“Ən böyük problemlərdən biri tarixin elmi tədqiqatlardan uzaq, süni şəkildə dərinləşdirilməsinə edilən cəhdlərdir. Tarixi bu yolla dərinləşdirmək yerinə obyektiv araşdırmalar aparmaq gərəkdir”
Ən mürəkkəb tarixi-siyasi dövrlərdə də bir millətin öz varlığını sürdürməsi üçün tarix şüuru çox vacib amildir. Bu, tarixşünaslıq elminin məşğul olduğu vacib məsələlərdən biridir. Günümüzdə bu sahədə vəziyyət necədir? Ümumiyyətlə, tarix şüuru necə meydana gəlir, tarix necə yazılır, tarixşünaslıq hara gedir? Türkiyədə yaşayan tarixçi soydaşımız, TOBB (Türkiyə Palata və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayılla söhbətimiz bu barədədir.
- Toğrul müəllim, sizcə, tarixşünaslıq elminin hazırkı durumunu necə dəyərləndirmək olar? 70 illik sovet ideoloji sistemindən qopan Azərbaycanda müstəqillik dövründə bu sahədə nə kimi irəliləyişlər, dəyişikliklər olub?
- Öncə bir məqamı təəssüflə demək istərdim ki, istər Türkiyə, istərsə də Azərbaycanda tarixşünaslıq ən az inkişaf etmiş elm sahələrindən biridir. Doğrudur, Azərbaycanda hələ sovet dövründə Tarix İnstitutu vardı, eləcə də Türkiyədə Atatürk dövründə qurulan Dil və Tarix Qurumu fəaliyyət göstərir. Hər iki qurum bu cür məsələlərin həlli üçün vacib funksiyalar daşıyır. Amma diqqət etdiyimiz zaman görürük ki, bu qurumlar belə tarixşünaslıqla bağlı çalışmalara az önəm verir. Tarixi qaynaqların da ciddi şəkildə analizi yetərli deyil. Azərbaycanda bunu anlamaq mümkündür. Uzun illər sovet sistemi, kommunist ideologiyası Azərbaycan tarixinin öyrənilməsində ciddi əngəllərdən biri olub. Bu mirasın indi davam etməsini isbatlayan detallar var: hələ də Azərbaycanda “türk”, “azəri”, “azərbaycanlı” kimi məsələlər üzərində kimlik müzakirələri gedir. Halbuki bu məsələ çoxdan həllini tapmış olmalı idi. Azərbaycanda yaşayan əhalinin böyük əksəriyyəti türkdür, eyni zamanda digər etnik qrup və topluluqlar var. Bununla birlikdə Azərbaycan tarixçiliyində ortaya iki təzad çıxır: bir yandan Azərbaycan tarixini oxuyuruq ki, bu da coğrafi tarixdir (məkan və ya dövlətin tarixi), o biri yandan da millətin tarixini. Yəni xalqın tarixi və dövlətin tarixi - bunlar ayrı-ayrı mövzulardır. Bunlarla bağlı təxəyyüldən uzaq, ciddi şəkildə tarixi araşdırmalar aparılmalıdır.
- Azərbaycan zaman-zaman torpaqlarını itirib, bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Azərbaycanın tarixi coğrafiyası haqqında məlumatlar bizim tarix kitablarımızda, dərsliklərimizdə nə dərəcədə obyektiv şəkildə əksini tapa bilir?
