AMEA-nın Folklor İnstitutunda bir neçə il öncə yaradılan Güney Azərbaycan şöbəsi o taydakı folklorumuzun toplanmasında böyük işlər görür. Şöbə indiyədək Güney Azərbaycan folklorunu 6 cilddə toplayaraq çap edib.
Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova görülmüş işlərlə bağlı qəzetimizə danışır.
- Mətanət xanım, Güney Azərbaycan folklorunun başlıca ağırlığı aşıq sənətinin üzərinə düşür. Zəhmət olmasa, bu barədə bilgi verərdiniz.
- Güneydəki aşıq sənəti və ifaçılığı tarixi baxımdan böyük bir yol keçib. Aşıq Qurbani (XVI yüzil), Aşıq Abbas Tufarqanlı (XVII yüzil), Xəstə Qasım Tikmədaşlı (XVIII yüzil) və s. kimi ustad aşıqların yaratdığı dastanlar, el havaları bütün çağlarda aşıq ədəbiyyatı və dastançılığımızın yetkin forma və üslubda özülü olaraq qəbul edilib. Doğma dildə təhsilin olmaması, milli-mənəvi irsin təbliğ imkanlarının məhdudluğu və s. problemlər zaman baxımından Güneydə şifahi ədəbiyyatın, özəlliklə aşıq yaradıcılığının daha yetkin biçimdə inkişafına təkan verib.
Aşıq ədəbiyyatının Güney Azərbaycanda inkişaf qolları və təmayülləri yaranma yeri, çalğı alətləri, repertuarı, aşıq-ozan dərnəklərinin fəaliyyəti, hansı ustad aşıqların irsini, sənət yolunu davam etdirmələri baxımından müxtəlif aşıq mühitlərini əhatə edir. Əli Qafqasiyalı “İran türkləri aşıq mühitləri” adlı kitabında bu mühitlərin təsnifatını belə verib: Təbriz-Qaradağ, Urmiya, Sulduz-Qarapapaq, Zəncan, Qum-Savə, Xorasan-Türkmənistan və Qaşqay aşıq mühitləri.
Tarixən Təbriz-Qaradağ aşıq mühitinin əhatə etdiyi Şəbüstər, Təbriz, Sərab, Əhər və s. ərazilərdə Afşar, Ağqoyunlu, Xançobanlı, Qacar, Kəngərli, Muğanlı tayfaları, Xoy, Səlmas, Zeyvə, Ağbulaq yörəsinin qoşulduğu Urmiya aşıq mühitində Qarapapaq, Kəngərli, Ustaclı və s. türk boyları yaşayıblar. Qeyd edək ki, aşıqların ifasında bir çox havaların “Qaraçı”, “Ovşarı”, “Şahsevəni” kimi adlandırılması da bu baxımdan yerli tayfa adlarının aşıq sənətində qorunub saxlanılması özəlliyindən irəli gəlir.
- Güneydə bu gün aşıq sənətimiz necə qorunur?
- Güney aşıq sənəti özünün ustadları ilə dastançılığın qədim ənənələrini bu gün də qorumaqdadır. Dədə Qurbani (Dirili), Aşıq Abbas (Tufarqanlı), Miskinli Məhəmməd, Xəstə Qasım (Tikmədaşlı), Dollu Mustafa, Əziz Şəhnazi (Əhər), Hüseyn Cavan (Ütü kəndi), Çəngiz Mehdipur (Xudafərin), Hüseyn Sai (Təbriz) və s. yaradıcı aşıqların ifa etdikləri ayrı-ayrı dastan və müxtəlif aşıq havaları Güney dastançılığının zəngin qaynaqları sırasındadır. “Koroğlu”, “Şikari”, “Aşıq Ələsgər”, “Əsli və Kərəm”, “Qərib və Şahsənəm”, “Tahir və Zöhrə”, “Hüseyn Cavan”, “Tilim xan“, “Leyli və Məcnun”, “Abbas və Gülgəz”, “Dədə Qurbani”, “Məsum və Diləfruz”, “Aşıq Əli və Aşıq Rəfi”, “Əli şah” və s. dastanlar bu qəbildəndir. Qeyd olunan dastanlar müxtəlif tarixi hadisə, şəxsiyyətlərin həyatı, sevgi macəraları, aşıqlar haqqında dastan-rəvayətlər əsasında yaradılıb.
Müxtəlif şeir formaları (“Təcnis”, “Müxəmməs”, “Divani”), tarixi-əfsanəvi qəhrəmanların adları (“Koroğlu”, “Kərəmi”, “Cəlili”), bədii-poetik anlayışlar (“Gülabı”, “Sarıtel”) və s. ilə bağlı məlum aşıq havalarının Güney dastançılığında zəngin bir ənənəsi mövcuddur. Bununla yanaşı, “İran dübeytisi”, “Urmiya divanisi”, “Təbriz nisgili”, “Qaradağ gəraylısı”, “Təbriz dübeytisi”, “Qaradağ təcnisi”, “Zəncan şikəstəsi” və s. aşıq havalarının yaranması coğrafi baxımdan Güney Azərbaycanla bağlıdır.
