XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında 30-dan çox ölkə təmsil olunur


11-15 noyabr tarixində Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Bu il festivala 79 ölkədən 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar.

Builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə on film yer alır.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.

“Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Festivalın filmləri 5 gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda olacaq.

 

 

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi. Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur.

Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.