Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi davam edir. Layihənin fevralın 27-də reallaşan növbəti təqdimatı XIX əsrdə yaşayıb-yaratmış xanəndə Səttarın həyat və yaradıcılığına həsr olunub.
Tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycan muğam ifaçılığında iz qoyan xanəndənin sənət yolu haqqında məlumat verib. Bildirilib ki, musiqişünas Firidun Şuşinski öz məqaləsində Səttarın sənətkarlığını yüksək qiymətləndirib. Musiqişünas bu barədə yazır: “...Səttarın konsertlərində Tiflisdə yaşayan rus və italyan musiqi həvəskarları iştirak edir və özlərinin konsertlərinə qatılmaq üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin dirijoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdı”.
Səttar Tiflisin musiqi həyatında mühüm rol oynayıb. O, nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq verib. Beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şifflə birgə iştirak edib.
Xanəndə Səttar Tiflisin indiki “Nəbatat bağı”nda əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilib.
Tədbir çərçivəsində BMM-in solistlərinin ifasında muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olunub.
Lalə Azəri