- Bu günlərdə “Güney Azərbaycan folkloru” çoxcildliyinin VI cildi çapdan çıxıb...
- Güney aşıq mühitinin zəngin, təkrarsız dastançılıq ənənəsini nəzərə alaraq, “Güney Azərbaycan folkloru”nun növbəti cildini bütövlükdə dastanlar əsasında hazırlamışıq. Qeyd edim ki, “Güney Azərbaycan folkloru”nun iki cildində Güneyin müxtəlif folklor ənənələri sırasında Təbriz-Qaradağ aşıq mühiti, bu mühitin çalğı alətləri, xalq rəvayət və dastanları, aşıq havaları, çağdaş aşıqları haqqında ümumi bilgilər verilib, eləcə də konkret olaraq 8 aşıq rəvayəti və 9 dastan mətni qeyd olunub. Növbəti kitabda isə ayrıca olaraq Güney aşıqlarının repertuarından seçilən 12 dastan mətni və bir aşıq deyişməsi yer alıb: “Yusif və Züleyxa”, “Şirin ilə Fərhad”, “Yadigar və Gülabatın”, “Abbas və Gülgəz”, “Dililqar və Mahcamal”, “Zöhrə və Məhəmməd”, “Aşıq Əsəd və Səltənət”, “Sənan və tərsa balası”, “Cəhanəfruz və Cəmşid”, “Aşıq Leysan”, “Gərgərli Məhəmməd və Məhparə xanım”, “Tahir və Zöhrə”, “Aşıq Həsən Qəfarla Aşıq Əzizin bir macərası”. Əldə olunan dastan mətnləri əsasən aşıqların canlı ifalarından dinlənilərək yazıya alınıb. Aşığın dinləyici ilə birbaşa təması əsasında qeydə alınan bu dastan mətnlərində aşıq improvizasiyaları və söhbətləşmələr mətnlərdə olduğu kimi saxlanılıb.
“Abbas və Gülgəz” dastanı Təbrizin ustad aşıqlarından XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşamış Abbas Tufarqanlının həyat və yaradıcılığı üzərində qurulub. Dastan Qaradağlı Aşıq Həsən Qəffaridən dinlənərək Nəbi Azəroğlu tərəfindən yazıya alınıb. Bildirim ki, Azərbaycan folklorşünaslığında dastanın ümumilikdə üç versiyası - Azərbaycan-Türkiyə ədəbi mühitində qeydə alınan 9 variantdan ibarət əsas versiyası, iki variantlı “Şirvan” versiyası və bir variantda “Abbas” versiyası var. Güney dastançılığında isə “Abbas və Gülgəz”in 5 variantı qeyd edilir.
- Kitabdakı “Əsəd və Səltənət” dastanının müəllifi haqqında nə demək olar?
- “Əsəd və Səltənət” dastanı əhərli aşıqlardan olan Əziz Şəhnazinin repertuarından alınıb. Aşıq Əziz Şəhnazi 1929-cu ildə Gəncədə doğulub. Onun babası vaxtilə S.C.Pişəvərinin rəhbəri olduğu Azərbaycan Milli Hökumətinin çöküşündən sonra Gəncəyə köçüb, bir müddət burada yaşayıb. Əsl adı Əzizi Rəmiş olan aşığa sonradan xalq “Şəhnazi” təxəllüsünü verib. 1938-ci ildən aşığın ailəsi yenidən Güney Azərbaycana qayıdır və Əhər şəhərində yaşayır. Aşıq 1995-ci ildə Təbriz şəhərində vəfat edib.
Dastan poetikasına uyğun olaraq kitabda verilən nümunələrdə mətnlər müxtəlif aşıq havaları üzərində qurulub. Baş pərdədə olan aşıq havalarından “Qürbəti”, “Baş sarıtel”, “Yanıq Kərəmi”, açıq kökdə olan “Bayrami”, şah pərdə kökündə olan “Baş divani”, “Xan çobani”, “Kərəm köçdü”, “Şahsevəni”, “Qaraçı”, “Çoban bayatısı” və s. havalar dastanların yüksələn süjet xətti, dramatik səhnələrin təlqin etdiyi əhvali-ruhiyyə üzərində ifa olunur.
Dastan mətnləri yazıya alınarkən aşıq təhkiyəsindəki dialekt və şivə özəllikləri gözlənilib, mümkün dərəcədə bu dil faktlarının orijinallığına toxunulmayıb. Güney Azərbaycan dastan yaradıcılığının bilavasitə aşıq ifalarından dinlənilərək ayrıca folklor cildlərinə salınması gələcəkdə bu dastanların Güney variantlarının, fərqli versiyalarının toplanılması, bir araya gətirilməsi və tədqiqatlara cəlb olunması işinə marağı daha da artıracaq.
S.Qaliboğlu