“Gün gələcək, Göyçə mahalında da belə bir mərasim keçirəcəyik”
Sentyabrın 30-u Azərbaycanın mədəni həyatında xalqımızın çoxəsrlik ədəbiyyat tarixi, saz-söz sənəti ilə bağlı əlamətdar bir hadisə baş verib.
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Paytaxtın Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda qoyulan abidənin açılışının bu tarixə təsadüf etməsi aşıq sənətimizlə bağlı başqa bir əlamətdar faktı da yada salır. 15 il əvvəl, 30 sentyabr 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. Bu barədə qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Əbu-Dabi şəhərində (BƏƏ) keçirilən 4-cü sessiyasında qəbul edilib.
Nə xoş təsadüf ki, Azərbaycan aşıq sənətinin azman sənətkarının abidəsinin açılışı da belə bir gündə gerçəkləşib.
Eyni zamanda, bu mərasim, sadəcə, mədəniyyət, ədəbiyyatla bağlı hadisə kimi yadda qalmadı. Dövlətimizin başçısı mərasimdə çıxışı zamanı Azərbaycanın tarixinə, son bir neçə ildə yaşadığımız şanlı Zəfər səhifələrinə nəzər salaraq gələcək üçün mühüm tarixi mesaj da verdi.
Prezident İlham Əliyevin çıxışından
Bildiyiniz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki sərəncam imzalamışam. Bir sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.
Bu gün bu tədbirdə iştirak edənlər Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı danışacaqlar. Sadəcə olaraq, onu demək istəyirəm ki, o, görkəmli şəxsiyyət, vətənpərvər insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, öz vətəninə qayıtmışdır.
Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri vətən həsrəti ilə yaşayırlar.
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.
Hədəflərimiz həm qısamüddətlidir, həm də uzunmüddətli
Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.
İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır.
Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük.
Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, – hər halda, özlərini belə sayanlar, – bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.
Bu abidə xalqımızı yenə bir amal uğrunda birləşməyə dəvət edir
Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.
***
Mərasimdə daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış ediblər.
Yazıçılar Birliyinin sədri Anar: “Son illərdə Bakıda dörd böyük bəstəkarımızın – Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, üç böyük müğənnimizin – Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin heykəlləri ucaldılıb. Bu heykəllərin əksəriyyəti o vaxt ucaldılır ki, biz tariximizin ən şərəfli, ən qürurlu günlərini yaşayırıq. Müzəffər Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoydu, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları azad olundu...
Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Amma Orta əsr şairlərinin dillərində ərəb, fars kəlmələri o qədər çoxdur ki, indi onları yeni nəsillər lüğətsiz oxuya bilmirlər. Aşıq Ələsgərin, ümumiyyətlə, aşıq poeziyasının dili isə o qədər şəffafdır, bulaq suyu kimi o qədər təmizdir ki, onu biz lüğətsiz oxuyuruq...
Mən sizə bəstəkarlar və musiqiçilərin heykəlləri haqqında dedim, amma onu da demək istəyirəm ki, bu illərdə bizim ədəbiyyatımızla da bağlı heykəllər ucaldılıb. Dədə Qorqudun, Koroğlunun, Türk dünyasının böyük klassikləri Əlişir Nəvainin, Çingiz Aytmatovun və bu gün də Aşıq Ələsgərin heykəli ucaldılıb. Ona görə də mən Yazıçılar Birliyi adından bir daha cənab Prezidentə təşəkkürlərimi və minnətdarlığımı bildirmək istəyirəm.
Sonda bir arzumu da bildirmək istəyirəm, cənab Prezident, gün o gün olsun ki, Cəlil Məmmədquluzadənin heykəlinin də açılışına gələk...”.
***
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı: “Ulu öndərimiz Heydər Əliyev vaxtilə Dədə Qorqudun yubileyində bir məşhur cümlə işlətdi, dedi ki, ozan, aşıq mədəniyyəti bizim milli varlığımızın ən mötəbər qaynağıdır. Doğrudan da, bütün sonrakı dönəmdə bizim bu yoldakı irəliləyişimizdə Prezident cənab İlham Əliyev də bu məsələni diqqətdə saxladı. Gördük ki, böyük Dədə Qorqud abidəsi, möhtəşəm Koroğlu heykəli ərsəyə gəldi. Bu gün ucaldılan Aşıq Ələsgər heykəli də bir daha bu doğru yolun nə qədər diqqətdə olduğu, vacib olduğu mənasında bizim diqqətimizdədir...
Elə sənətkarlar var ki, onlar mənsub olduqları sənət sahəsində öz qüdrətləri ilə həmin sahənin rəmzinə çevrilirlər. Bu mənada Aşıq Ələsgər də ozan-aşıq mədəniyyətinin rəmzi olan, onun sənət pasportu rolunu oynayan bir şəxsiyyət, bir sənətkar səviyyəsindədir və hamımızın da gözündə o ucalıqda dayanır. Aşıq Ələsgərin dili, poeziyası Azərbaycan dilinin, Azərbaycan ruhunun, türk ruhunun, belə deyək ki, çox monumental bir göstəricisidir... Aşıq Ələsgər sıradan bir aşıq deyil, o, böyük ustaddır, filosof ustaddır...
O mənada mən düşünürəm ki, Aşıq Ələsgər irsinə Ulu öndərimiz Heydər Əliyevin verdiyi böyük dəyər, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin də ucaltdığı bu heykəl, doğrudan da, hamımız üçün bir qürur mənbəyidir, elə bir ümid yeridir ki, heykəlin ikinci açılışı Göyçəmizdə olacaq və Göyçədə Aşıq Ələsgər heykəlinin açılışı sizli-bizli bir yerdə olacaq...”.
***
Çıxışlardan sonra Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını edib.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.