məsələn, İstanbuldakı Fatih məscidi, Ankaradakı Hacı Bayram məscidi də vəqfə aiddir və təbii ki, onlar həm də tarixi abidələrdir. Tarixi əsərlər bizə ata-babalarımızdan qalan bir əmanətdir. Bizim vəzifəmiz də bu əmanəti gələcək nəsillərə ötürməkdir. Amma bunu edərkən də qarşımızda başqa bir vəzifə dayanır: bu abidələrin əvvəlki memarlıq quruluşuna toxunmamaq. Məsələnin başqa bir tərəfi də bu abidələrin həm də bizim bu coğrafiyaya sahib olduğumuzu göstərir. Yaponlar 6 yaşına çatan bir uşağa atom bombası atılan şəhərləri göstərirlər. Məqsəd bu uşaqlara öz keçmişlərini unutdurmamaqdır. Çanaqqala savaşı çox böyük bir savaş olub. Türkiyədə təhsil almağa gələn bütün əcnəbi tələbələrə bu yerləri göstərmək lazımdır. Tariximizi hərtərəfli bilməliyik. Biz Sultan Fatih, Sultan Alp Arslan, Ələddin Keyqubad kimi şəxsiyyətlərin əmanətlərini daşıyan qurumuq. 
   
   - Bu gün Türkiyədə “könül coğrafiyası” adlanan ərazilər vaxtilə Osmanlı dövlətinin tərkibində olub və oralarda türk izlərini yaşadan bir çox abidələr inşa edilib. Onlarla bağlı restavrasiya işləri aparılırmı və bununla bağlı problem yaranmır ki?
   - Biz həmin ölkələrdə də restavrasiya işləri aparırıq. Sarayevo şəhərində İsa bəy məscidini, Makedoniyada başqa bir məscidi bərpa etdik. Maneələrə gəlincə, belə bir vəziyyətlə Yunanıstan və Bolqarıstanda rastlaşdıq. Amma digər ölkələrdə, Bosniya, Makedoniyada, Kosovada heç bir əngəl görmədik. Keçmişini bilməyən, gələcəyini də bilməz. Biz bu tarixi yaşatmalıyıq.
   
   - Mədəniyyət abidələri ilə adətən müvafiq nazirlik məşğul olur. Bu aspektdən yanaşsaq, sizin bu fəaliyyətinizdə Mədəniyyət və Turizm Nazirliyindən fərqiniz nədir? 
   - Bizim gördüyümüz işlər xeyriyyəçilik məqsədi daşıyır. Yəni bütün işləri qarşılıqsız edirik. Bizim əsas mədəniyyət obyektlərimiz məscid, kitabxana, hamam, mədrəsələrdir. Bunların hər biri bizim üçün dəyərlidir, atalarımızın mirasıdır. Osmanlı dönəmində bizim qurumumuz bir nazirlik kimi çalışırdı. 1924-cü ildə, Cümhuriyyət dönəmində ilk qəbul edilən qanunlardan biri “Vəqflər haqqında” qanun olub. Biz hazırda bu qanunun çərçivəsində çalışırıq. Fələstinə getdim və gördüm ki, orada türklərə qarşı böyük sevgi var. Sultan Süleyman da Qüdsdə çox sayda xeyriyyəçilik işləri görüb. Bir düşünün, Sultan Süleyman dönəmində onun xanımı Hürrəm Sultanın Qüdsdə vəqfi var idi. Bu vəqf xeyriyyəçiliklə məşğul olub və hazırda da mövcuddur. 
   
   - Yaxın gələcəkdə mədəni fəaliyyətlə bağlı nələri həyata keçirməyi düşünürsünüz?
   - 17 min mədəni abidənin hər birini təmir-bərpa etmək istəyirik. Bu abidələrin hər biri fəaliyyətlərinə uyğun şəkildə bərpa olunur. Məsələn, əgər əvvəl hamam olubsa, təmirdən sonra elə hamam kimi də fəaliyyət göstərir. Öz arxivimizdə çalışır və vəqfləri, onlara aid mədəni varlıqları aşkar edirik. Hazırda əlimizdə 1 milyon sənəd var. Biz başqa ölkələrdə də vəqfləri araşdırır və onlara da sahib çıxırıq. Bosniyadakı bütün vəqfləri bilirik. İndi isə Makedoniyada, Kosovada eyni fəaliyyəti davam etdiririk. Gəlir artdıqca, dükan da tikirik və buradan əldə edilən gəlir məscidlərin təmir-bərpasına sərf edilir. Bizim vəqf bazarlarımız da fəaliyyət göstərir. İstanbulda “Formula 1” yarışlarının keçirildiyi ərazi də bizim quruma aid idi. İki universitetimiz var ki, bu ali təhsil ocaqlarında ehtiyacımız olan kadrları yetişdirməyə çalışırıq. Bundan başqa, qurumun nəzdində 2 bank, muzeylərimiz, kitabxanalarımız da fəaliyyət göstərir. Muzeylərdə qədim əsərlər qorunur. Vəqflər Baş Direktorluğu olaraq müxtəlif mövzulu həftələr keçiririk. Məsələn, “Vəqflər həftəsi” çərçivəsində vəqfləri tanıdırıq. Qeyd edim ki, Osmanlı dövlətinin özü bir vəqf mədəniyyətidir. Bu baxımdan həftə çərçivəsində vəqf mahiyyətini anlatmağa və tanıtmağa çalışırıq. Bu il “Vəqflər həftəsi” İstanbulda baş tutdu. Mövzumuz Qüdslə bağlı idi. Biz Türk-İslam mədəniyyətinə xas olan vəqf ənənələrini gələcəkdə də davam etdirəcəyik. 
   
   Mehparə Sultanova
   Ankara