Bakı Media Mərkəzinin istehsal etdiyi, rejissoru Fuad Quliyev olan “AZAL təhlükəsizlik qaydaları videosu” turizm filmi “Kann Korporativ Media və TV Mükafatları”nın (“Cannes Corporate Media and TV Awards”) final mərhələsində qaliblər sırasında yer alıb.
Film “Turizm xidmətləri” kateqoriyasında “Qızıl delfin” mükafatına (“Golden Dolphin Award”) layiq görülüb.
“Cannes Corporate Media and TV Awards” dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 40-dan çox ölkədən audiovizual əsərlər təqdim olunub.
“Azərbaycan Hava Yolları” QSC-nin sifarişi ilə çəkilən videofilm şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik və uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda nümayiş etdirilir. Film bundan əvvəl Yaponiya və ABŞ-də festivallarda mükafat qazanıb.
Bakı Media Mərkəzinin mütəxəssisi Fuad Quliyev çoxsaylı turizm və reklam filmlərinin rejissorudur. Rejissorun “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filmi də bu il tamaşaçılara təqdim edilib.