Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış tədbirləri davam edir.

Bu çərçivədə martın 31-də keçirilən növbəti tədbir Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdi. Retrospektiv baxış üçün isə Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filmi seçilmişdi.

Fondun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən bəhs etdi, bu faktların bədii və sənədli kinoda zaman-zaman özünün ifadə formasını tapdığını dedi. Sonra o, Azərbaycan kino sənətində məxsusi yeri olan rejissor,  kinooperator, ssenarist, rəssam Ələkbər Muradovun (1948-2013) yaradıcılıq yoluna nəzər saldı.

Bildirildi ki, yaradıcılığa hələ tələbə ikən – Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ali təhsil aldığı dövrdə başlayan həvəskar operator ali məktəbin nəzdində fəaliyyət göstərən “Azneftximfilm” studiyasında özünün ilk ekran təcrübələrini edib. Onun filmoqrafiyasına müxtəlif janrlı 30-dan artıq ekran əsəri daxildir. “Qərib cinlər diyarında”, “Mən nəğmə qoşuram”, “Qorxma, mən səninləyəm!” bədii filmlərində II operator kimi işləyib, “Zirzəmi”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” bədii filmlərinin quruluşçu operatorudur. “Anaya məktub”, “Gəmiqaya”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsrəddin Tusi”, “Təkəlduz”, “Qonaq-qaralı ev” sənədli filmləri də kinooperatorun yaradıcılıq nümunələridir.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə onun cəsarətli operator, maraqlı rejissor, fərqli düşüncə tərzinə malik insan olmasından danışdı. Bildirdi ki, Ə.Muradov hər zaman gündəmdə olan mövzulara müraciət edib, dövrünün aktual problemlərini, hadisələri lentlərə köçürməyi özünə vəzifə borcu sayıb. Sənətkar özünü rejissor kimi tammetrajlı bədii filmdə də sınayıb və “Güllələnmə təxirə salınır” kimi maraqlı, cəsarətli psixoloji dram ərsəyə gətirib.

Çıxışların ardınca “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş “Yaddaşın rəmzi. Quba-1918”  filmi nümayiş olundu. Arxiv sənədlərinə əsaslanan film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirir. 30 dəqiqəlik sənədli filmdə soyqırımının tarixi kökləri də təhlil edilir.

Həmidə