- Ən böyük problemlərdən biri son illər tarixin elmi tədqiqatlardan uzaq, süni şəkildə dərinləşdirilməsinə edilən cəhdlərlə bağlıdır. Bu sahədə bədnam qonşuların pis nümunəsindən uzaq durmalıyıq. Tarixi bu yolla dərinləşdirmək yerinə obyektiv araşdırmalar aparmaq lazımdır. Bundan çəkinmək də lazım deyil. Çünki ilk yazılı tarixlərdən etibarən türklərin tarixi bilinəndir. Tarix kitablarında qədim Azərbaycandan söz edirik, amma bu zaman çox vaxt sərhədi, coğrafiyası dəqiq bəlli olmayan məkandan bəhs edilir. Halbuki Azərbaycanın hara olduğu toponimlərdən bilinən bir məsələdir. Amma sərhədlərini tam bilmədiyimiz qədim tarixi məkandan başlayıb, ardınca 400 min kvadrat km ərazidən söz edib, sonra da 86 min kvadrat km ərazisi olan Azərbaycan Respublikası ilə tariximizi tamamlamağa çalışırıq. Doğrudur, Güney Azərbaycan məsələsi də diqqətdən kənarda qoyulmur. Amma bütün bunlar bir təzad yaradır. Ona görə də dediyim kimi, tarixçilikdə, tarixi araşdırmalarda əsas iki faktor var: ya siyasi tarix, ya da millətlərin tarixi. Bu gün Azərbaycan türklərinin tarixinin dünya türklüyündən kənarda oxunması imkansızdır. O zaman, məsələn, Zaqatala bölgəsindəki Sarı türgeşlər etnoniminin haradan gəldiyini bilə bilməzsiniz. Və ya dünya tarixindən qoparıldığı halda qədim tarixdə Tomris haqqında rəvayətin, massagetlərin, sakların kim olduğunu və yaxud Qafqaz Albaniyasında Sakasenanın haraya bağlı olduğunu bilə bilməzsiniz. Ona görə də, belə mücərrəd tarix yerinə konkret tarixi araşdırmalar lazımdır. Bunu edərkən də tarixin qədimliyini xüsusi hədəf seçmək lazım deyil. Yəni qədimlik, əslində, bir şeyi ifadə etmir. Əsas məsələ obyektivlik, tarixi faktlar üzərində çalışmaqdır. Qədimliyə baxsaq, ermənilər Cənubi Qafqaza gəlmədir. Amma indi burada bir dövlətləri var. İndi bu zəmində diskussiya açsaq, kimsə kimsəyə sübut edə bilməz ki, siz buraya gəlməsiz. Demək istədiyim odur ki, tarix artıq mövcud olan tarixdir və onun tarix kimi öyrənilməsi lazımdır.
- Sizcə, tariximizin düzgün araşdırılmasında, faktlara əsaslanmasında əngəl yaradan əsas səbəblər hansılardır?
- Bu, daha çox hələ Azərbaycanda tarix konseptinin tam oturuşmamasından irəli gəlir. Tarix İnstitutu bu istiqamətdə çalışır, ciddi dönüşlər var, amma yetərli deyil. Bu vəziyyətə, dediyim kimi, bir qədər sovet dövrünün mirası kimi də baxmaq olar. Çünki o dövrdə bizə sərbəst araşdırma aparılmağa icazə verilmirdi. Mən bunu öz sahəmdən deyə bilərəm. Məsələn, Ermənistanda, Gürcüstanda tarixi coğrafiya ilə bağlı yüzlərlə kitab yazıldığı halda bizdə bu kitablar barmaqla sayılacaq qədər idi. İndi kitablar yazılır, araşdırmalar var, amma uzunmüddətli bir ənənənin olmaması yetərli tarixi bilgilərə enməyə imkan vermir. Bunun üçün zamana ehtiyac var. Dövlət də buna dəstək verməlidir. Tarix elmin elə bir sahəsidir ki, o, gəlir gətirmir, bəlkə də heç zaman gəlir gətirməyəcək. Amma bir millətin milli varlığını sürdürməsi üçün tarix şüuru, tarix bilinci çox vacibdir. Süni bir tarix şüuru bir milləti yarada bilməz. Bu zaman kimlik problemi ortaya çıxar.
- Milli kimlikdən söz düşmüşkən, sovetlərin xalqımıza uydurma kimlik kimi tətbiq etdiyi “azəri” kəlməsinin istifadəsi günümüzdə də davam etməkdədir. Xüsusilə, Türkiyədə tez-tez bu sözü eşidirik...
- Bu təhlükəli kəlmə deyil. Məsələn, əsrin əvvəllərində M.Ə.Rəsulzadə kimi digər yazarlar da “azəri” kəlməsini işlədiblər. Amma məsələnin bir neçə əsas məqamlarına toxunmaq istəyirəm: bu gün XXI əsrdir. Birincisi, Azərbaycanın heç bir rəsmi sənədində “azəri” kəlməsi yoxdur. İdeoloji tərəfdən baxdıqda, 30-cu illərdən bizim türklük kimliyimizi unutdurmaq üçün “azərbaycanlı” termini ortaya atıldı. Bu, Azərbaycanda yaşayan digər etniklərə deyil, məhz yerli xalqa, türklərə şamil edildi. Əgər söhbət dövlət mənsubiyyətindən gedirsə, ölkədə yaşayan hər kəs azərbaycanlıdır. Uzağa getməyək, 20-30-cu illərin arxivlərinə baxsaq hər şey aydın olur və bizə “türk” deyilir. Azərbaycanlı olmaq Azərbaycanda yaşayan hər kəsin haqqıdır. Sovet dönəmində türklük kimliyini rədd etdikdən sonra Azərbaycanda yaşayanların türk olmayıb sonradan türkləşdiklərini söyləməyə başladılar: XI əsrdə oğuzlar gəldi, bu köçəri xalq Azərbaycan xalqını türkləşdirdi və s. Guya ölkəmizdə yaşayan əsasən İrandilli toplum - azərilər olub. Azər farsca od, azəri isə oda tapınanlara deyilir. Bir də müsəlman topluluğa azəri deyilməsi də yanlışdır. Bir sözlə, azərilik sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür. Bu da Azərbaycan türklərini dünya türklərindən qoparır. Doğrudur, bizim ərazimizdə oda sitayiş olub, Atəşgah var. Amma bu başqa bir məqamdır. Günümüzdə də “azəri” kəlməsinin işlədilməsi bizi kimliyimizdən uzaqlaşdırır. Bunun eyni formasını Orta Asiyada da gördük. Türküstan, türk kimliyi qoparılaraq və qövm kimlikləri ortaya çıxarılaraq özbəkistanlı, özbək, qazaxıstanlı, qazax və s. deyilir.
