“Türk dünyası ilə əlaqələr hələ də tam istədiyimiz kimi qurulmayıb.

Xalqlarımızın bir-birini daha yaxından tanıması, qaynayıb-qarışması lazımdır”

Müsahibimiz Türkiyə Cümhuriyyəti Baş nazirinin keçmiş müavini və hazırda Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi Fondunun (TÜDEV) rəhbəri  Tuğrul Türkeşdir.

 

- Tuğrul bəy, Türk dünyası ilə nə zamandan çalışmağa başladınız? Bu bağlılıqda atanız Alparslan Türkeş faktoru necə rol oynayır?

- Mən siyasətin içində yaşayan bir ailədə doğulmuşam. Atam yalnız bir siyasətçi deyil, özünü Türk dünyasına həsr edən, onun bütün məsələlərini yaxından izləyən, araşdırmalar aparan bir insan idi. O, Türk dünyasında xidmətləri olan hər kəsi tanıyır, bir çoxları ilə əlaqə saxlayırdı. Onlar Türkiyəyə gəldiklərində mütləq atamla görüşərdilər. Mən bu söhbətlərin aparıldığı bir mühitdə böyüdüm. Bütün bunlar insanda bir zəmin yaradır. 1980-ci ildən siyasətlə məşğul olmağa başlamışam. Türk dünyası ilə o qədər iç-içə oldum ki, 2016-cı ildə baş nazirin müavini vəzifəsinə təyin edilərkən Baş nazir Əhməd Davudoğlu mənə Türk dünyası ilə əlaqələri həvalə etdi. Bir sözlə, Türk dünyası ilə olan münasibətlər gənclik dövründə başlayan və 40 il ərzində aktiv bir şəkildə davam edən həyatımın bir hissəsidir.

 

- Rəhbərlik etdiyiniz təşkilatın bu sahədə fəaliyyəti barədə nə deyə bilərsiniz?

- TÜDEV 25 illik tarixi olan bir fonddur. Sovet İttifaqının dağılmasından sonra türkdilli respublikalar öz müstəqilliyini qazandılar. Bu mərhələdə Alparslan Türkeş Türkiyədə aralarında tanınmış isimlərin olduğu bir qrup yaradaraq onlara Türk dünyasına səfər etməyi tapşırmışdı. Onlar öyrənməli idilər ki, bu dövlətlər ilə necə bir araya gəlmək, münasibətlərimizi necə inkişaf etdirmək olar. Eyni zamanda qarşıda bir tapşırıq da var idi: Türk dünyası alimlərini, ziyalıları və dövlət rəsmilərini bir araya gətirərək Türkiyədə bir qurultay düzənləmək. Bu düşüncə ilə alimlərdən ibarət heyət Azərbaycanı və Orta Asiyanın türk respublikalarını dolaşdılar, görüşlər keçirdilər və bu toplantının reallaşa biləcəyi qənaəti ilə geri döndülər. O zaman Turqut Özal prezident, Süleyman Dəmirəl baş nazir idi. Türkeş Süleyman Dəmirəlin yanına gedərək Türk dünyasını bir araya gətirən qurultay keçirmək istədiyini bildirdi. O, məsələyə müsbət yanaşır və bu toplantını dövlət səviyyəsində bir dəvət halına gətirir. Beləliklə, 1991-ci ilin ortalarında Türk dünyası Antalyada bir araya gəlir. Süleyman Dəmirəlin iştirak etdiyi tədbirə türkdilli ölkələrdən dövlət rəsmiləri, nazirlər, elm adamları qatılmışdı.

Bu görüş sanki illər öncə bir-birini itirən qohumların yenidən qovuşmasına bənzəyirdi. Çox fərqli hislər idi. Hər kəs bir-birini görməkdən, söhbət etməkdən çox məmnun idi.

Bu qurultay bitdikdən sonra Türkeş elm adamları ilə bir araya gələrək bu görüşlərin davamlı həyata keçirilməsini və bu məqsədlə fond qurmaq istədiyini bildirdi. TÜDEV də belə yarandı. Bu qurultaylar isə keçirilməyə davam edirdi.

