Xalq artisti Əvəz Abdullayevlə ölkəmiz və musiqi barədə söhbət
İstedadlı insanların sənətə gəlişi adətən iki cür olur. Erkən yaşda gələcək həyat prioritetlərini müəyyən edib daha çox istəklə sənətə gələnlər, ya da müəyyən sənət seçimi edib, sonradan yolunu dəyişərək, daha çox düşünərək sənətə gələnlər. Nə qədər qəribə olsa da, böyük uğur qazananların içində ikincilər daha çox olur. Deyəsən, birincilər istək üzündən bacarıqlarını ya həddən artıq dəyərləndirirlər, ya da uzun ömür boyu sənətdə qalmağa enerjiləri çatmır...
Bizim müsahibənin qəhrəmanı ikincilərdəndir. Böyük vokal istedadının mövcudluğundan, üstəlik, bizim coğrafi areal üçün nisbətən qıt olan bariton səsinin sənət sanbalından bir qədər gec xəbər tutan, 28 yaşında Bakı Musiqi Akademiyasını bitirən, 41 yaşınadək beynəlxalq müsabiqədə laureat adını qazanan, Azərbaycanın Xalq artisti fəxri adına layiq görülən, Avropanın opera səhnələrində çox arzulanan bir solist olmağı, ən başlıcası, dinləyiciləri ona diqqət kəsilərək qulaq asmağa “vadar etməyi” bacaran Əvəz Abdullayevdir.
Son illər Əvəz Abdullayev müqavilə ilə Almaniyada çalışır, Manheym Milli Opera Teatrının solistidir. Bakıda az-az çıxış etsə də, Əvəzin səsindəki dramatizm, səhnəni dolduran artistizm, səsi kimi salonun son cərgələrinədək yayılan xarizması operasevərlərin yadından çıxmır. Ötən teatr mövsümünün sonuna yaxın, mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilən C.Verdinin «Trubadur» operasını dinləyənlər bu fikirlə razılaşarlar. Əvəz Abdullayevin Qraf di Lunası, onun düşmənini qətlə yetirdiyindən və sevdiyi qadınla qarşıdakı xoşbəxtliyin xəyalından doğan məmnunluqla ifa etdiyi "ne per l'aura ancora, suona l'usato carme. In tempo io giungo!" ("Burda kimsə yoxdur: nə mahnı oxuyan var, nə də ibadət başlayıb") ariyası həmin axşam salonda olmuş tamaşaçıların qulaqlarında hələ uzun müddət sənət həzzinin əks-sədası kimi səslənəcək.
Belə bir təəssüratın altında, teatrda səhnə arxasında Əvəzlə söhbət edirik.
- İlk təhsilimi Milli Aviasiya Akademiyasında almışam. Aviasiya üzrə mühəndis-mexanik ixtisasına yiyələnmişdim. Əsgərlikdən gələndən sonra başqa sahəni seçdim. Hərçənd ki, akademiyada mükəmməl ali texniki təhsil almışdım. Özünüz bilirsiniz ki, o vaxt ölkədə vəziyyət indiki kimi deyildi, ixtisas üzrə iş tapmaq müşkül idi. Buna görə də tamam fərqli istiqamətə getdim. Düz beş il yapon mətbəxi üzrə aşpaz işlədim.
- Hətta?!.
- Hətta! Amma oxumağa həmişə bir hobbi kimi baxırdım. Eşidənlər isə başqa cür fikirləşirdilər. Axırda riskə gedib Bakı Musiqi Akademiyasına üz tutdum və birbaşa ikinci kursa (ikinci ali təhsil olduğu üçün) qəbul oldum. Kursu bitirən kimi də teatra dəvət etdilər. Sənət müəllimim - Gülcahan Güləhmədova-Martınovanın mənim vokalçı kimi yetişməyimdə əməyi böyükdür. Beləcə, üçüncü sənət cəhdində özümü tapdım. Amma mənə elə gəlir ki, aviasiya sahəsində təhsilin də, aşpazlıqda ustadımın öyrətdiklərinin bəhrəsini görürəm.
- Maraqlı seçimləriniz olub: əvvəlcə səma ilə bağlılıq, sonra insanın daxilinə, yəni mədəsinə eniş, ardınca da ruhun yüksəlişi - vokal!
