Türk dünyası ilə bağlılığı hələ uşaqlıq illərindən başlayıb. 19 yaşında bir xəyaldan başlayan yolu indi də davam edir. Türkiyə universitetlərində milliyyətçi gənclərin Ülkü Ocaqlarının qurulmasında mühüm rol oynayıb. 90-cı illərdə Türk Ocaqlarının rəhbəri olub. Söhbət Türkiyənin sabiq millət vəkili və dövlət naziri, hazırda isə Milli Düşüncə Mərkəzinin rəhbəri Sadi Somonçuoğlundan gedir.

 

- Sadi bəy, Türk dünyası ilə bağlılığınız nə zamandan başladı?

- Mən Aksaray şəhərində doğulub böyüdüm. Orada lisey olmadığına görə təhsilimi davam etdirmək üçün 1955-ci ildə Ankaraya gəldim. Elə ilk gördüyüm böyük şəhər də Ankara oldu. O illərdə Kipr məsələsi Türkiyə gündəmində müzakirə edilir, böyük nümayişlər keçirilirdi. Kipr hələ ingilis müstəmləkəsi idi. Biz 3-4 gənc bir araya gəldik və gizli bir “Volkan” təşkilatını qurduq. Məqsədimiz Kiprə getmək və mücadiləyə qoşulmaq idi. O zaman 19 yaşım var idi. Bu düşündüklərimiz bir xəyal olsa da, ciddi-ciddi danışırdıq. Marşrutumuz isə belə idi: Samsuna gedəcək, ordan da yük gəmilərinin anbarına keçərək gizli şəkildə Kiprə yola düşəcəkdik. Biz bu xəyala çox inanırdıq. Onu da qeyd edim ki, vətənpərvərlik, Türk dünyasına bağlılıq hisləri ailədən gəlirdi və mən bunu sonradan anladım. Mənim babam tarixi gözəl bilirdi və biz uşaq ikən bizi qucağına alar, marşlar söylərdi:

Anqaranın daşına bax,
Gözlərimin yaşına bax,
Yunan bizi əsir almış,
Bu fələyin işinə bax.

Babam bunu söylədikdə ağlayardı...

 

- Sizin haqqınızda oxuyarkən bir cümləyə də rast gəldim: “1957-58-ci illərdən etibarən Türk Ocaqlarına gəldi və fikirlərinin yetişməsi bu illərdə başladı”…

- Mən Ankaraya gəldikdən sonra dostlarla birlikdə həm də Türk Ocaqlarının kitabxanasına gedirdik. Bu bina 1927-ci ildə, Atatürkün dönəmində tikilmişdi. Milli mücadilə hərəkatına qatılanların da demək olar ki, hamısı Türk Ocaqlarında təmsil olunurdu: Atatürk, İsmət Paşa, Fevzi Çakmak, Yəhya Kamal, Ziya Göyalp və digərləri. Sonra İbrahim Mətin adlı dostumuz dedi ki, yuxarı mərtəbədə gözəl söhbətlər, müzakirələr aparılır, amma bizim bundan xəbərimiz yoxdur. Sonra biz də bu söhbətlərə qatıldıq və Türk Ocaqlarına qoşulduq. Sonralar Türk Ocaqlarının gənclik qollarını qurduq. 1959-cu ildə Türk Ocaqlarının rəhbəri professor Osman Turan idi. Biz belə şəxsiyyətləri dinləyirdik. Türk tarixi, mədəniyyəti, İslam dini və digər məsələlər ətrafında söhbətlər olurdu. Biz də dostlarla birlikdə Türk Ocaqlarının gənclik qollarını qurduq, öncə bir dostumuz, sonra isə mən bu təşkilatın rəhbəri oldum.

 

- Sadi bəy, qeyd etdiyiniz kimi, Ülkü Ocaqlarının qurulmasında da fəal iştirak etmisiniz. Necə gedirdi bu proseslər?

