Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) dəstəyi, “ELS prodakşn” prodüser mərkəzinin təşkilatçılığı ilə 5-8 aprel tarixlərində paytaxtımızda “Rusiya kinosu günləri” keçiriləcək.
RİMM-in mətbuat xidmətindən verilən məlumata görə, kino günlərinin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.
“Rusiya kinosu günləri” aprelin 5-də Nizami Kino Mərkəzində “On bir susqun kişi” filminin (rejissor Aleksey Pimanovun filmini teatr və kino aktyoru Pavel Kraynov təqdim edəcək) nümayişi ilə başlayacaq.
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Suvorov: böyük səyahət” filmi (rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək) göstəriləcək. Həmin gün rejissor Qleb Orlovun “Libereya: xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək.
Aprelin 7-də Bakıdakı Rus Evində (RİMM) Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və aktısa Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.
Kino günləri aprelin 8-də “1941. Berlin üzərində qanadlar” filminin nümayiş ilə başa çatacaq. Rejissor Konstantin Buslovun filmini teatr və kino artisti Andrey Xarenko təqdim edəcək.