“Yarımçıq xatirələr” İstanbulda nümayiş olunub

 

11-15 iyul tarixlərində İstanbulda 15 Temmuz Dərnəyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “On5sıfır7 Film Həftəsi” keçirilir.

Açılış mərasimində çıxış edən 15 Temmuz Dərnəyinin sözçüsü Zekeriyya Erdem 2015-ci il iyulun 15-də Türkiyə dövlətinə qarşı çevrilişin millətin dirənişi ilə baş tutmadığını və bu mövzunun həm ədəbiyyatda, həm kinoda çeşidli yönlərdən işıqlandırılmasının vacibliyini bildirib. O vurğulayıb ki, çevriliş cəhdinə qarşı kütləvi xalq müqaviməti hər hansı siyasi qurumun təşkil etmədiyi, təbii olaraq yaranan sivil bir dirəniş dastanıydı və biz bu dastanı mütləq sənətə köçürərək gələcək nəsillərimizə ötürməliyik.

Film həftəsinin proqramında 10-dan çox ölkədən bədii və sənədli ekran əsərləri yer alıb. Onların arasında  kinorejissor Elxan Cəfərovun Qarabağ müharibəsindən bəhs edən “Yarımçıq xatirələr” bədii filmi də var. Ekran əsəri 2015-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

“On5sıfır7 Film Həftəsi”nin açılışında çıxış edən Elxan Cəfərov Türk dünyası əməkdaşlıq təşkilatlarının kino sahəsində daha sıx əlaqələr qurmasının vacibliyindən danışıb. Bildirib ki, tarixi qədər zəngin olan türk coğrafiyasında keçmişdən günümüzə gəlib çatan mirası gələcəyə daşımanın ən gözəl vasitələrindən biri kinodur və sənət aləmi üzərinə düşən missiyanı uğurla gerçəkləşdirmək üçün dövrün bütün fürsətlərindən yararlanmalıdır.

Qeyd edək ki, kino həftəsində “Yarımçıq xatirələr” bədii filmi iyulun 12-də nümayiş olunub.