- O zaman Türkiyədə milliyyətçilik bugünkü kimi rahat danışılan bir mövzu deyildi. 1959-cu ildə dostlarımla bərabər universitet gənclərinə milliyyətçilikdən bəhs etdikdə gördüm ki, bu kəlməni heç duymamışlar. Çünki bu mövzunu təhlükəli hesab edirdilər. Bütün dünyada güclü olan dövlətlər milliyyətçidir. Millətini əsasa almayan bir dövlət yaşaya bilməz. O zaman Alparslan Türkeş Cümhuriyyətçi Köylü Millət Partiyasının sədri idi. 1960-cı ildə məni çağırıb, dedi ki, bizim gənclik işlərimiz qarma-qarışıq gedir və buna nəzarət edim. Bir həftə düşündükdən sonra qəbul etdim. O zaman universitetlərdə tələbə dərnəkləri qurulurdu. Bunlar tələbə klubları adlanırdı. İlk öncə kommunistlərin dərnəyi qurulmuşdu. Hər dərnək divar qəzeti çıxarırdı. Mən də 1962-ci ildən fakültələrdə Ülkü Ocaqları tələbə dərnəklərini qurdum. Həmin ildə ali məktəbi bitirdim. Ülkü Ocaqları Ankarada bütün universitetlərdə olduğuna görə hamısı birləşərək Ankara Ülkü Ocaqları Birliyi quruldu. İstanbul, Ərzurum, İzmir və digər şəhərlərdə də eyni proseslər baş verdi. 1967-69-cu illərdə Türkiyədəki bütün fakültə və ali məktəblərdə Ülkü Ocağı tələbə dərnəklərinin qurulması başa çatdı. 1970-ci ildə isə Ülkü Ocaqları Birliyi quruldu. Amma mühüm olan bunları sistematik proqrama salmaq və bu proqram əsasında maarifləndirmək idi. Ona görə də sosioloji araşdırmalar apardıq. Bu mənada Qalib Ərdəm, İskəndər Öksüz, Kamil Turan, Alparslan Türkeş kimi şəxsiyyətlər mühüm rol oynadılar. Öncə bizə qoşulanların sayı az idi, sonra sıralarımız böyüdü. Çünki biz türk millətini müdafiə edirdik. Bizim divar qəzetində Şərqi Türküstan, Krım, Azərbaycan türkləri, Kiprlə bağlı yazılar verilirdi. 1966-1967-ci illərdə o yazıları oxumaq üçün növbə olardı.

 

- Maraqlıdır, o zaman Azərbaycan və Türk dünyası Türkiyədən necə görünürdü? Hansısa tədbirlər keçirə bilirdinizmi?

- Azərbaycanla bağlı tarixdə nə varsa, yada salır, qeyd edirdik. Yürüşlər keçirir, afişalar asırdıq. Məhəmməd Əmin Rəsulzadə daxil olmaqla digər ziyalıları yad edirdik. Qərbi Türküstanda qazax türklərindən olan şəhid Osman Batur var. Hər tərəfə afişalarını vururduq. Krımdan Mustafa Cəmiloğlunu götürək. Yəni Türk dünyasının hər tərəfi ilə əlaqələrimiz var idi. Zeynəb Xanlarova o zaman Türkiyəyə tez-tez gəlirdi. Arada bir şayiə yayıldı ki, onu həbs ediblər. Burda biz az qala yeri-göyü dağıdırdıq. Biz onun ifalarına məftun olurduq. Bir dəfə Qızıl Ay meydanında konsert verdikdən sonra biz onunla görüşmək istədik, amma mümkün olmadı. O, hotelə getdikdə biz ardınca getdik. Hotelin lobbisinə girdik və dedik ki, Zeynəb Xanlarova ilə görüşəcəyik. Gördülər ki, bizi asanlıqla yola salmaq mümkün deyil, otağı ilə əlaqə qurdular. Dedik ki, sizi lobbidə gözləyirik, söhbət etmək istəyirik. Cavab verdi ki, yorulmuşam. Bu qədər də bizə kifayət etdi. Biz o zamanlardan Azərbaycanla özümüzü daha yaxın bilirdik. Azərbaycan radiosunu da dinləyirdik.  Ümumiyyətlə, Osmanlı torpaqlarından kənarda qalan türk bölgələri daim Türkiyənin, xüsusilə də türk milliyyətçilərinin gündəmində olmuşdur.