- Bir qədər də ümumi türk tarixinə nəzər salaq. Astanada fəaliyyət göstərən Türk Akademiyasında “Ortaq türk tarixi” kitabı hazırlanır və artıq XV əsrə qədər bölümü hazırdır. Bildirilir ki, tarixdəki mübahisəli məqamlar kitaba salınmayıb. XV əsrdən sonra türk dünyasında parçalanmalar olduğuna görə kitabın ondan sonrakı dövrü ortaq türk tarixi kimi deyil, başqa adla adlandırılacaq...
- Tarix obyektiv olmalıdır. Münaqişələr doğru yazılmalıdır, amma obyektiv nəticəsi də ortaya çıxarılmalıdır. XV-XVI əsrlərdə türk dövlətlərinin bir-biriləri ilə məzhəb, bölgəsəl, dövlətlərarası mübarizəsini bölgə maraqları üzərindən deyil, ümumi türk tarixi üzərindən yorumlasaq, doğru nəticə əldə etmiş oluruq. Məsələn, Teymurun Bəyazidə qalib gəlməsini obyektiv yazmaq lazımdır. Şah İsmayılla Sultan Yavuzun savaşını da ümumi türk tarixi nöqteyi-nəzərindən dəyərləndirdiyimiz zaman iki böyük gücün bir-biri ilə mücadiləsi kimi qiymətləndirmək, obyektiv yanaşmaq lazımdır. İki dövlət bir-biri ilə mübarizə aparır, güclü qalib gəlir. Osmanlı güclü olduğunu ortaya qoydu. Amma Səfəvi də ondan zəif deyildi. Bəlkə də bundan nəticə çıxararaq tarixin bizə bir istiqamət verməsi baxımından bunun özü də önəmlidir. Əgər o zaman hökmdarlar türk şüuru ilə hərəkət etsəydilər, tarix bugünkü nəsillərə də doğru ötürülsəydi, bu cür bölünmə olmazdı. Yaxud Çingiz xan dönəmini bir türk dövləti kimi dəyərləndirdiyimiz zaman görürük ki, düşmənlərə qarşı amansız, itaət edənlərə qarşı olduqca ədalətli, çağının modern görüşlərinə sahib, qəbul etdiyi qadağalara belə tabe olan böyük hökmdar çıxır qarşımıza. Bu qanunlar o çağın Avropasında hələ yox idi. O zaman Avropada hökmdarlar Allahın yerdəki kölgəsi sayılır, heç bir qanuna itaət etmirdilər. Tarixi qaynaqların bir qismini islam yazarlarından alırıq. Onlar da Çingiz xanı müsəlman olmadığı üçün daha çox tənqid edirlər. Və yaxud Çingiz xanın dünya hakimiyyəti qurmaq istədiyi üçün türk olmaması məsələsi üzərində dururlar. Önəmli onun qövmü deyil. Qurmaq istədiyi dövlətin və məfkurənin ortaya qoyduğu məqamlardır. Onun qurduğu dövlətin dağılması ilə ortaya çıxan bütün dövlətlər türk dövlətləri oldu. Dövlət dili uyğurca olub. Və ya götürək Atillanı. O, Avropanın dediyi kimi, barbar deyil, olduqca müdrik, ədalətli, tutduğu yerlərdə xalqlara çox gözəl davranan bir hökmdar olub. Yəni ədalətli davranmadıqca böyük ərazini idarə etmək mümkünsüzdür. Bütün bu kimi səhvlərə yol verməmək üçün tarixi daha yaxşı yazmaq və daha ciddi oxumaq lazımdır.
Mehparə Sultanova
Ankara