Tanınmış fırça ustası, pedaqoq, Əməkdar rəssam İsa Məmmədov 22 iyun 2024-cü il tarixində, 68 yaşında vəfat edib.

İsa Məmməd oğlu Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının Qafan rayonunda anadan olub.

1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.

Rəssamın “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. kimi əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Türkiyədə (2009), Almaniyada (“Bakı-Berlin” qalereyası, 2010), eləcə də Bakıda sərgiləri keçirilib.

İsa Məmmədov uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində iki dəfə (2016, 2020) fərdi sərgiləri də təşkil edilib.

Sənətkar 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. O, Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.

Allah rəhmət eləsin.