Görkəmli Danimarka yazıçısının xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur
   
   XIX əsrin görkəmli Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Kristian Andersen 1805-ci il aprelin 2-də Odense şəhərində, çəkməçi ailəsində doğulub. Gənc yaşlarından ədəbi əsərlər yazıb. İlk şeirləri 1826-1827-ci illərdə nəşr olunub. 
      
   Nəsr yaradıcılığına “Holmen kanalından Amager adasının Şərq burnuna qədər piyada səyahət” (1829) əsəri ilə başlayıb. “İmprovizator” (1835), “Yalnız skripka çalan” (1837) romanlarında xalq içərisindən çıxmış istedadlı adamların acınacaqlı taleyi təsvir edilib. “Mulat” (1840) pyesi irqi bərabərsizlik əleyhinə yönəlib.
   Lakin Andersenə dünya şöhrəti gətirən onun uşaqlar üçün yazdığı nağıllar olub. Ədibin “Uşaq nağılları” (1835-1837), “Yeni nağıllar” (1845-1848), “Rəvayətlər” (1852-1853) kitabları onu məşhurlaşdırıb.
   Andersenin demokratik, humanist dünyagörüşü nağıllarında daha dolğun əks olunub. Yazıçı “Çirkin ördək balası” nağılında əsl istedadın bütün maneələri dəf edərək, özünə yol açacağı fikrini irəli sürür, “Bülbül” əsərində həqiqi sənəti süni gözəlliyə qarşı qoyub. “Dəyanətli qalay əsgərcik”, “Qar kraliça” və s. nağıllarda sadə, yoxsul adamların mənəvi zənginliyindən danışılır. “Noxud üzərində yatan şahzadə qız”, “Donuzotaran” nağıllarında aristokratiya nümayəndələrinin xudpəsəndliyi, zövqsüzlüyü və şıltaqlığı təsvir olunur. Onun nağılları böyüklər üçün də ibrətamizdir. Andersen folklordan yaradıcılıqla istifadə edib. Dinamik süjet, danışıq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, incə yumor nağılların xarakterik xüsusiyyətidir.
   Yazıçının əsərləri bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.
   Danimarkanın nağıl şahzadəsi Hans Kristian Andersen 1875-ci il avqustun 4-də Kopenhagendə vəfat edib. Görkəmli yazıçı ölümündən sonra daha bir uzun ömür “yaşayır”. 1953-cü ildən etibarən uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə məşhur nağılçı Hans Kristian Andersenin doğum günü “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur.