Kollektiv əməyin məhsulu olan kinonun uğur qazanmasında operatorların rolu əvəzsizdir. Həyat hekayələrinin, düşünülmüş hadisələrin inandırıcı təsir bağışlamasında düzgün mizanlanmış kadrların, həssas görüntülərin əhəmiyyəti böyükdür.  

Tanınmış kinooperator Əlihüseyn Hüseynov (10.12.1922 – 4.6.1987) da imza atdığı hər bir yaradıcılıq işində peşəkarlıq nümayiş etdirib, üslub zənginliyi ilə diqqət çəkib. 30-dan çox müxtəlif janrlı filmdə (o cümlədən 20-dən artıq sənədli, 9 tammetrajlı bədii, 2 animasiya) quruluşçu operator, operator assistenti, ikinci operator kimi çalışıb, özünəməxsus dəst-xətt ilə seçilib. Sənətkarı anadan olmasının 100 illiyi münasibətilə yad edərək yaradıcılıq yoluna nəzər salmaq istəyirik.

Qubada anadan olan Əlihüseyn Hüseynov kinoya, fotoqrafiya sənətinə hələ məktəbdə oxuyarkən maraq göstərib. Ali kino təhsili almaq istəsə də, İkinci Dünya müharibəsinin başlaması arzularını yarımçıq qoyub. O da cəbhəyə yollanıb. Əvvəlcə mühəndis istehkamçı batalyonunda atıcı kimi hazırlıq keçib, sonra I Ukrayna cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb, uzun müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub.

Bir müddət Quba Sənaye Kombinatında fotoqraf işləyib. Sevdiyi işlə məşğul olsa da, kinooperator olmaq məqsədilə 1948-ci ildə Moskvaya gedib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə daxil olub. Ali kino təhsilini bitirib (1954) vətənə qayıdıb, Bakı kinostudiyasında (indiki “Azərbaycanfilm”) işləyib.

İlk dəfə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” bədii filmində (1955) kinooperatorlar Teyyub Axundovun və Cavanşir Məmmədovun assistenti olub. Bundan sonra “Qara daşlar”, “Əmək və qızılgül” kinodramlarında ikinci operator kimi çalışıb. Görkəmli kino xadimləri ilə çiyin-çiyinə işləməsi operatorun peşə təcrübəsini artırıb, müxtəlif mövzularda sərbəst işləməsinə imkan yaradıb.   

60-cı illərdə kinostudiya ilə yanaşı, televiziyada da çalışır. Televiziyada “Bizim opera” (rejissor-ssenarist-operator), “Süd kombinatında” (rejissor-ssenarist-operator), “Konsert” (operator), kinostudiyada “Mahnı qanadlarında” (rejissor-operator), “Pambığın suvarılması texnikası” (rejissor-operator), “Çobanlar” (rejissor-operator), “Bacarıqlı əllər” (rejissor-operator) və başqa sənədli filmlər çəkib. “Aygün” bədii televiziya filminə (1960) müstəqil operator kimi quruluş verdikdə isə fərdi yaradıcılıq üslubunu daha geniş planda təsdiqləyib.

Kinooperator Fəramiz Məmmədovla Əlihüseyn Hüseynovun yaradıcılığına daha yaxından bələd oluruq: “Əlihüseyn peşəkar operator idi. Onu kinostudiyaya gəldiyim ildən (1959) tanıyırdım. O vaxt telestudiyada “Aygün” filmini çəkirdi. Bir gün kinostudiyaya gəlmişdi. Filmin gecə çəkilişləri üçün ona yüksəkkeyfiyyətli həssas lent lazım idi. Həmin vaxtlar mən kinostudiyada operator assistenti kimi çalışırdım. Çəkdiyim kadrlara (şəhərin gecə mənzərələrinə) baxdı, bəyəndi və ona Bakının gecə təsvirləri lazım olduğunu bildirdi. “Əlimdə həssas lent olmadığı üçün işıq çatışmazlığı yaranır, gecə kadrları keyfiyyətli alınmır”, – dedi. Ona lazım olan kadrları çəkib çatdıracağımı söylədim və bulvara gedib istədiyi təsvirləri, gecə kadrlarını 24 kadr yerinə 12 kadr etdim. Bu kimi çəkilişlə gecə təsvirlərini işıqlı şəkildə əldə etdim. Həmin kadrları heç bir əmrə əsasən yox, dost kimi çəkib Əlihüseynə təhvil verdim, o da bəyəndi, filmə daxil etdi...”.

Bundan sonra bir neçə sənədli film ekranlaşdıran Əlihüseyn Hüseynovu kinorejissor Arif Babayev çəkdiyi “Zirvə” novellasına operator kimi quruluş verməyə dəvət edir. Əməkdar mədəniyyət işçisi, kinooperator Sərdar Vəliyevin bu filmlə bağlı xatirələri yerinə düşür: “Əlihüseyn sənətinin ustası idi. Onunla “Zirvə” novellasında birgə çalışmışıq. Filmin natura çəkilişlərinə məkan axtarışı üçün birhəftəliyə (filmin rejissoru, rəssamı, direktoru, operator və mən) Şimali Qafqaza, Nalçik şəhərinə ezam olunduq. Çəkilişləri şəhərin yaxınlığında olan Elbrus dağında aparmağı qərara aldıq. Bir müddət sonra yaradıcı heyətlə birlikdə yenidən Nalçikə getdik. Ordan da şəhərin yaxınlığında yerləşən, alpinistlər üçün salınan şəhərciyə yollandıq. Bələdçilik etmək üçün bizə 6 nəfər alpinist ayırdılar. Texniki avadanlıqları maşına yığırdıq, dağın ətəyinə çatdıqda isə alpinistlərin köməyi ilə dağa qaldırırdıq. Qalxdığımız yüksəklikdən aşağı baxanda adamı vahimə bürüyürdü. Hər yer buz bağlamışdı. Filmin qəhrəmanlarının dağa çıxdığı kadrları Elbrus dağında çəkdik. Təbii ki, çəkilişləri əl və çiyin kamerası ilə aparırdıq. Alpinistlər bizi iplə bağlayıb bir-bir yuxarı çəkirdilər. İşimizi qurtardıqdan sonra eyni çətinliklə də dağdan enirdik. Çox əziyyətli bir film idi. Bir ay Nalçikdə qaldıq.

Əlihüseyn həmişə çalışırdı ki, kadrlar yaxşı alınsın. Operatorluq sənətinin bir çox sirlərini ondan öyrənmişəm. Onu özümə müəllim hesab edirəm. Bəzən  operatorlardan nəsə soruşanda “sonra başa salaram” deyirdilər. Əlihüseyn isə çəkilişi saxlayırdı, hamısını başa salırdı, sonra işinə davam edirdi. Çox mədəni insan idi, həmişə də gülümsəyirdi.

Filmin dekorasiya çəkilişlərini Bakıda çəkdik. Montaj vaxtı bəzi səhnələri çəkmək lazım gəldi. Həmin kadrları Quba-Xaçmaz yolunun kənarında yerləşən Beşbarmaq dağında çəkdik. Filmi 5 aya təhvil verdik. Bu filmdən sonra mən xronika şöbəsində işləməyə başladım. Orda peşəkar rejissorlar çalışırdı. Bir ildə 30 sənədli film çəkilirdi. Həmin filmlərdən 16-sı ümumittifaq ekranlara göndərilirdi, qalanı isə respublikada nümayiş olunurdu. Bir müddət sonra  Əlihüseyn də orda çalışdı. Bir neçə sənədli film çəkdikdən sonra oradan getdi...”.

