“Hazırda Azərbaycan nağıllarının ərəb dilinə tərcüməsi ilə məşğulam”
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ölkəmizin mədəni həyatında, birgə layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə seçilir. Mərkəzin direktoru Əhməd Sami əl-Aydi ilə müsahibəmiz də bu barədədir.
- Son illərdə Azərbaycan-Misir mədəni əlaqələrində hansı yeniliklər var?
- Misirlə Azərbaycan arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət və təhsil sahələrində inkişaf edir. Mədəniyyət ölkələrarası əlaqələrdə mühüm rol oynadığı üçün biz də çalışırıq ki, iki xalq bu vasitə ilə bir-birinə daha yaxın olsun. Azərbaycanda 12 ərəb dövlətinin səfirliyi var. Bizim mərkəz 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Fəaliyyətimizin əsas hissəsini mədəniyyət sahəsi təşkil edir. Mərkəzdə müxtəlif yönlü tədbirlər, sərgilər, kitab təqdimatları həyata keçiririk. Burada 10 mindən artıq kitab fondu olan kitabxanamız var. Ərəb dilini öyrənmək istəyənlər üçün ödənişsiz kurslar da fəaliyyət göstərir. Misirdən gələn mütəxəssislər ərəb dilini tədris edirlər.
Biz eyni zamanda Azərbaycanda müxtəlif mədəni tədbirlərdə tərəfdaş olaraq iştirak edirik. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi yubiley tədbirlərinə, kitab sərgilərinə və s. qatılmağa çalışırıq. Bundan əlavə, Misirin və Azərbaycanın tarixi, əlamətdar günlərini qeyd edirik. Bu il gerçəkləşən layihələr sırasında xalqınızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərimizi misal çəkə bilərəm. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitab da Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə təqdim olundu. Çalışırıq ki, fəaliyyətimiz iki ölkə üçün dəyərli olsun, xalqlarımız arasında əlaqələrə töhfə verək. Misirdə də Azərbaycanla əlaqədar tədbirlər təşkil edirik. Beynəlxalq Qahirə kitab sərgisində Azərbaycanın təmsil olunması, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə Misirdə uşaqların rəsmlərindən ibarət sərginin təşkili bu qəbildəndir. Bu sıraya Azərbaycanda Misir ədəbiyyatı günlərini də əlavə edə bilərəm.
- İki ölkə arasında münasibətlərin sovetlər dönəmindəki vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Araşdırmalarım zamanı 1926-cı ilə dair Azərbaycan dövri mətbuatında “Qafqazda Misir izləri” başlığı ilə bir məqalənin adına rast gəldim. Bu bizim üçün çox maraqlı faktdır. Həmin məqaləni tapıb tərcümə etməli və məlumatlarla tanış olmalıyıq. Azərbaycanla Misir əlaqələrinin tarixi kökləri var. Sovetlər dövründə bu əlaqələr görkəmli alimlərin səfərləri, elmi və mədəni münasibətləri üzərində qurulmuşdu. Həmçinin Azərbaycanda Misir filmləri çox sevilib. Bir məsələni də qeyd edim ki, 60-cı illərdə Misirin milli lideri Camal Əbdül Nasir Bakını ziyarət edib. Burada mən onunla görüşən insanlar və onların övladları ilə ünsiyyət imkanı qazandım. SSRİ dövründə bütün azərbaycanlı ərəbşünaslar Misirdə olmuşlar. Mütəxəssislər o dövrdə Misirə çox böyük əhəmiyyət verirdilər. Bunu görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva başda olmaqla tədqiqatçıların əsərlərində görə bilirik. O dövrdə Misir ədəbiyyatı nümunələri rus və Azərbaycan dillərinə tərcümə edilib. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
- Siz də iki ölkənin ədəbi nümunələrinin tərcüməsinə töhfələr verirsiniz...
- 2007-ci ildə Bakı Dövlət Universitetinin aspirantura pilləsində təhsil almaq üçün Azərbaycana gəldim. Fəlsəfə doktorluğu dissertasiyam “Müstəqillik dövrünün Azərbaycan romanı” adlanırdı. Hələ Bakıya gəlməzdən əvvəl Misirdə magistr təhsili alarkən “Qaçaq Nəbi” dastanını ərəb dilinə tərcümə edib bu istiqamətdə bir sıra tədqiqat işləri aparmışam. Azərbaycan dilindən ərəb dilinə və ərəb dilindən Azərbaycan dilinə çoxsaylı tərcümələrim və məqalələrim var. Son irihəcmli tərcümə işim isə Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanını ərəb dilinə çevirmək oldu. Azərbaycan Tərcümə Mərkəzi ilə birlikdə reallaşan bu işdə məqsədim müasir Azərbaycan nəsrini tanıtmaq idi. Əsərdə tarixi məqamlar çox olduğu üçün məcbur idim ki, Azərbaycan tarixini oxuyum. Təsvir edilən tarixi hadisələri dərindən öyrənim, tarixi mənbələrə müraciət edim. Mənalı və savadlı tərcümə üçün həmin hadisəni dərindən dərk edib sonra tərcümə edərək oxucuya çatdırmalı idim. Yazıçı əsəri qələmə alanda hadisələri müəyyən süjet xətti üzrə təqdim edir və bu o qədər də böyük izahat tələb etmir. Amma tərcümədə bütün hadisələr dəqiq təhlil edilməlidir. Məsələn, Azərbaycan xalçası haqqında fikir varsa, xalça sənətinə dair məlumat olmalıdır. Qarabağ atlarından söhbət gedirsə, bu barədə də açıqlamaya ehtiyac yaranır. Ona görə də tərcümə zamanı geniş araşdırmalar apararaq və çoxlu tarixi məlumatlar əldə etmiş oldum.
Bundan əvvəl isə “Müasir Azərbaycan hekayələri antologiyası”nı ərəb dilində nəşr etdirdik. Bu kitab Misir Mədəniyyət Nazirliyinin nəzdində olan Milli Tərcümə Mərkəzi və Azərbaycan Tərcümə Mərkəzinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəldi. Antologiyada Azərbaycanın 20-yə yaxın yazıçısı haqqında məlumat və əsərlərindən nümunələr yer alıb. Akademik Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı” və s. kitablar ərəb dilinə tərcümə edilib. Hazırda Azərbaycan nağıllarının ərəb dilinə tərcüməsi ilə məşğulam. Bir sözlə, məqsədim Azərbaycanın ədəbiyyatını, mədəniyyətini tanıtmaqdır.
- Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi olaraq qarşıda hansı mədəni layihələriniz var?
- Oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq uşaq muğam müsabiqəsində iştirak edəcəyik. Dekabrda “Beynəlxalq ərəb dili günü” (18 dekabr – red.) çərçivəsində Misirdən dəvət olunmuş alimlər Azərbaycanın ali təhsil ocaqlarında mühazirə oxuyacaqlar, ödənişsiz xəttatlıq kursları təşkil ediləcək. Bundan əlavə, Azərbaycanın bölgələrində də Misir mədəniyyəti günləri təşkil etmək fikrindəyik. Birgə əməkdaşlıq üçün bütün səylərimizi əsirgəmirik.
Lalə AZƏRİ