Mədəniyyət və Turizm Nazirliyinin İş planına müvafiq olaraq kütləvi kitabxanaların iştirakı ilə təhsil müəssisələrində Azərbaycanın mədəniyyətini və turizm potensialını təbliğ edən sərgilər və maraqlı tədbirlər keçirilir.
   Fevralın 28-də Mədəniyyət və Turizm Nazirliyi və T.İsmayılov adına 6 saylı məktəb-liseyin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbin məzunu olmasının 40 illiyinə həsr edilmiş “Doğma Vətən” layihəsinin təntənəli açılış mərasimi keçirilib.
   “Doğma Vətən” layihəsinin əsas məqsədi məktəblilər arasında ölkəmizin müxtəlif guşələrini daha yaxından tanıtmaq, şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, turizm potensialını təbliğ etmək və məktəb-liseyin şagirdlərinin regionlarda fəaliyyət göstərən mədəniyyət obyektlərinə səfərini təşkil etməkdir. 
   Mərasimdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri vasitəsilə Masallı rayonunun mədəniyyəti, turizm potensialı, folkloru nümayiş olunub.
   Tədbir nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovanın giriş sözündən sonra “Masallı” videoçarxının nümayişi ilə başlanıb. 
   Sonra “Masallı” ansamblı, “Halay” folklor kollektivi çıxış edib, mahnı və rəqs nömrələri təqdim olunub.
   Məktəbin foyesində şagirdlər üçün Masallı rayon Mərkəzi kitabxanası tərəfindən kitab sərgisi təşkil edilib. Habelə rayonun dulusçuluq, əl işləri, ağac üzərində oyma, sandıq, rəsm əsərləri, həsir məmulatları nümayiş etdirilib, Masallı mətbəxinin ləziz təamları təqdim olunub. Məktəb-liseyin şagirdləri isə qonaqları mahnılarla salamlayıblar.
   Tədbirin sonunda məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova qonaqlara təşəkkürünü bildirib, incəsənət ustalarına məktəbin fəxri fərmanlarını təqdim edib. Masallı Regional Mədəniyyət və Turizm İdarəsi adından məktəb-liseyə Masallı rayonu ilə bağlı hədiyyələr bağışlanıb.