“Hər şey hər yerdə və dərhal” 11 nominasiyada namizəddir
Xəbər verildiyi kimi, Amerika Kino Akademiyası 2023-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Rejissorlar Den Kvan və Daniel Şaynertin “Hər şey hər yerdə və dərhal” filmi “Oskar” mübarizəsində liderdir. Elmi-fantastik komediya ümumilikdə 11 nominasiya üzrə mükafata namizəddir.
“Ən yaxşı film” nominasiyasına iddialılar arasında Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Sara Pollinin “Qadınlar danışır”, Martin Makdonaxın “İnişerinin ölüm pərisi”, Baz Lurmanın “Elvis”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik” və Ruben Estlundun “Qəm üçbucağı” filmləri də yer alıb.
“Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda isə “Qərb cəbhəsində yenilik yoxdur” (rejissor Edvard Berger, Erix Maria Remarkın romanı əsasında), “Argentina, 1985” (Santyaqo Mitre), “Sakit adam” (Kolm Bayrid), “Yaxın” (Lukas Dont) və “İa” (Yerji Skolimovski) ekran əsərləri yarışacaq.
95-ci “Oskar” mükafatının qalibləri martın 13-də məlum olacaq.