“Russkaya premiya” Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin Təşkilat Komitəsi 2010-cu ilin yekunlarına əsasən mükafata iddiaçıların “uzun siyahısı”nı elan edib. Siyahıya dünyanın 12 ölkəsindən - Azərbaycan, Almaniya, İsrail, Qazaxıstan, Latviya, Niderland, Polşa, ABŞ, Ukrayna, Fransa, Ekvador və Estoniyadan olan 36 nəfər rusdilli yazıçı və şairin əsərləri daxil edilib.
   “İri nəsr” nominasiyasında Azərbaycandan “İki nəfər” romanının müəllifi Oksana Bulanova iddiaçılar arasındadır. İlin müsabiqəsində iştirak etmək üçün dünyanın 42 ölkəsinin yazıçı və şairlərindən cəmi 642 müraciət daxil olub. Müsabiqədə “Kiçik nəsr” nominasiyasında iştirak etmək üçün hekayə və povestlərdən ibarət 212 məcmuə, “İri nəsr” və “Poeziya” nominasiyalarında isə müvafiq surətdə 120 roman və 175 poetik məcmuə qeydiyyata alınıb.
   “Russkaya premiya” müsabiqəsinin “qısa siyahısı” martın ikinci yarısında elan ediləcək, müsabiqənin qalibləri isə aprelin axırlarında Moskvada keçiriləcək təltif mərasimində elan olunacaq.
   2005-ci ildə təsis edilmiş bu müsabiqənin məqsədi rusdilli yazıçıları dəstəkləməkdir. “Russkaya premiya” hər il “iri nəsr”, “kiçik nəsr” və “poeziya” nominasiyalarında təqdim edilir.