“Qırğızıstan ilin dörd fəslində istirahət üçün əlverişlidir”
   
   Bu gün digər Orta Asiya respublikalarında olduğu kimi, Qırğızıstanda da turizmin müxtəlif növləri inkişaf etməkdədir. Qırğızıstanın “Air&MeDi” səyahət şirkətinin rəhbəri və Türkiyə Sağlamlıq Turizmi Şurasının Qırğızıstan təmsilçisi Dinara Koldoşeva ilə söhbətimizdə bu mövzuya toxunduq. 
   
   - Qırğızıstan turizminin əsas özəllikləri nədən ibarətdir və turistləri bu ölkədə özünə cəlb edən nədir?
   - Qırğızıstan təbiətinin unikallığı onun bir neçə iqlim zonasında yerləşməsi ilə şərtlənir. Bu, Fərqanə vadisinin subtropik zonasından Talas və Çuy vadilərinin yarımsəhra iqlimi və İssık-Kul gölü hövzəsindən üzəri qarla örtülü hündür dağlara qədər müşahidə olunmaqdadır. Ölkəmizdə alpinizm və dağ trekinqi (səmt təyinetmə yarışması) həvəskarları, eyni zamanda xizək idmanı ilə məşğul olanlar üçün çox gözəl yerlər var. Mən tez-tez Türkiyəyə gəlirəm və İstanbulu, onun iqlimini çox sevirəm. Sakit, isti dəniz küləyi insanı sakitləşdirir. Düşünürəm ki, bu qeyri-adilik hər bir ölkənin öz təbiətinin gözəlliyindən irəli gəlir. Qırğızıstanın İssık-Kul vilayətində göldən əsən duzlu külək tiroid (qalxanabənzər vəzi xəstəliyi) və astma xəstəlikləri üçün müalicəvi xüsusiyyətlərə malikdir. Ölkəmizdə təbiət heyranlıqlarından biri də məşhur Son-Kul gölüdür. Bu gölün suyunun rənginin gündə bir neçə dəfə dəyişməsi insanı heyran edir: gah mavi, gah tünd qırmızı, gah da tünd yaşıla çevrilir. 
   - Maraqlıdır, bəs mədəni irs və ənənələrinizi turizm vasitəsilə turistlərə necə təqdim edə bilirsiniz?
   - Bunu müxtəlif yollarla edirik. Xüsusilə də yay aylarında Qırğızıstanda Batken, Narın, Çuy və İssık-Kul vilayətlərində yurd-şəhərciklər salınır. Onların çoxu asan açılıb-yığılır və bizim dildə “boz uy” adlandırılır. Çoxunda hostel xidməti göstərilir və gecələmək üçün o qədər də baha deyil. Təklif edilən bu turizm növündə hətta kumısla müalicə kurslarına da getmək olar. Mən öz doğma təbiətimizin gözəlliyi ilə fəxr edə bilərəm. Allaha minnətdaram ki, bunu qiymətləndirmək üçün mənə imkan verib. Qırğızıstan ekoloji baxımdan təmizdir və müalicəvi təbiətə malikdir. Təmiz havası, ətirli otları, şəffaf buzlaqları, milli içkimiz olan kumıs... Bu cənnət təbiət gündəlik həyatımızda bizə enerji verir. Elə zəhmətsevərliyimiz də təmiz ekologiya, təbii məhsullarımızın olmasından irəli gəlir. 
   - Şirkət olaraq qarşıda hansı planlarınız var? Azərbaycanla bu sahədə əlaqələr barədə düşünürsüzmü?
   - Turizmlə bağlı çoxlu layihələrimiz var. Məqsədim ölkəmizin turizm imkanlarını təbliğ etmək, daha çox turisti ölkəmizə gətirməkdir. Bizim ekoloji baxımdan təmiz məkanlarımız ilin dörd fəslində istirahət üçün əlverişlidir. Məsələn, yaz və yay aylarında kumısla müalicə və İssık-Kulun yumşaq duzları enerji verir və immuniteti möhkəmləndirən ənənəvi metodlarımızı həyata keçiririk. Orqanizmin həm xaricdən, həm də daxildən təmizlənməsi prosesi baş verir ki, bu da dəri hüceyrələrinin yenilənməsinə gətirib çıxarır. Bu yenilənməni hətta sifətdə də müşahidə etmək mümkündür. Payızda isə biz turistlərə ovçuluq turizmi təklif edə bilərik. Bura balıqçılıq, atçılıq da daxildir. Yüksək dağlıq yerlərdə istirahət isə insanın nəfəs sistemini normallaşdırır və qan dövranının düzgün tənzimlənməsinə yardım edir. Qışda dağ xizəkçilik bazasının tərkibində qış alpinizmi fəaliyyətə başlayır. Dağ havası və təmiz bulaq suları yalnız yaxşı enerji verir. Əsəb sistemi və gərginlik dərhal qaydasına düşür və azalır. Düzünü deyim ki, bütün bunlar o qədər təsir imkanlarına malikdir ki, hətta mən onları sözlə ifadə də edə bilmirəm. Sadəcə görmək və sınamaq lazımdır.
   Azərbaycanla əməkdaşlığa gəlincə, biz Türkiyə və Azərbaycana infotur təşkil etmək istəyirik. Bildiyim qədər, bu ölkələrdə turistlərə gözəl xidmət var və uzun əsrlərdən bəri tarixi və mədəni abidələr qorunub saxlanılır. Qırğızıstanlı turistlərə də bunu tanıtmaq istəyirik. 
   - Sizin həm də uşaq və yaşlılarla bağlı da xeyriyyə layihəniz var... 
   - Mən 10 ildən çox QHT sahəsində, 8 ildən çox isə Qızıl Aypara Cəmiyyətində çalışmışam. Əldə etdiyim bu təcrübə ilə valideyn himayəsindən məhrum olmuş uşaqların və tənha yaşlıların problemlərinin həllinə kömək etmək istəyirəm. Bir qədər əvvəl “Mənim arzum” adlı inşa müsabiqəsi keçirdim və uşaqlardan aldığım 180 inşanı oxuduqda ağladım. Uşaqların çoxu Disneylendi görmək və səyahət etmək istədiklərini yazırdılar. Belə bir istirahəti təşkil etmək üçün aksiya başlatdım. 12 nəfər əlaçı şagirdi bu səfərə aparmaq istəyirəm. Təəssüf ki, iki il ərzində zəruri vəsaitin 20 faizini toplaya bilmişəm. Ümid edirəm ki, tezliklə bu uşaqların arzusunu reallaşdıracaq sponsor tapa biləcəm. Və onlar da böyüdükdə həyatlarının bu anını böyük sevgi ilə xatırlayacaqlar. 
   
   Mehparə Sultanova
   Ankara