Londondakı Britaniya Muzeyində İpək Yoluna həsr olunmuş sərgi təşkil edilib. Muzeyin saytında yer alan məlumata görə, “İpək Yolları” (“Silk Roads”) sərgisi 29 milli və beynəlxalq tərəfdaşla əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və tarixi İpək Yolunun hər yerindən olan eksponatları görmək üçün unikal şansdır.
Bizans zərgərlik məmulatları və ən qədim şahmat fiqurları da daxil olmaqla bir sıra artefaktları nümayiş etdirən sərgi eramızın təqribən 500-1000-ci illərinə diqqət yetirən vizual bir şoudur.
“Bu sərgi İpək Yolu ilə bağlı bəzi insanların gözlədiyindən tamamilə fərqli bir baxış təqdim edir... Şərq və Qərb arasında vahid ticarət yolu əvəzinə, biz İpək yollarını cəm şəkildə... Asiya, Afrika və Avropadakı bütün icmaları birləşdirən kəsişən şəbəkələr silsiləsi kimi göstəririk. Biz göstəririk ki, təkcə ipək və ədviyyatlar deyil, həm də insanlar, əşyalar və ideyalar bəzən nəinki quruda, dəniz və çay vasitəsilə böyük məsafələri qət edib. Belə mübadilələr bütün kontekstlərdə baş verib”, – deyə sərginin kuratorlarından Syu Brunning bildirib.
Sərgidə Özbəkistan və Tacikistanın Böyük Britaniyada indiyə qədər nümayiş etdirilməmiş eksponatları xüsusi diqqət çəkir, bu, həm də qitə miqyasında Mərkəzi Asiyanın əhəmiyyətini vurğulayır.
Britaniya Muzeyindəki “İpək Yolları” sərgisi 2024-cü il sentyabrın 26-dan 2025-ci il fevralın 23-dək ziyarət üçün açıqdır.