Azərbaycan
5 sentyabr 1892 – Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 – 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub.
5 sentyabr 1935 – Xalq artisti, məşhur aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 – 27.6.2013) anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) yaddaqalan obrazlar yaradıb.
6 sentyabr 1936 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Sovet İttifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Azərbaycandan bu ada ilk olaraq Üzeyir Hacıbəyli, Bülbül, Şövkət Məmmədova (1938) layiq görülüblər.
7 sentyabr 1914 – Teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) Bakıda anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.
7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.
8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903-1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.
8 sentyabr 1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906-1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.
8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.
Dünya
5 sentyabr 1568 – İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella; 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 – Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 – Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
5 sentyabr 1946 – Əslən iranlı olan Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Freddi Merkuri (Freddie Mercury – əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 – 2007) vəfat edib.
7 sentyabr 1726 – Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.
7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu; 1909-2003) İstanbulda anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).
8 sentyabr 1830 – Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral; 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
8 sentyabr 1841 – Görkəmli çex bəstəkarı Antonin Leopold Dvorjak (1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.
8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) anadan olub. Milliyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.
Hazırladı: Vüqar ORXAN