Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənliyi keçirilib
   
   Heydər Əliyev Sarayında uşaqlara “Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik təqdim edilib.
   Saraydan bildiriblər ki, şənlikdə Yeni ilin sevilən personajları - Şaxta baba və Qar qız uşaqlarla ünsiyyətdə olub, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirib. İlk dəfə təqdim olunan “Veniamin” şou proqramı uşaqların əyləncəsinə əlavə rəng qatıb.
   Bayram proqramının musiqili qonaqları da olub. Estrada ifaçıları Sadiq Məmmədov, Nicat Cəfərzadə, Dəniz Abbasova, Akif Süleymanbəyli (saksafon), Əhməd Mustafayev, Fərid Quliyevin çıxışları, həmçinin illüzionist və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edib.
   Xalq artisti Faiq Ağayevin çıxışı Yeni il şənliyini uşaqlar üçün daha maraqlı edib.