 

- Sadi bəy, Türkiyədə baş verən məlum 80-ci illər hadisələrində siz də həbs edildiniz. Sonra proseslər necə davam etdi? Türk Ocaqları öz fəaliyyətini nə zaman bərpa edə bildi?

- O zaman bütün partiya və təşkilatlar bağlandı, bizə siyasətlə məşğul olmaq qadağan edildi. Düşündüm ki, vaxtdan istifadə edib xatirələri yazım. 1986-cı ildə Türk Ocaqları açıldı. 1994-cü ildə isə mən Türk Ocaqlarının başqanı oldum. O zaman Türk Ocaqlarına cəmi bir otaq vermişdilər. Ankarada da başqa bir təşkilat yox idi. Çünki bütün dərnəklər, partiyaların hamısı bağlanmışdı. Dedim ki, Türkiyənin hər tərəfindən insanlar həyəcanla bizə gəlirlər. Həm də 80-ci illərdəki millətçilər indiki kimi deyildi, az qala dağları devirərdilər. Yəni belə bir əzm vardı onlarda. Ankarada gedəcək yerləri də yoxdur. Bizə də gəlincə, xəyal qırıqlığına uğrayırlar. Dedim, gəlin pul toplayaq və bir böyük yerə köçək. 4 otaqlı yer tutduq, yenə də sığmadıq. İndiki binanın  yeri mənim başqanlığım dönəmində alındı. Sonra mən millət vəkilliyinə namizəd olduqda istefa verdim. Türk Ocaqlarına başqanlığım dönəmində də Türk dünyası ilə bağlı çox böyük tədbirlər olardı. Elə götürək Novruz bayramlarını. Qapalı idman salonunda elə bir möhtəşəm tədbir keçirildi ki, bu gün də xatırlanır. Qırğızıstandan “Manas” qrupunu da dəvət etmişdik. Yazıçılar, fikir adamlarının da toplantılarını keçirir, konfranslar düzənlərdik.

 

- Azərbaycana da səfər etmisiniz. Düşüncələriniz maraqlıdır…

- 1992-1994-cü illərdə Bakıda oldum. Şəhər və onun tarixi binaları gözəl idi. Şəhidlər xiyabanına getdim. Çox duyğulandım. O məzar daşlarını görüncə dedim ki, şəhidinə dəyər verən Azərbaycan ölməz. Əski tarixi abidələri, tikililəri gördüm. Gənclər hotelə gəlib məni ziyarət etdi, söhbət etdik, dedik ki, bu Azərbaycan dili sanki bir şeir dilidir. Gənclər də dedi ki, sizin də dil bizdə bənzər hislər yaradır.

 

- Əvvəlki illərlə müqayisədə Türk dünyasını necə görürsünüz?

- Türk dünyasının coğrafiyası çox böyükdür. Amma bu coğrafiya böyük güclərin göz dikdiyi bir yerdir. Türk dünyasının inkişafı və bir-birinə yaxınlaşdırılması üçün Türkiyədə çox işlər görüldü, lakin sistemli olmadı. 1993-cü ildən sonra Türk dünyası qurultayları keçirildi. Amma davam etdirilmədi. Dedik ki, yazılan əsərlərin qarşılıqlı tərcüməsi olsun, bir-birimizi daha yaxından tanıyaq, amma olmadı. Bu mənada iqtisadiyyat çox önəmlidir. Gerçəkləşdirə biləcəyimiz kiçik layihələrdən başlayaq. Bu istiqamətdə TİKA daha fəal işləməlidir. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, əvvəlki illərə nisbətən Türk dünyasının inkişafında irəliləyiş var.

Mehparə SULTANOVA
Ankara