Zamanın səhifələrində qalan olaylar, faktlar...
441 il əvvəl...
4 noyabr 1581-ci ildə Rusiya çarlığı Sibiri fəth edib. Çar IV İvan Qroznının əmri ilə Sibirə yürüşə çıxan Yermakın qoşunları Sibir xanlığının paytaxtı İsker şəhərinə daxil olub, xanlıq Rusiyanın ərazisi elan edilib.
363 il əvvəl...
7 noyabr 1659-cu ildə Fransa ilə İspaniya arasında 1635-ci ildə başlanan müharibə Pireney sülhünün imzalanması ilə nəticələnib. Sülhün şərtlərinə əsasən, İspaniya sərhəd bölgələrindəki bəzi əraziləri, o cümlədən nəzarətində olan Niderlandın bir hissəsini Fransaya verdi. Əvəzində Fransa zəbt etdiyi Kataloniya ərazilərini İspaniyaya qaytardı. Sülhün əsas şərtlərindən biri isə Fransa kralı XIV Lüdoviqin İspaniya taxt-tacının üzvü Mariya Tereza (María Teresa de España) ilə evlənməsi idi.
105 il əvvəl...
7 noyabr 1917-ci ildə Rusiyada tarixə “Böyük Oktyabr Sosialist İnqilabı” kimi düşmüş bolşevik üsyanı qələbə çalıb. Üsyan noyabrın 6-da (köhnə stillə oktyabrın 24-də) Petroqradda (Sankt-Peterburq) fəhlə, əsgər və matrosların dövlət idarələrinə hücumu ilə başlanmışdı. “Müvəqqəti hökumət”in yerləşdiyi “Qış sarayı”nın alınması noyabrın 7-nə keçən gecə baş verdi. “Tavriya” zalında çıxış edən Vladimir Lenin hakimiyyətin sovetlərin (bolşeviklərin) əlinə keçdiyini bəyan etdi.
96 il əvvəl...
6 noyabr 1926-cı ildə Azərbaycan Radiosu fəaliyyətə başlayıb. Bakıda ilk radiostansiyanın verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya – Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.
76 il əvvəl...
4 noyabr 1946-cı ildə BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı olan UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) Nizamnaməsi qüvvəyə minib. UNESCO BMT-nin ən böyük xüsusiləşmiş qurumudur. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.
73 il əvvəl...
7 noyabr 1949-cu ildə Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı “Qara daşlar” adlanan yerdə ilk neft quyusu fontan vurub. Buruq ustası Mixail Kaveroçkinin qazdığı quyuda ilk neft hasil edilib. “Qara daşlar”ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, “Azneftkəşfiyyat”ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə dəniz şəhəri – polad dirəklər üzərində Neft Daşları salındı.
60 il əvvəl...
6 noyabr 1962-ci ildə BMT Baş Assambleyasının 17-ci sessiyasında atmosferdə nüvə sınaqlarının qadağan olunması barədə qətnamə qəbul edilib. Daha sonra bu qətnamə beynəlxalq konvensiyaya çevrildi. Sənədə əsasən, nüvə sınaqları ancaq yeraltı poliqonlarda keçirilə bilərdi.
55 il əvvəl...
6 noyabr 1967-ci ildə Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya – “Bakı Soveti” (“İçərişəhər”) – “26 Bakı komissarı” (“Sahil”) – “28 Aprel” (“28 May”) – “Gənclik” – “Nərimanov Nərimanov” xətti istifadəyə verilib. 6 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.
43 il əvvəl...
4 noyabr 1979-cu ildə İranda “İslam inqilabı qvardiyası”nın üzvləri (tələbələr) ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüblər. Onların tələbi ABŞ-da sığınacaq tapmış İran şahı Məhəmməd Rza Pəhləvinin təhvil verilməsi idi. Vaşinqton bundan imtina etdi. Girovların azad edilməsi ilə bağlı danışıqlar bir ildən çox sürdü. 1980-ci ilin aprelində onların bir qismi azad edildi. Sonuncu girovlar isə 1981-ci il yanvarın 20-də, ABŞ-ın yeni prezidenti Ronald Reyqanın inauqurasiya günü azad edildilər.
27 il əvvəl...
4 noyabr 1995-ci ildə İsrailin Baş naziri İshak Rabin iştirak etdiyi mitinqdə israilli gənc İqal Amir tərəfindən qətlə yetirilib. Terrorçu bu addımı İ.Rabinin Fələstin lideri Yasir Ərəfatla sülh razılaşması (1994-cü ildə) imzalanmasına etiraz olaraq atdığını bəyan etdi.
Hazırladı: V.Orxan