Şəfəq SAHİBLİ
Qolların qoynunda,
gözlərin əllərdə
kiçilmə, qadın,
kiçilmə, Ana!
Aç ürəyinin pərdəsini
görünsün o üzü.
Yandırsın görəni
ürəyinin közü.
kiçilmə, qadın,
kiçilmə, Ana!
Qurtarmaz nadanın sözü,
düşərsən yaman dillərə
kiməsə Ana.
kiməsə bacı,
bir kişinin qızı -
Nadan əydi,
sən əyilmə,
qadın qürurunu
tut ucalardan uca.
Yavanlıq elə
göynəyən mədənə,
kiçilmə-kiçilmişlərə.
kiçilmə, qadın,
kiçilmə, Ana!
Bəbəklərin, zülmlərin
zülməti.
Yarpaq-yarpaq
əllər uzanar.
al yanaqlara,
amma silməz,
görməz
içinə axan
göz yaşlarını.
kiçilmə, qadın,
kiçilmə, Ana!
kiçilmə, nadanlara,
özünü dananlara,
kiçilmə
ağlıkor gəzənlərə.
Oldun
Sənə baharım dedim,
Gülüm, güllərim soldu!
Sənə həyatım dedim,
Həyatım qüssə oldu.
Qoparma yaraları,
Harayıma dözməzsən.
Nə üçün öldüyümü,
Sən ki, unuda bilməzsən.
Tabutum göydə gedər,
Əllərin çatmaz ötər.
Sənin də ömrün bitər,
Mənim arxamca, gülüm!
Ömrümə tikan oldun,
Qəlbimə məkan oldun.
Diriykən hər günümə,
Kəfəni biçən oldun.
* * *
Diriykən
kəfənimi biçdin.
Günahsız
günahımı içdin.
Kimi kimdən
asıb keçdin.
Ölümümə sevinən
günün mübarək.
* * *
Düşmən əlimi,
Dost ürəyimi
Sıxır!
* * *
Yaşadığım illərə
söylə,
qayıtmaq olarmı!
Qayıtsam nə dəyişər
Səni unudum deyə,
yaşanmışları
unutmaq,
silmək olarmı.
Mən elə zirvədən -
yıxılmışam ki,
nə təbib!
nə loğman!
Tanrım belə
aciz qarşımda.
Qalsaydım əvvəlki
sədaqətimdə
o illərimdə.
O ilin
ölümünü belə
seçərdim.
Yalan
Səni sevdim
odda yandım.
olanları
nağıl sandım -
bu xətamı
çox gec qandım
sevgi yalan
sənmi yalan
Xatirəm -
ağ varaq kimi.
Mərdə sevgi,
bir həb kimi?!
namərddən də
soraq kimi.
Sevgi yalan,
sənmi yalan?!
Ömrümə -
bir ömür
yazdın.
Ağa qara
qatıb yazdın
gözlərimə -
alov çatdın
sevgi yalan,
sənmi yalan?!
Divara -
daşa qısqandım!
quruya -
yaşa qısqandım!
Demə ki -
boşa qısqandım!
Sənmi yalan,
gözmü yalan?!
* * *
Bir gün gələr
səni və sənli
xatirələri unuduram!
Səndə yaşadığımı,
sənlə yaşadığımı
unudaram!
Yorğun bir səs
içimdə
Səni səsləyəcək -
eşitməzsən.
Bir ovuc su kimi
içdin ömrümü.
Nə ağır -
zamansız sorğusuz -
ayrılıq.