 

- Bu qurultaylar digər türk respublikalarında da keçirildimi?

- Təbii ki, ilk zamanlarda türk respublikalarının iqtisadi və siyasi durumu belə tədbirlərə ev sahibliyi etməyə imkan vermirdi. Ona görə qurultaylar Türkiyənin müxtəlif bölgələrində gerçəkləşirdi. 1997-ci ilin 15 aprelində İstanbulda baş tutacaq qurultaya hazırlıqlar davam edərkən Alparslan Türkeş 4 apreldə vəfat etdi. Türk dünyasının qurultayları Türkeş üçün çox mühüm bir məsələ idi və biz elm adamları ilə görüşərək qarşıdakı qurultayın ləğv edilməməsi qərarına gəldik. 8 apreldə Türkeşin dəfnindən sonra İstanbulda qurultayı gerçəkləşdirdik. Bununla da Alparslan Türkeşin qurduğu bu fondu və Türk dünyasını bir-biri ilə qaynaşdırmaq nöqtəsində idealını davam etdirmiş olduq. Qurultayları Samsun, Dənizli, Antalya və digər şəhərlərdə də keçirirdik ki, gələn qonaqlar Türkiyənin bu gözəl yerlərini də görsünlər. Türk respublikalarında da bu tədbirlərə diqqət artırdı. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə 11-ci qurultay Bakıda keçirildi. Bu qurultayların önəmi budur ki, 3-4 günlük fəaliyyətlərin sonunda ortaya bir sıra təkliflər çıxar. Məsələn, TÜDEV toplantılarında verilən qərar və ortaya çıxan fikirlər istiqamətində Türk Dilində Danışan Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk Keneşi (Birliyi) qurulmuş, başqa bir çox qurumların təməlləri atılmışdı. TÜDEV bu gün də eyni istiqamətdə fəaliyyət göstərir. Yaxın günlərdə Türkiyə Prezidentinin himayəsində təkrar qurultay keçirməyi planlaşdırırıq.

 

- Türklər dünyanın bütün coğrafiyalarında yaşamaqdadır. Müxtəlif ölkələrdəki türk icması ilə bağlı Türkiyə və digər türk dövlətlərinin fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Keçmiş Sovetlər Birliyinin türk respublikaları müstəqilliklərinin 27-ci ilində yaşayırlar. Yəni onlar hələ gənc dövlətlərdir. Amma bu illərə baxdığımızda çox böyük, çox gözəl inkişaf olduğunu görürük. Amma kifayətdirmi? Xeyr, kifayət deyil. Türk dünyası ilə əlaqələr hələ də tam istədiyimiz kimi qurulmayıb. Xalqlarımızın bir-birini daha yaxından tanıması, qaynayıb-qarışması lazımdır. Məsələn, təhsil proqramları, tələbə mübadilələri bu məsələdə böyük dəstəkdir. Beləliklə, o zaman xalqlar bir-birlərini tanıyırlar. Eyni zamanda gənclər bir-birini tanıyar, sevərlər.  Bu amillər həm də mədəni inkişafda mühüm rol oynayır.

 

- Siz eyni zamanda bir iqtisadçısınız. Qlobal dünya iqtisadiyyatı çərçivəsində Türkiyə və Türk dünyası haradadır, dünyada söz sahibi ola bilmək üçün nələr edilməlidir?

- Ölkələr arasında iqtisadi əməkdaşlıq etmədən digər sahələrdə əlaqələri genişləndirmək mümkün deyil. Bu baxımdan, TÜRKPA, Türk Keneşi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondu kimi qurumların əməkdaşlıqları varsa, iqtisadi cəhətdən də sıx işbirliyinə sahib olmaq vacibdir. Məsələn, Türk Dünyası Ticarət Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi aktivdir. Belə qurumların sayını artırmaq lazımdır. Əlbəttə, çətinliklər var. Azərbaycan enerjiyə malik olan nisbətən güclü bir ölkədir və Qazaxıstan eyni şəkildə güclü bir ölkədir. Ancaq ortada infrastruktur məsələləri var. Bu məsələlər də tədricən, zamanla həllini tapır.

 

Mehparə SULTANOVA,
Ankara