Təqdimat, musiqili nömrə, səhnəcik...
   
   Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Təhsil Nazirliyi və Fransanın ölkəmizdəki səfirliyinin iştirakı, “Total E&P Azerbaijan” şirkətinin dəstəyi, “Institut Français d’Azerbaidjan”ın tərəfdaşlığı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin ənənəvi “Mən fransız dilində danışıram” müsabiqəsi keçirilib.
   15-ci dəfə keçirilən müsabiqədə Bakı Oksford Məktəbi, “Evrika” liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi, 132-134 nömrəli Təhsil Kompleksi və 46 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Onlar üç mərhələ üzrə (təqdimat, musiqili nömrə, səhnəcik) yarışıblar. İştirakçıların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
   Nəticələrə əsasən, Bakı Avropa Liseyi birinci yerə layiq görülüb. Bakı Oksford Məktəbi və “Evrika” liseyi ikinci yeri, paytaxtdakı 46 nömrəli tam orta məktəb üçüncü yeri tutub.
   Qaliblərə hədiyyə və diplomlar təqdim edilib. Müsabiqədə iştirak edən bütün şagirdlərə sertifikatlar verilib.