- Siz deyəndə ağlıma gəldi ki, yəqin əvvəlki sənət seçimlərim mənim ruha, səsə gəlişim üçün imiş... Həyatda o qədər qəribəliklər var ki...
- Bir neçə ildir ki, sizin adınızı afişalarda seyrək görürük.
- Bilirsiniz, məncə, şansları dəyərləndirmək lazımdır. Doğma teatrda işlədiyim illərdə də Avropa teatrlarında dəvətlə çıxış edirdim. Bonn teatrına müqavilə ilə işləməyə çağırılanda da fikirləşdim ki, niyə də yox? Əgər dəvət edirlərsə, deməli, getməyə dəyər. Hazırda yenə də Almaniyadayam, Manheym teatrının solistiyəm. Yenə də dəvətlə müxtəlif teatrların tamaşalarında oxuyuram. Dünya səhnələrində hər çıxışımı Azərbaycan vokal məktəbinin təmsilçiliyi kimi qiymətləndirirəm. Qarşıdakı üç il üçün müqavilələr imzalamışam. Kazandan ta uzaq Santyaqoyadək çıxışlarım olacaq. Öz teatrımız üçün, Bakı tamaşaçısı üçün də darıxsam, iş cədvəlindəki sıxlıq üzündən iki ildir ki, doğmalarımla eyni səhnəni paylaşmırdım.
- Əvəz, nədənsə biz dünya miqyasında şöhrət qazanan məhz alman əsilli vokalçıları az tanıyırıq. Niyə?
- Ona görə ki, həqiqətən də, belə sənətkarların sayı azdır. Ümumiyyətlə, tarix boyu böyük simfonik əsərlərin yarandığı Almaniyada opera nisbətən zəif inkişaf edib. Teatrlarda əsas solistlərin sayına və milli tərkibinə nəzər salanda görürsən ki, əsas solistlərin bəlkə də doxsan faizi keçmiş SSRİ respublikalarından gələnlərdir. Bilirsiniz, alman vokal məktəbi daha çox kamera ifaçılığı üzərində qurulub, amma rus ifaçılıq məktəbindən qaynaqlanan müttəfiq respublikalarda isə vokal məktəbinin təməli və tələbləri, belə demək mümkünsə, dünya opera sənətinin standartlarına tam uyğundur.
- Deməli, belə çıxır ki, Almaniyada da repertuar yükü italyan operasının üzərindədir.
- Bəli. Amma bu gün Almaniyada, eləcə də digər Avropa ölkələrində başqa meyl var. Onlar XX-XXI əsrlərdə yaranan müasir opera əsərlərini tamaşaya qoymağa meyl edirlər. Mən çox istərdim ki, Firəngiz Əlizadənin «İntizar» operası hansısa Avropa dilinə tərcümə edilsin. Çünki bu gün Avropada məhz «İntizar» kimi səhnə əsərlərinə maraq böyükdür. Siyasətə toxunmaq istəməsəm də, deməliyəm. Avropada Şərq bəstəkarlıq məktəbi deyəndə daha çox bizim qonşuların adını çəkirlər. Bilirsiniz, adama necə toxunur? Axı, bizim bəstəkarlarımızın möhtəşəm səhnə əsərləri var. Sadəcə, bu sahədə məqsədyönlü iş görmək lazımdır. Əgər dünyaya inteqrasiya etmək istəyiriksə, hər yerdə sivilizasiyanın göstəricisi kimi qəbul edilən klassik musiqidən də istifadə etməliyik.
- Haqlısınız. Üstəlik, Avropada yaşayan sənətçi soydaşımız kimi mövcud vəziyyəti kənardan yox, daxildən qiymətləndirirsiniz. Bəs Avropada yaşayan bir azərbaycanlı üçün orada nə çatmır?
- Bakının səmimiyyəti, Azərbaycan mətbəxi, ən başlıcası, ailəm.
- Ailəniz Bakıdadır?
- Bəli. Övladlarım burada təhsil alırlar. Həm də mən Almaniyaya mühacirət etməmişəm, ora müqavilə ilə daha yaxşı şərtlərlə işləməyə getmişəm. Bir də gördünüz ki, vaxtım bitəndə qayıtdım, ya da səsim başqa bir ölkədən gəldi...
Gülcahan Mirməmməd