Aprelin 20-də Kino Forumunun “İdeologiya. Milli kino: dünən, bu gün və sabah” adlı ilk panelində “Mədəniyyət siyasətində kinonun rolu”, “Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi” və “Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri” mövzuları ətrafında çıxışlar dinlənildi.
Teleaparıcı Vüsalə Məmmədovanın moderatorluğu ilə keçirilən paneldə kinorejissor, Xalq artisti Vaqif Mustafayev mədəniyyət siyasətində kinonun rolu və mövzu seçimi ətrafında fikirlərini bölüşdü.
Kinorejissor, Əməkdar incəsənət xadimi Rafiq Quliyev keçmişlə müqayisədə film sənayesinin ideologiyadan nisbətən uzaqlaşdığını, lakin kino ilə tamaşaçı arasında ünsiyyətin zəiflədiyini dilə gətirdi. Kinonun sosial sifarişdən çox, dövriyyəyə hesablanmasının narahatlıq doğurduğunu qeyd etdi.
Kinorejissor, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev hər bir xalqın özünəməxsus kino dilinin olması, milli kinomuzun öz simasının formalaşmasının vacibliyini vurğuladı. Dedi ki, bu gün vətənpərvərlik, Qarabağ Zəfəri, qəhrəmanlıq mövzulu film və seriallara ehtiyac var.
Yaradıcı insanların, kino ictimaiyyətinin bir arada olmasından məmnunluqla danışan kinorejissor, aktyor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bu formatda müzakirəni kinomuzun sabahı naminə əhəmiyyətli addım kimi dəyərləndirdi. Qeyd etdi ki, bu sahədə çoxlu problemlər var və onlardan da ən əsası ixtisaslı kadrların azlığıdır. Bu da öz növbəsində filmlərin texniki və yaradıcılıq baxımından keyfiyyətinə mənfi təsir göstərir.
Ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu hazırda kinematoqrafiyanın əsas etibarilə bazarla, tələbatla səsləşməli olduğunu dedi, bu sahənin idarəçilik və təşkilatçılıq baxımından yeni tendensiyalara açıq olmasının vacibliyini vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, dramaturq, ssenarist İlqar Fəhmi kinodramaturgiya, filmlərimizin mövzu dairəsi, ssenaristlərin film istehsalatında yeri və mövqeyinin müəyyənləşməsi, ideoloji kontekstdə kinonun təsir gücünün nəzərə alınmalı olduğunu dedi.
Kinorejissor Teymur Hacıyev isə kinematoqrafiyanın qlobal dünya ilə rabitə üçün mühüm vasitə olduğunu bildirdi.
Həmidə Nizamiqızı