Ailəsi haqqında serial şahzadə Harrinin populyarlığını minimuma endirib

 

Britaniya şahzadəsi Harrinin populyarlığı onun özü, həyat yoldaşı Meqan Markl və uşaqları haqqında sənədli serialın yayımlanmasından sonra minimuma enib.

“The Daily Telegraph” qəzeti yerli şirkətlərdən birinin keçirdiyi sorğunun nəticələrinə istinadla yazır ki, rəyi soruşulanların 59 faizi III Karlın kiçik oğluna mənfi, 33 faizi isə müsbət münasibət bəsləyir. Meqan Markla münasibət isə 64 faiz mənfi, 25 faiz müsbət olub.

Qeyd edək ki, hazırda ABŞ-da yaşayan cütlük məhkəmələrdən başı açılmayan (o cümlədən təcavüz ittihamı ilə) şahzadə Endryu (III Karlın kiçik qardaşı) istisna olmaqla, Britaniya kral ailəsinin ən az populyar üzvləridir. Krallığın ən məşhurları isə Harrinin böyük qardaşı Uels şahzadəsi Vilyam və onun həyat yoldaşı şahzadə Ketrindir. Respondentlərin müvafiq olaraq 77 və 72 faizi onlara müsbət münasibət bəsləyir.

Mühafizəkar ingilislərin Sasseks hersoqu Harriyə və xanımına münasibətləri dekabrın 8-də onların həyatı haqqında serialın birinci hissəsinin “Netflix” videoservisində premyerasından sonra yaranıb. Britaniya mediası cütlüyün tanışlığından və dərisinin rənginə görə krallıqda Meqan Marklın üzləşdiyi çətinliklərdən bəhs edən sənədli film layihəsinin ilk üç seriyasını tənqid edib. “The Daily Telegraph”ın kral ailəsinə yaxın mənbəyə istinadla yazdığına görə, filmdə Birləşmiş Krallığın “Britaniya imperiyası 2.0” ilə müqayisə edilməsi ölkə və monarxiya üçün təhqiredicidir.

V.Kamal