Görkəmli Azərbaycan yazıçısı, ictimai xadim Cəlil Məmmədquluzadənin 140 illik yubileyi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsində elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Mirzə Cəlilin Azərbaycan ictimai fikir tarixindəki, milli ədəbiyyatımızdakı xidmətlərindən, yaradıcılığının ideya-bədii məziyyətlərindən danışdı. Universitetin dosenti Əbülfəz Əzimli “Mirzə Cəlil realizmində həyati gerçəkliyin inikası” elmi məruzəsində Azərbaycan tənqidi realizminin əsas simalarından olan C. Məmmədquluzadənin yaradıcılığını vətəndaşlıq yanğısından yoğrulmuş ifşa realizmi kimi səciyyələndirdi, onun əsərlərini real obrazlar əsasında təhlil etdi. Filologiya elmləri namizədi, dosent Fərqanə Kazımova “Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar” adlı məruzəsində Molla Nəsrəddin ədəbi məktəbinin banisi Mirzə Cəlilin nakam şair, dini xürafata qarşı mübariz Ə. Qəmküsarın yaradıcılıq taleyindəki rolundan bəhs etdi, bu iki məsləkdaş arasındakı şəxsi və ədəbi əlaqələrini faktlarla nəzərə çatdırdı. “Mirzə Cəlil yaradıcılığında ana dili məsələsi” barədə məruzə edən filologiya elmləri namizədi, dosent Arif Ağalarov yazıçının milli dilimizə sonsuz sevgisindən, xalq dili əsasında Azərbaycan ədəbi dilini formalaşdırmasından söz açdı, ədibin “Anamın kitabı” pyesi və “Lisan bəlası”, “Bizim obrazovonnılar” kimi felyetonlarında dil məsələlərinin qoyuluşundan danışdı. C. Məmmədquluzadə adına Ədəbiyyat Muzeyinin direktoru Sübhi Kəngərli muzeydə yer alan C. Məmmədquluzadə fondu, keçiriləcək yubiley tədbirləri barədə məlumat verdi.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar