Gürcüstan Elmlər Akademiyasında “Koroğlu” dastanının Azərbaycan və gürcü dillərində nəşrinin təqdimat mərasimi keçirilib. Kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisinin “Universal” nəşriyyatında işıq üzü görüb. “Ön söz”ün müəllifi Azərbaycanın Gürcüstandakı səfiri, professor Namiq Əliyev, gürcü dilinə tərcümə edən Zezva Medulaşvili, nəşrin rəhbəri Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmətdir.
   Təqdimat mərasimində Gürcüstan Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze, akademik Roin Metreveli çıxış edərək “Koroğlu” dastanının gürcü dilinə tərcüməsinin əhəmiyyətini vurğulayıblar. Akademik R.Metreveli qeyd edib ki, Azərbaycan xalqının Koroğlu adlı qəhrəmanı Qafqazın ümumi qəhrəmanıdır. Onun xatirəsinə, qəhrəmanlığına Gürcüstanda da ehtiram bəsləyirlər. Gürcüstanda Koroğlunun adını daşıyan xeyli toponim mövcuddur. Tbilisi yaxınlığında, Qocoridə Koroğlu qalası var. Bu, təsadüfi deyil. Çünki Koroğlu bir qəhrəman kimi müstəqillik, azadlıq uğrunda mübariz olaraq həm öz xalqı, həm də gürcülər tərəfindən sevilir.
   Səfir Namiq Əliyev səmərəli əməkdaşlığa görə Gürcüstan Elmlər Akademiyasının rəhbərliyinə təşəkkür edib, “Koroğlu” dastanının iki dildə nəşrinin Azərbaycan-gürcü ədəbi əlaqələrinin dərinləşməsinə, həmçinin iki dili öyrənmək istəyənlərə töhfə olacağını söyləyib.
   Məşhur akademiklər Marika Lordkipanidze, Kuça Kvarasxelia, Zaza Aleksidze, David Musxelişvili, Quram Tevzadze, Quram Lordkipanidze, akademiyanın vitse-prezidenti və parlamentin vitse-spikeri Fridon Todua, mühacirətdə olan Suxumi Universitetinin professoru İndira Dzaqania, İranın Gürcüstandakı səfiri Məcid Sabir, “Varlıq” mədəniyyət mərkəzinin əməkdaşı Tapdıq Yolçu, tərcüməçi Zezva Medulaşvili və başqaları tədbirdə çıxış edərək bu kitabın gürcü tərcümə ədəbiyyatında layiqli yer tutacağına əmin olduqlarını vurğulayıblar. Natiqlər gürcü dastanlarının da Azərbaycan dilinə tərcümə olunmasını arzuladıqlarını deyiblər.