Muzey Mərkəzinin qalereyasında sərgi

 

Sentyabrın 26-da Muzey Mərkəzinin qalereyasında “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” adlı sərgi açıldı. Sərgi Azərbaycan Rəssamlar İttifaqının (ARİ) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Qonaqları salamlayan ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov mərasimə qatılan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlunu millət vəkili və komitə sədri seçilməsi münasibətilə təbrik etdi.

Fərhad Xəlilov diqqətə çatdırdı ki, sərgi ARİ və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən “Xəzər” Biennalesi platformasının proqramını açır və uzunillik fasilədən sonra bərpa edilən biennale region üçün əhəmiyyətli bir mədəni hadisə olacaq. 28 sentyabr – 15 oktyabr tarixlərini əhatə edən biennale çərçivəsində sərgilər, dəyirmi masa və müzakirələr keçiriləcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirdi ki, zəngin rəssamlıq məktəbi ənənələrimiz sayəsində Qərbdə başlanan abstrakt rəssamlıq Azərbaycanda daha çevik təşəkkül taparaq inkişaf edib. Bu gün təşkil edilən sərgi gənc rəssamlar üçün də bir təkandır.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan rəssamlıq sənətinin dünyada tanınmasından, məşhur fırça ustalarımızın ölkəmizin mədəniyyətini bütün dünyada layiqincə təbliğ etmələrindən söz açdı.

Sərginin mövzusu barədə ətraflı danışan rəssam Elçin Şamilli dedi ki, XX-XXI əsrlər Azərbaycan müasir incəsənəti bir neçə aparıcı istiqamət üzrə təmsil olunur. İlk növbədə, bu, Tahir Salahov, Mikayıl Abdullayev və bir çox digər ustadların yaradıcılığında əksini tapan sosialist realizmidir. Digər mühüm istiqamət Tofiq Cavadov, Rasim Babayev və onların həmfikirlərinin əsərlərində özünü göstərən “Abşeron məktəbi”dir. Üçüncü istiqamət isə Qorxmaz Əfəndiyev, Əşrəf Murad, Cavad Mircavadov və digər nonkonformistlərin yaradıcılığında təcəssüm olunan avanqard (qeyri-rəsmi incəsənət) cərəyanıdır.

Bu istiqamətlər sənətşünaslar və ekspertlər tərəfindən geniş şəkildə öyrənilib və təhlil edilib: “Abstrakt sənət Azərbaycan xalqının genetik kodundadır. Buna misal olaraq xalçalarımızı göstərə bilərik. Bu gün isə bu janr özünü müasir yanaşmada büruzə verir. Müasir abstraksiya Azərbaycanda avanqard fenomeni olaraq qəbul olunsa da, onun kökləri ənənəvi mədəniyyətimizdə dərin izlər buraxıb – xüsusilə, qədim xalça sənətində abstrakt həndəsi elementlər və naxışlar öz əksini tapıb. Xalçaların, palazların və kilimlərin quruluşu abstrakt həndəsi fiqurlara əsaslanır ki, bu da Azərbaycan xalqının öz mədəniyyətində çoxdan abstrakt düşüncəni və abstrakt vizual formalar yaratma təcrübəsini daşıdığını sübut edir”.

Qeyd olundu ki, müasir Azərbaycan incəsənətinin əhəmiyyətli bir sahəsi olan müasir abstrakt incəsənət hələ də tam araşdırılmayıb. Bu sərgi yerli abstrakt incəsənətin təbliği və öyrənilməsinə töhfə verə bilər.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə həm yaşlı, həm də gənc nəsil rəssamların işləri nümayiş olunur.

Yaradıcılığı tamamilə abstraksiyaya həsr olunmuş rəssamlar Mir Nadir Zeynalov və Hüseyn Haqverdi ilə yanaşı, başqa üslublarda çalışan, lakin abstrakt incəsənət sahəsində eksperimentlər aparan Kamal Əhməd, Gennadi Brijatyuk və Ucal Haqverdiyev kimi sənətkarların işlərinə yer verilib.

Sərgidə rəssamlar Elçin Aslanov və Ramiz Aslanov tərəfindən yaradılan xalça formaları və ənənəvi miniatür sənətinin müasir interpretasiyasının sintezi də diqqət çəkir.

Qeyd edək ki, “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” sərgisi sentyabrın 30-da başa çatıb.

Lalə