Sənətini sevən, mövzuya aid kadrları ustalıqla ekranlaşdıran operatorun bədii kinoda az fəaliyyət göstərməsi təəssüf doğurur. Onun quruluş verdiyi “İstintaq davam edir” filmində natura çəkilişləri, şəhərin mənzərəsi, dənizin gözəlliyi mövzunun axıcılığına rəvac verir, personajların xarakterləri, məqsəd və düşüncələri dəqiq prizmadan göstərilir. “Qanun naminə” filmində isə operatorun müxtəlif rakurslu planlardan bacarıqla istifadə etməsi hadisələrin məzmununu diktə edir, tamaşaçını hadisələrin şahidinə çevirir. Personajların həyat mövqeyi, düşüncə və davranışları məqamında nəzərə çarpır, kadrların daxili dinamikası təmin edilir. 

Fəramiz Məmmədovun hər iki filmlə bağlı qeydləri: “İstintaq davam edir” filmində Əlihüseynlə operator assistenti kimi çalışdım. Çox bacarıqlı operator idi, amma hərdən quruluşçu rejissor Əlisəttar Atakişiyevlə mübahisələri olurdu. Əlisəttar müəllim Əlihüseynin yaradıcılığını çox bəyənirdi. Buna görə də onunla işləyirdi. Mübahisələri düşsə də, sonda yenə də Əlihüseynin çəkdiyi kadrları saxlayıb filmə daxil edirdi. 

“Qanun naminə” filmində Əlihüseynlə ikinci operator kimi işlədim. Filmə kinorejissor Muxtar Dadaşov quruluş verirdi. O özü də sənədli kino ustası (rejissor-operator kimi) idi, Əlihüseynin işlərini çox bəyənirdi. Filmin natura çəkilişlərini Zığda, Şamaxıda, Qusarda apardıq. Qaloşun qayadan yıxılma səhnəsini helikopterdən çəkdik. Mehmanın turnikdə idman etdiyi və Qaloşun bu zaman namaz qıldığı kadrları bir neçə üsuldan istifadə edərək (o cümlədən sallanaraq) lentə aldıq. Filmin baş qəhrəmanını canlandıran Bimbolat Vatayev idmançı idi, atı da özü sürürdü, rolunu da çox həvəslə oynayırdı. Onunla işləmək çox rahat idi. Əlihüseyn işini gözəl bildiyinə görə bəzi hallarda rejissor işinə müdaxilə edirdi, təkliflərini verirdi. Muxtar müəllim də onun fikirlərinə etiraz etmirdi.  

Əlihüseyn həmişə çalışırdı ki, kadrlar keyfiyyətli olsun. Həmin filmdə bir sıra maraqlı kadrlar var ki, Əlihüseyn özü onları fikirləşib tapır, istədiyi təsvirləri quraşdırma kadrlarla filmə daxil edirdi. Məsələn, Züleyxanın yuxusunda onu qovan əqrəbin fırlanması, dindirilən adamların portretlərinin yerdəyişməsi və s.

Kinostudiyanın laboratoriyasından ən çox Əlihüseyn istifadə edirdi. Aparatlar vasitəsilə su damcıları, dumanlı təsvirlər və digər lazımlı görüntülər əldə edirdi. Çox istedadlı, savadlı adam idi. Fasilə zamanı dünyada baş verən ictimai-mədəni proseslərdən danışırdı, fəlsəfi fikirləri bizi heyran edirdi. Bir neçə dəfə evlərində olmuşam. Qonaqpərvər insan idi. Təəssüf ki, ailə qurmadı. Evində tək yaşayırdı. Qardaşı Əkrəm ona çox dayaq olurdu. Ömrünün sonuna yaxın onda tək qalmaq fobiyası yaranmışdı. Bizə “məni tək qoymayın, tez-tez gəlin” deyirdi. Bir müddət sonra eşitdim ki, dünyasını dəyişib. Düşünürəm ki, bəlkə də, təkliyi də onu məhv elədi. Allah ona rəhmət eləsin...”.

Şəhla Əmirli
kinoşünas